Məhkəmə qərarları › İş №2(011)-9271/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-9271/2025

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9271/2025 05.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Levent Özdemirə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı ilə cavabdeh Levent Özdemir arasında işgüzar əməkdaşlıq münasibətləri mövcud olmuşdur. Belə ki, cavabdeh X4 Respublikasının vətəndaşı kimi özünü aqro kimya sahəsində ixtisaslaşmış mütəxəssis və innovativ gübrə texnologiyalarının müəllifi kimi təqdim etmişdir. Bu sahədə unikal kimyəvi formulalara və biliklərə sahib olduğunu iddia etmişdir.

2. Levent Özdemir, iddiaçıya müxtəlif kimyəvi tərkibli gübrələrin hazırlanması və istehsalı üçün zəruri olan formulaları və texnoloji bilikləri təqdim edəcəyi barədə konkret vədlər vermişdir. Bu məlumatların təqdim olunmasını təklif etmişdir. Tərəflər qeyd olunan məlumatların verilməsinin əvəzi olaraq 120 000 ABŞ dolları vəsaitin ödənilməsini razılaşdırmışlar. Cavabdeh iddiaçının etimadından sui-istifadə edərək, ona xüsusi, kommersiya baxımından dəyərli informasiyaları təqdim edəcəyi bəhanəsi ilə külli miqdarda pul vəsaiti 88 000 ABŞ dolları almışdır. Sözügedən məbləğin Levent Özdemirə təqdim olunması faktı tərəflər arasında xx.xx.2024-cü il tarixində imzalanmış akt ilə rəsmiləşdirilmişdir. Lakin vəsaitin təqdim olunmasından sonra Levent Özdemir öhdəliklərini yerinə yetirməmişdir. İstənilən formulaları və texniki məlumatları təqdim etməmişdir. Əksinə, bir müddət sonra ümumiyyətlə onunla əlaqə saxlamaq qeyri-mümkün olmuşdur. İddiaçı tərəfindən cavabdehlə dəfələrlə əlaqə saxlamaq, ona verilən vəsaitin geri qaytarılması və vədlərin yerinə yetirilməsi ilə bağlı tələblər irəli sürülmüşdür. X6 bu tələbləri cavab verməmişdir. Öz öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Bu hallar cavabdehin əvvəlcədən aldatma və etibardan sui-istifadə niyyəti ilə hərəkət etdiyini göstərir.

İddiaçının tələbi:

3. Cavabdeh Levent Özdemir tərəfindən ödəniş gününə Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq 88 000 ABŞ dolları məbləğində vəsaitin İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

4. Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

Tərəflərin izahatı:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 öz izahatında iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir.

7. X1 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, Levent Özdemir, iddiaçıya müxtəlif kimyəvi tərkibli gübrələrin hazırlanması və istehsalı üçün zəruri olan formulaları və texnoloji bilikləri təqdim edəcəyi barədə konkret vədlər vermiş, öhdəlik götürmüşdür. İstənilən formulaları və texniki məlumatları təqdim etməsi ilə bağlı məlumatım yoxdur. Pulu verən zaman orada olmuşdur. Təxmini yüz min və yüz əlli min manat aralığında pul vermişdir.

8. Şahid Kamilli Ramil Sabir oğlu məhkəmə iclasında öz izahatında bildirmişdir ki, İddiaçı ilə cavabdeh Levent Özdemir arasında əməkdaşlıq münasibətləri mövcud olmuşdur. Belə ki, cavabdeh X4 Respublikasının vətəndaşı kimi özünü aqro kimya sahəsində ixtisaslaşmış mütəxəssis kimi təqdim etmişdir. Cavabdeh iddiaçıdan külli miqdarda pul vəsaiti almışdır. Pul vəsaitinin dəqiq nə qədər olması ilə bağlı məlumatım yoxdur. Pulu verən zaman orada olmuşdur.

İş materiallarına əlavə edilmiş sənədlər:

9. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən, Azchemco MMC-nin (VÕEN **********) direktoru İddiaçı tərəfindən Levent Özdemir şəxsinə xx.xx.2023-28 000 USD (iyirmi səkkiz min ABŞ dolları), xx.xx.2023-40 000 USD (qırx min ABŞ dolları) Bundan əlavə, xx.xx.2024-20 000 USD (iyirmi min ABŞ dolları). Beləliklə, ilkin məbləğ 120 000 USD (bir yüz iyirmi ABŞ dolları) olmaqla, cəmi 88 000 USD (səksən səkkiz min ABŞ dolları) Levent Özdemir şəxsinə təhvil verilib, həmin məbləğdən qalıq 32 000 USD (otuz iki min ABŞ dolları) təşkil edir.

10. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

242. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.

13.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

Məhkəmənin mövqeyi:

14. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

16. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

17. Məhkəmə araşırması zamanı məlum olmuşdur ki, tərəflər arasında razılıq əldə olunmuş, bir tərəf (iddiaçı) digər tərəfə (cavabdehə) pul ödəməyi öhdəsinə götürmüş, dogər tərəf isə əvəzində müəyyən xidmətlər göstərməyi vəd etmişdir. Mülki işin hllarından görünür ki, tərələr arasında əvəzli, konsensual müqavilə bağlanmışdır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Müqavilə azadlığı və mülki dövriyyə iştirakçılarının sərbəst iradə ifadəsi prinsipinə uyğun olaraq mülki qanunvericilik imkan verir ki, tərəflər Mülki Məcəllədə sadalanan öhdəliklərin icrası ilə bağlı istənilən formada müqavilə bağlaya bilərlər.

18. Məhkəmə araşdırması zamanı tərəflər arasında etibarlı müqavilə münasibətlərinin yarandığı müəyyən edilmiş, müqavilənin etibarsızlığı halları aşkarlanmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik münasibətlərinə qanunun analogiyasına uyğun olaraq borc müqaviləsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

19. Məhkəmə hesab edir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh Levent Özdemir borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2).

20. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Levent Özdemirdən 88 000 (səksən səkkiz min) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəmə qərarı qəbul edilən günə olan rəsmi məzənnəsi ilə hesablanmış 149,600 (yüz qırx doqquz min altı yüz manat) manat ekvivalentin) məbləğində vəsait tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 440 (dörd yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdeh Levent Özdemirdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh Levent Özdemirdən 88 000 (səksən səkkiz min) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəmə qərarı qəbul edilən günə olan rəsmi məzənnəsi ilə hesablanmış 149,600 (yüz qırx doqquz min altı yüz manat) manat ekvivalentin) məbləğində vəsait tutularaq İddiaçı ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 440 (dörd yüz qırx) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar