Məhkəmə qərarları › İş №2(011)-98/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-98/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-98/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24000 manat və 21200 ABŞ dollarının bu günə olan manatın məzənnəsi ilə alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh iddiaçının keçmiş kürəkənidir, cavabdehlə iddiaçının qızı arasında nikah münasibətlərinə 2024-cü ildə məhkəmə qətnaməsi əsasında xitam verilmişdir, bundan əvvəl isə iddiaçı Cavabdeh Sədərək ticarət mərkəzində mağaza almaq üçün 5000 manat pul vermiş, o da mağaza almayaraq pulu iddiaçıya qaytarmış, bununla da özünə güvən qazanmışdır. Sonradan yenidən gəlib 24 kv.m. mağaza almaq üçün iddiaçıdan 8000 manat pul almış, iddiaçı pulu nə qədər geri istəsə də, cavabdeh pulu qaytarmadı, cavabdeh iddiaçının yanına gəlib demişdir ki, “2012ci ildə saxta sertifikat verdiyim üçün məni həbs edirlər, 4000 pul lazımdır”. İddiaçı cavabdehin tutulmaması üçün 4000 manat vermişdir, daha sonra bir neçə aydan sonra yenə gəlib demişdir ki, “2013-cü ildə saxta sertifikat vermişəm, 4000 manat lazımdır”. İddiaçı yenə ona 4000 manat vermişdir. Yenidən ona yaxınlaşıb demişdir ki, “Veysəloğlu firması ilə danışmışam, Türkiyədən su alıb gətirəcəyəm, bizneslə məşğul olacağam, sənə olan borclarımı da qaytaracağam”. İddiaçı yaxın rəfiqəsindən 15500 ABŞ dolları, bacısından 5700 ABŞ dolları alaraq cavabdehə vermişdir. Cavabdeh iddiaçını Melisa park yaşayış kompleksinə, Qara Qarayevdə olan tikintiyə aparıb orada təzə ev almaq istədiyini bildirmişdir, Əhmədli fillialından 8000 manat iddiaçının adına pul götürmüşdür, iddiaçı ondan pulun harda olduğunu soruşduqda cavabdeh pulun kartda olduğunu bildirmişdir. Götürülən pulun 2000 manatını qaytardı, qalan pulu qaytarmadığı üçün bank məhkəməyə müraciət etdi, məhkəmə qərarı ilə 6000 manat iddiaçının pensiyasından tutdular. Bundan əlavə, iddiaçı 20 qramlıq şəbəkə bilərziyini qızı X3 taxmağa vermişdir, cavabdeh arvadının və iddiaçının verdiyi qızılları oğurlayıb lombarda qoyubdur. İddiaçının bacısı qızı ona 5000 manat verib dollar etməyini xahiş etmişdir, cavabdeh o pulu da dollar etmək adıyla aparmış, həmin puldan 3000 manat qaytarmış, 2000 manatı qaytarmamış, 2000 manatı iddiaçı ödəməli olub. Bu işlərin olmasına səbəb nəvələrinin atası olduğu üçün verirdi ki, ailəsində problem olmasın, özünü maddi tərəfdən düzəldib yaşasınlar, amma görünən budur ki, bu insan yalançı və dələduzdur. Sonda Vəkil iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edərək, əlavə olaraq bildirmişdir ki, məhkəməyə təqdim olunan əlyazma cavabdehə məxsusdur, həmin əlyazmada onun iddiaçıya borcunu təsdiq edən sübutlar vardır, həmçinin təqdim edilən flash kartda olan danışıqlar da cavabdehə məxsusdur və onun tərəfindən səsləndirilmişdir. Burada da onun iddiaçıya müxtəlif vaxtlarda borc almasına və qaytarmamasına dair danışıqlar vardır ki, bu da cavabdehin iddiaçıya toplam 24000 manat və 21200 ABŞ dolları borcu olduğunu təsdiq edir. Sonda G.Abdulla iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onun iddiaçı ilə arasında hər hansı bir məbləğdə və miqdarda pul və ya başqa şəkildə ödəniş öhdəliyi mövcud deyildir. O, şəxsən iddia ərizəsində qeyd etdiyi məbləğdə iddiaçıdan borc pul almamışdır və ya ona heç bir vaxt qeyd etdiyi məbləğdə pul vəsaitini borca verməmişdir. Ümumiyyətlə aralarında borcla bağlı hər hansı bir qaydada öhdəlik və ya müqavilə mövcud deyildir. Məhkəməyə guya sübut kimi təqdim edilən votsap yazışmalarında telefonla çəkilən əlyazma ona məxsus deyil, onun xətti ilə yazılmamışdır, düzdür, telefonun ekranında yuxarıda qeyd olunan telefon nömrəsi ona məxsusdur, lakin bu məzmunda yazışma olmamışdır, bəlkə də iddiaçı fotoşopdan istifadə edərək bunu onun əlyazması kimi təqdim etmişdir, bunun yoxlanması üçün xəttşünaslıq ekspertizasının keçirilməsini tələb edir, həmçinin flash kartda olan səs yazıları ilə bağlı qeyd edir ki, həmin səslər ona məxsusdur, lakin burada da onun iddiaçıya borcunu təsdiq edən heç bir dəlil-sübut yoxdur. Bu halların hər biri iddiaçının iddia tələbinin qanunsuz və əsassız olduğunu ortaya qoymaqla onun iddia tələbinin rədd olunması üçün əsasdır. Odur ki, hazırki iddia tələbi hec bir rəsmi sübuta söykənmədiyindən, əsassız və qanunsuz olduğundan rədd olunmalıdır. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh, xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında xx.xx.1971-ci il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirdi ki, İddiaçı ilə 40 ildən artıqdır ki, yaxın rəfiqədirlər, 2022-ci ilin may ayında Zəhra ondan 15500 ABŞ dolları məbləğində borc pul istəmişdir, həmin pulu kürərəkəni Cavabdeh üçün istədiyini bildirmişdir, pulun Raminə nə üçün lazım olduğunu bilməmişdir, o da işin təfərrüatlarına varmadan həmin məbləğdə pulu heç bir borc müqaviləsi və ya yazılı razılaşma olmadan iddiaçıya vermişdir. Daha sonra 2024-cü ildə cavabdehlə iddiaçının qızı boşanmışlar, Zəhradan ona verdiyi pulu geri istəmişdir, o da Ramin pulu geri qaytarmadığına görə pulu verə bilmədiyini əsas gətirmişdir, əvvəldən razılaşıblar ki, Ramin pulu qaytaranda Zəhra da ona qaytaracaq, pulu şəxsən Zəhraya, onun evinə gedərək vermişdir, bu zaman yanlarında heç kim olmamışdır, pulu verərkən onlar tək olmuşlar, Ramindən pulun qaytarılmasını tələb etməmişdir, onu görməmişdir, pulun Ramin üçün lazım olduğunu Zəhradan eşitmişdir, pulun qaytarılması ilə bağlı dəfələrlə Zəhraya müraciət edib, axırıncı dəfə iki həftə əvvəl pulu istəyib, pulu Raminin yoldaşı Güneldən də istəyib, o da deyib ki, Ramin götürüb vermir, Zəhradan istəyəndə Güneldən də istəyib, Günel ilə Raminin ailə münasibətlərinin dağılmasına səbəb də elə bu pul söhbətləri olub, Ramin çox adamdan pul alıb qaytarmayıb. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında xx.xx.1965-ci il təvəllüdlü X1 şahid qismində ifadə verərək bildirdi ki, iddiaçı onun bacısıdır, 2022-ci ildə, cavabdehin hələ iddiaçının kürəkəni olduğu və onun qızı Günel ilə rəsmi ailə münasibətlərində olduğu dövrdə bacısı ondan 5700 ABŞ dolları borc pul istəmişdir, həmin pulu Raminə verəcəyini, ona təcili pul lazım olduğunu bildirmişdir, o da bacısına etiraz edə bilməmişdir və həmin məbləğdə pul vəsaitini ona vermişdir, pulu şəxsən əlbəəl bacısına vermişdir, bu zaman onların yanında heç kim olmamışdır, pulu verərkən tərəflər arasında heç bir sənəd olmamışdır, hesab etmişdir ki, pulu bacısı özü istəyir, kürəkənə vermək üçün, o da bacısından keçməyərək pulu vermişdir. İş materiallarındakı watsapp yazışmalarında (tel: **********) olan əl yazısı ilə icra olunmuş vərəqədə “1) Eliş-15500$-600$=14900$x1,70=25330AZN; 2) Reyhan- 4700$+1060$=5760$x1,70=9792AZN-315AZN-260AZN=9217AZN; 3) Zəhra- 1300$+16450 AZN=2210+16450=18660AZN+pensiya= 4) Günel-5000+1250=6250; 58207AZN 5) Ulya-4200AZN; 6) Hikmət-1900AZN” əks olunmuşdur. İş materiallarına əlavə edilmiş fləş kartda olan səslər dinlənilmiş və onun məzmunu qeyd edilmişdir: “Hikməti dəqiq bilir, Ülviyyəni özüm soruşaram 4200 olmalıdır, sən şeyi soruşarsan Ülüş də dəqiq bilinir mamandan soruşarsan görürdün orda pensiya yazmışam gör nə qədərdi onu deyərsən. Yazılı göndər, sözlə yox yazılı göndər burda belə. Pensiyasını soruş. Nə qədər çıxıb pensiyasından yazılı göndər mənə. Burda həm də yazılı qalsın. Ülüşü bilirəm, Hikməti bilirəm, Ülviyyəni bilirəm, səni də bilirəm, mamanı da bilirəm, prosto mamada bir dənə pensiya qalıb, onu da bir dənə yazılı şəkildə bura göndər ki, bilim nə qədərdir. Bir də Reyhandan soruşarsan odu yoxsa yox. Sənə indi bir dənə şəkil göndərəcəm, mən yazmışdım, məndə var idi. Bir dənə onlara bax soruş gör elə elədisə mən uje yavaş yavaş başlayacam sənə pul verməyə, borcları yavaş-yavaş başla verməyə. Çəkmişəm şəklini göndərəcəm sənə bir dənə bax gör. Ülviyyə ilə axrıncı dəfə danışanda, Ülviyyə demişdi ki, 3800 manat banka pul ödəmişəm, demişdi ki, 1 ayım qalıb qurtarmağıma o da 400 manat eləyirdi. Mən də soruşdum 4200-lə bağlanır dedi ki, hə. İndi mən Ülviyyədən soruşaram, axrıncı dəfə soruşanda əvvəlki borc deyil elə axrıncı borcdu. Axırıncı dəfə danışanda, Ülviyyə demişdi ki, bankın bağlanmağına 1 ay qalıb onda da borc 3700 idi ya 3800 idi. Sonra dedi ki, 1 ay qalıb axrıncı ayı da bağlayacam, 4200 olacaq onunla da qurtarır. Demişdim hə yaxşı. Özü ilə də danışın soruşub, dəqiqləşdirəcəm, o ki qaldı boşdu boş deyil, doludu dolu deyil. Onu özün görəcəksən elə doludu ya boş. Bu səs yazmalarının hamısını saxlamışam. Sonra sənə hamısını bir-bir oxutduracam, göndərəcəm deyəcəm ala qulaq as gör, bu boş idi, dolu idi, yoxsa nə idi. Səndə orda kartda 1500 idi sən hamısını vermədin mənə 1250 verdin, mən 1250 çıxartdım. İndi ola bilsin ödəməmişik faiz gəlib üstünə 1650 olub 400 manat əlavədən ödəniş eləmisiz, eyni yox mən 400 manat elədən ödəniş eləyərəm 1650 olar. Mən kağızda onu düzəldərəm 1650 eləyərəm, 1650 ödəyərəm sənə. Bax bu da mənim Ülviyyə ilə axrıncı yazışmamızdı iyul ayının 1-nə yazışmışıq. Ülviyyə yazıb ki, soruşmuşam ondan yazın ki, 3510 manat mənə borcun var 700 manat da banka. Mən də sual vermişəm ki, 700 manatla bank bağlanır, o da yazıb ki, hə. 3510-un da üstünə 700 gələndə 4210 eləyir. Mənim Ülviyyəyə 4210 manat borcum var. İndi mən onu da Ülviyyə ilə dəqiqləşdirəcəm. bu da Ülviyyə ilə axrıncı yazışmamızdı. İyul ayının 1-də yazışmışıq, saxlamışam”. İş materiallarından görünür ki, məhkəmə xətşünaslıq və məhkəmə fonoskopik ekspertizası təyin olunmuş, xx.xx.2024, xx.xx.2024, xx.xx.2025-ci il tarixdə ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddia tələbi cavabdehdən 24000 manat və 21200 ABŞ dolları məbləğində pul vəsaitinin alınması barədədir, cavabdeh iddia tələbini qəbul etmir və iddiaçı ilə aralarında hər hansı bir borc münasibətinin olmadığını qeyd edir. Bununla belə, cavabdehin iddia tələbi ilə bağlı hər hansı öhdəliyinin mövcudluğuna dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Qeyd olunmalıdır ki, öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi MM-in müddəalarında müəyyən edilmişdir. Öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür. Öhdəliklərin ən geniş yayılmış forması isə müqavilə öhdəlikləridir. Qanun müəyyən edir ki, müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Lakin tərəflər arasında borc verilməsinə dair hər hansı müqavilə bağlanmamış, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qanun isə tələb edir ki, borclu yalnız üzərinə götürdüyü öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddiaçının tələb etdiyi borc məbləği ilə bağlı tərəflər arasında hər hansı bir əqdin (müqavilənin) olmadığı və cavabdehin iddia tələbini qəbul etmədiyi bir vəziyyətdə, iddiaçı, cavabdehin onun qarşısında öhdəliyinin olması, o cümlədən iddiaçının cavabdehə pul verməsi və onun cavabdeh tərəfindən qəbul edilməsi, pul vəsaitinin məbləği, bu vəsaitin məhz borc kimi verilməsi, müddəti, şərtləri və s. əhəmiyyətli hallara dair sübutetmə vəzifəsi daşıyır. Lakin iş materriallarından da göründüyü kimi, iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir. Məhkəmə, iddiaçı tərəfindən dəvət edilmiş şahidlərin ifadələrinə münasibətdə qeyd edir ki, onlar iddiaçıya müəyyən məbləğlərinin pul vermələrini bildirsələr də, həmin vəsaitin iddiaçı tərəfindən məhz cavabdehə verilməsini və cavabdehin iddiaçıdan və ya onlardan hər hansı pul vəsaitlərini qəbul etməsini təsdiq etməmişlər. Məhkəmə, iddiaçının təqdim etdiyi “watsapp yazışmalarındakı əlyazmaları”na münasibətdə qeyd edir ki, əvvəla, əlyazmalarda cavabdehin iddiaçıya hər hansı borcunun olması, yazıların kimin adından qeyd edilməsi öz əksini tapmamışdır, ikincisi, cavabdeh həmin əlyazmanın ona məxsus olmasını və onun tərəfindən göndərilməsini təsdiq etməmiş, iddiaçı isə əlyazma şəklinin məhz cavabdeh tərəfindən göndərilməsini sübuta yetirə bilməmiş, qeyd olunan yazışmaların aparıldığı ilkin mənbəni (telefonu) məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddiaçının təqdim etdiyi “flash kartdakı səs yazıları”na münasibətdə qeyd edir ki, cavabdeh həmin səs yazılarının ona məxsus olmasını təsdiq etsə də, həmin səs yazılarından cavabdehin iddiaçıya borcunun olması və ya hansı məbləğdə borcunun olması, tələb edilən borc məbləğinin etiraf edilməsi halları müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh 24000 manat və 21200 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən, elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Həmin Məcəllənin 104.3-cü maddəsinə əsasən, alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Cavabdeh 24000 manat və 21200 ABŞ dollarının bu günə olan manatın məzənnəsi ilə alınıb ona ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar