Məhkəmə qərarları › İş №2(011)-998/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-998/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-998/2021 15.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi K.X1 iştirakı ilə Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 1225,98 manat, müqavilənin bitmə tarixinə hesablanmış faiz borcu üzrə 169,86 manat, cərimə borcu üzrə 1291,58 manat, müqavilənin bitdiyi tarixdən 20.05.2019cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 201,62 manat borc, ümumilikdə 2889,04 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi K.X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1716/15 nömrəli 04.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 25 faizlə 12 ay müddətinə 2000 manat kredit verilmişdir. Cavabdeh tərəfindən qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı nə qədər səy göstərsə də, cavabdeh öz öhdəliyini bugünədək yerinə yetirməmişdir. 1716/15 nömrəli 04.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 1225,98 manat, faiz borcu üzrə 169,86 manat müqavilənin bitdiyi tarixdən 20.05.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla borc 201,62 manat, cərimə borcu üzrə 1291,58 manat, cəmi 2889,04 manat kredit borcu mövcuddur. Sonda Ü.E.K.Səfərli iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 10.03.2021-ci il tarixdə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək və ərizəsinə uyğun izahat verərək iddia tələbini qismən qəbul etdiyini, 1225,98 manat əsas borc, 169,86 manat faiz borcu və illik 5 % olmaqla 201,62 manat borc və 30 manat dövlət rüsumunu ödəməyə hazır olduğunu, iddia tələbini qalan hissədə qəbul etmədiyini bildirdiı. Sonda cavabdeh N. Bünyadov qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04.02.2015-ci il tarixli 1716/15 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə borcalan Cavabdeh ilə "xxxx" ASC arasında illik 25 faiz olmaqla 12 ay müddətinə 2000 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş 21.05.2019-cu il tarixli **********287 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 04.02.2015-ci il tarixli 1716/15 kredit müqaviləsi üzrə əsas borc 1225,98 manat, müqavilə müddətinin sonuna hesablanmış və tələb olunan faiz 169,86 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan illik 5% borc 201,62 manat və müqavilənin tələbləri əasında yaranmış ümumi borc 2889,04 manat təşkil edir. İş materiallaından görünür ki, 22.05.2018-ci ildə İddiaçı ASC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilməklə ondan kredit müqaviləsinə əsasən olan borcun 5 iş günü ərzində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 02.10.2018-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında 12 ay müddətinə 2000 manat məbləğində kredit verilməsini nəzərdə tutan 04.02.2015-ci il tarixli 1716/15 saylı kredit müqaviləsi bağlanmışdır, bu müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-dən kredit məbləğini qəbul edərək götürmüşdür, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və onun banka borcu qalmışdır, bu barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, əsas, faiz və gecikdirilmiş vaxt üçün illik beş faiz borc məbləğini iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Cavabdeh də iddia tələbini bu hissədə qəbul edir. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 100 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cüil tarixli Qərarına əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04.02.2015-ci il tarixli 1716/15 saylı kredit müqaviləsi əsasında cavabdehdən 1225,98 manat əsas borc, 169,86 manat faiz borcu, 100 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən 20.05.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 201,62 manat borc, ümumilikdə 1697,46 manat məbləğində borc tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, dövlət rüsumu kimi ödənilmiş 30 manat Cavabdeh aid edilməli, ondan 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1225,98 əsas borc, 169,86 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən 20.05.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 201,62 manat borc və 100 manat cərimə borcu olmaqla cəmi 1697(min altı yüz doxsan yeddi) manat 46 (qırx altı) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğfə pul vəsaiti alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar