Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-923/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi İddiaçı böyük icra məmuru X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-206/2018 saylı xx.xx.2018-ci il tarixli hökmü ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Xətai rayon icra və probasiya şöbəsinə həvalə edilmişdir. 10 yanvar 2020-ci il tarixdə Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Bayramov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək 01 ədəd mobil qurğu (Şans markalı, Komplekt İD: 1016 №-li), mobil qurğunun enerji toplayıcı kabeli, 01 ədəd sadə elektron qolbaq və 03 ədəd ev siqnal ötürücüsü iş üzrə cavabdeh olan Cavabdeh təhkim olunaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh 15 sentyabr 2020-ci il tarixdə Xətai rayon icra və probasiya şöbəsində olarkən ona təhkim olunmuş üzərində gəzdirdiyi elektron nəzarət vasitələrinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, məhkum tərəfindən mobil qurğunun konnektorunun enerji və taxılma hissəsindəki qoruyucu rezini kəsilmişdir. Bu barədə elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəy verilmişdir. 15 sentyabr 2020-ci il tarixdə məhkuma yeni elektron nəzarət vasitəsi təhkim olunmuş və bu barədə protokol tərtib edilmişdir. Belə olan halda, cavabdehin günahı ucbatından elektron mobil nəzarət qurğusu yararsız vəziyyətə düşmüş və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin təqdim etdiyi arayışda avadanlığın dəyəri 1346.03 manat təşkil edir. Cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh elektron mobil nəzarət qurğusunun dəyəri olan 1346.03 manat vəsaitin alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 206/2018 saylı, 23 noyabr 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, hökmün icrası Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, nəzarət subyekti Cavabdeh təhkim olunmuş mobil qurğunun konnektorunun enerjiyə taxılma hissəsindəki qoruyucu rezini kəsildiyindən yararsız hala düşmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin rəisi tərəfindən Probasiya Xidmətinin rəisinə ünvanlanmış məktubun surətindən görünür ki, mobil nəzarət qurğularının (xüsusi proqram təminatı ilə) qiyməti 1346.03 manat göstərilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. 15-2.2. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-206/2018 saylı, 23 noyabr 2018-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilmiş, onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Lakin cavabdeh tərəfindən ona təhkim olunmuş mobil qurğunun ekranı zərbə nəticəsində sınaraq yararsız hala düşmüş və bununla da cavabdeh tərəfindən 1346.03 manat məbləğində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən maddi zərərin vurulması mülki işdə olan sübutlarla öz təsdiqini tapdığından, 1346.03 manat pul vəsaiti cavadehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 1346.03 manat pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-923/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-923/2022
13.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver