Məhkəmə qərarları › İş №2(012)-1012/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1012/2023

30.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1012/2023 30.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması və pulun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması və pulun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus məişət və yataq əşyalarının özü və ya dəyəri olan 6450 manat, pensiya kartlarından çıxarıb cavabdehə verdiyi 35000 manat, poçt vasitəsilə göndərdiyi 870 manat, xx.xx.2020-ci il tarixdə cavabdehə verdiyi 350 manat, xx.xx.2020-ci il tarixdə verdiyi 250 manat, 2020-ci ilin avqust ayında verdiyi 150 manat, ona məxsus pul vəsaiti ilə ticarətlə məşğul olub əldə etdiyi 3000 manat olmaqla, ümumilikdə, cəmi 39620 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2015-ci ilin sentyabr ayında rəsmi nikaha daxil olmuş və birgə nikahlarından uşaqları yoxdur. Cavabdeh ilə iddiaçı nikaha daxil olduqdan sonra cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evə köçmüş və həmin evdə bir yerdə yaşamışlar. Sonradan aralarında narazılıq olduğuna görə iddiaçı 2016-cı ildə nikahın pozulmasına dair Abşeron rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 267 sayla qeyd edilmişdir. Aralarında olan nikah pozulsa da tərəflər faktiki olaraq 2020-ci ilin yanvar ayına qədər birlikdə yaşamışlar. Tərəflər ailə qurarkən cavabdehə cehiz əşyaları hədiyyə edilməmişdir. Sonradan, iddiaçı öz şəxsi vəsaiti hesabına müxtəlif məişət və yataq əşyaları almış, həmin əşyalar iddiaçıya məxsus olmuş və özünə məxsus evə yerləşdirmişdir. Sonradan, əvvəlki nikahından olan övladları ilə iddiaçı arasında narazılıq olduğuna görə tərəflər Qobustan rayonunda kirayə ev tutub orada yaşamaq qərarına gəlmişlər. Bundan sonra, iddiaçı Qobustan rayonunda kirayə ev tutmuş və aldığı məişət və yataq əşyalarını evindən çıxararaq həmin evə aparmışdır. Tərəflər narazılıq olduğuna görə ayrılmış və cavabdeh qızının Qobustan rayonunda yerləşən evinə getmişdir. Cavabdeh iddiaçının öz evinə aldığı, Qobustan rayonunda kirayədə yaşadıqları evə yığdığı əşyaları da qızının evinə aparmışdır. Həmin əşyalar aşağıdakılardır: 500 manat dəyərində olan divan-kreslo, 200 manat dəyərində olan paltar dolabı, 400 manat dəyərində olan soyuducu, 600 manat dəyərində olan hər ay kreditini ödədiyi kondisioner, 300 manat dəyərində olan televizor, 150 manat dəyərində olan Dvd, 100 manat dəyərində olan çarpayı, 100 manat dəyərində olan ev əşyaları, 200 manat dəyərində 2 gözlü İran istehsalı olan elektrik plitəsi, 1600 manat dəyərində olan 40 ədəd qazan dəsti, 50 manat dəyərində İran istehsalı olan qaz plitəsi, 200 manat dəyərində olan ipək parçalar, 750 manat dəyərində olan 15 ədəd servis gül qabları, 800 manat dəyərində olan paltaryuyan maşın, 120 manat dəyərində olan 1 ədəd mobil telefon, 380 manat dəyərində olan 1 ədəd mobil telefon. Həmçinin, iddiaçı hər ay oğlunun şəhid pulu kimi 300 manat, özünün pensiyası kimi 370 manat olmaqla, cəmi 670 manat pul alır. Cavabdehlə birgə yaşadıqları 2015- 2020-ci illər ərzində cavabdeh hər ay həmin pulu kartlardan çıxaran zaman iddiaçıdan almışdır. Bu illər ərzində iddiaçı 35000 manatdan çox pul ödəmişdir. Cavabdeh həmin pulları alaraq xərcləmiş və geri qaytarmamışdır. Bundan başqa, iddiaçı 2020-ci ilin apreliyul aylarında poçt vasitəsilə cavabdehə müxtəlif məbləğlərdə, həmin müddətdə ümumilikdə, 870 manat pul göndərmişdir. Lakin cavabdeh həmin məbləği qaytarmaqdan imtina etmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə cavabdeh 350 manat borc pul alaraq iddiaçı ilə birlikdə İran İslam Respublikasına getmişdir. Orada cavabdeh satmaq üçün müxtəlif əşyalar alaraq gətirmiş və xx.xx.2020-ci il tarixdə ölkəyə qayıtmışlar. Həmin vaxt cavabdeh yenidən 250 manat borc istəmiş və dişini düzəltdirəcəyini bildirərək sonradan həmin pulu qaytaracağını vəd etmişdir. Bundan başqa, cavabdeh 2020-ci ilin avqust ayında 150 manat borc almış, lakin həmin pulu da qaytarmamışdır. Cavabdeh pullarla xırda ticarətlə məşğul olaraq təxminən, 3000 manat pul yığmış, həmin pulları verməli olsa da verməmiş və həmin pullarla Gürcüstandan “Opel” markalı avtomobil alaraq kürəkəninə vermişdir. Hesab edir ki, həmin pullar da qaytarılmalıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd olunmuş əşyaları o, zəhmət haqqı hesabına, pensiya pulu və şəhid övladının adına verilmiş pul vəsaiti hesabına almışdır. Sübut olaraq, qeyd edir ki, cavabdeh həmin əşyaları onun yanında almışdır. İddia ərizəsində qeyd etdiyi əşyaları cavabdeh özü ilə aparmışdır. Cavabdeh başqa şəxslə də nikaha daxil olmuşdur. O, avtomobili ilə hərəkət edərək cavabdehlə rastlaşmış, cavabdehi Qobustana ötürmüş, bu yolla cavabdehlə tanış olmuşdur. Beləliklə, ona da ailə lazım olduğundan cavabdehlə tanışlıqları yaranmışdır. Onun öz həyat yoldaşı 2014-cü ildə vəfat etmişdir. O, bu işlə bağlı dəfələrlə polis orqanlarına müraciət etmişdir. Cavabdeh polis idarəsinə çağırılmış, lakin heç bir nəticə olmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)-5382/2016 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində 544 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İ № 252676 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 267 nömrəsi ilə qeyd edilmişdir. -Yazılı qəbzdən görünür ki, İddiaçı Cavabdeh əvəzinə 600 manat pul vəsaitindən ilkin olaraq 50 manat ödəmiş, qalan məbləği hər ay 57 manat olmaqla 12 ay ərzində ödəməlidir. Belə ki, xx.xx.2018-ci il tarixdə 57 manat, xx.xx.2018-ci il tarixdə 57 manat, xx.xx.2018-ci il tarixdə 57 manat, xx.xx.2018-ci il tarixdə 55 manat, xx.xx.2018-ci il tarixdə 50 manat, xx.xx.2018-ci il tarixdə 50 manat, xx.xx.2019-cu il tarixdə 50 manat, xx.xx.2019cu il tarixdə 50 manat, xx.xx.2019-cu il tarixdə 50 manat, xx.xx.2019-cu il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 50 manat ödəniş etmişdir. -"xxxx" MMC-yə məxsus ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixdə 150 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 100 manat (iki dəfə), xx.xx.2020-ci il tarixdə 40 manat, xx.xx.2020ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 130 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat olmaqla, ümumilikdə, cəmi 870 manat pul vəsaiti göndərilmişdir. -Zəngilan rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi və məlumatı əsasında toplanmış material araşdırmanın davam etdirilərək müvafiq qərarın qəbul edilməsi üçün ərazi aidiyyəti üzrə Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Şöbəsinə göndərilmişdir. Qərardan daha sonra görünür ki, aparılmış təhqiqatla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində fərdi yaşayış evində Cavabdeh ilə keçmiş əri İddiaçı arasında yaranmış münaqişə zamanı Cavabdeh İddiaçı “səni baltalayaram” deyərək sonuncunu öldürməklə hədələmişdir. -Zəngilan rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material araşdırmanın davam etdirilərək müvafiq qərarın qəbul edilməsi üçün ərazi aidiyyəti üzrə Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Şöbəsinə göndərilmişdir. Qərardan daha sonra görünür ki, İddiaçı ərizə ilə müraciət edərək 2022-ci ilin dekabr ayında keçmiş arvadı Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən yeni yaşayış massivində boyun nahiyyəsindən xəsarət yetirdiyini bildirib qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. -xx.xx.2007-ci il tarixli 009627 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı və Cavabdeh Laçın rayonu Piçənis kəndində qeydiyyatdadır. -Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Abşeron rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1224 saylı və 1225 saylı arayışlardan görünür ki, Laçın rayonundan məcburi köçkün olan İddiaçı və Cavabdeh Abşeron rayonu Masazır qəsəbəsi 12 saylı evin 5 saylı mənzilində məskunlaşmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş və Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)-5382/2016 saylı qətnaməsi ilə tərəflərin nikah münasibətlərinə xitam verilmişdir. İddiaçı cavabdehlə birgə nikah dövründə cavabdeh tərəfindən cehiz əmlaklarının gətirilmədiyini iddia edərək öz vəsaiti hesabına alınmış və cavabdeh tərəfindən aparılmış məişət əşyalarının, həmçinin, cavabdehə verdiyi pul vəsaitlərinin məhkəmə qaydasında alınaraq ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehdən onun xeyrinə məişət əşyalarının alınmasını və pul vəsaitlərinin tutulmasını xahiş etsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Beləliklə, iddiaçı məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən, iddia tələbinin əsasını təşkil edən hallara və faktlara dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iddia tələbinin əsasını təşkil edən halları sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia tələbində sadaladığı cehiz əmlaklarının özünün və ya dəyərinin ona verilməsini xahiş etsə də, sözügedən əmlakları xarakterizə edən sübutları (foto, onların miqdarını, ödəniş qəbzi və sairə sənədləri) iddia ərizəsinə əlavə etməmişdir ki, mötəbər sübut olmadan məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxıb obyektiv qərar çıxarılması mümkün deyildir. Halbuki, Mülki Prosessual Məcəllənin 222.1. maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli № 4 nömrəli Qərarının 9.2. bəndinə əsasən, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsi”nə dair 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. İddiaçı iddia tələbində eyni zamanda, pensiya kartından çıxarıb cavabdehə verdiyi 35000 manat, xx.xx.2020-ci il tarixdə verdiyi 350 manat, xx.xx.2020-ci il tarixdə 250 manat, 2020-ci ilin avqust ayında 150 manat, ticarətlə məşğul olub əldə etdiyi 3000 manat pul vəsaitinin də tutulmasını xahiş etsə də, öz tələbinin əsası kimi istinad etdiyi həmin halları da sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, iddia tələbləri bu hissələrdə əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş poçt qəbzləri əsasında İddiaçı tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə ümumilikdə, cəmi 870 manat pul vəsaitinin göndərilməsi müəyyən olunsa da qeyd olunan pul vəsaitlərinin həqiqətən də, cavabdeh tərəfindən alınmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə işin araşdırılan hallarını təhlil edib, qanunun yuxarıda göstərilən normalarını əsas tutub hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması və pulun tutulması tələbinə dair iddia ərizəsi sübuta yetirilmədiyindən əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması və pulun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar