Məhkəmə qərarları › İş №2(012)-1017/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1017/2024

02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1017/2024 02.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2 İddiaçılar İddiaçı2 nümayəndəsi Nümayəndə və İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ümumilikdə 3800 manat və 58 manat dövlət rüsumu olmaqla, cəmi 3858 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 179.2.4, və 320.2-ci maddəsi ilə təqsirli bilinmiş, CM-nin 178.3.2-ci maddasi ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2022ci il tarixli qərarından məhkum X3 müdafiəçisi X6 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikasi Ali Məhkəməsinin Cinayət kollegiysinda 15 mart 2023 cü il tarixində baxılaraq kassasiya şikayəti qismən təmin edilmişdir. Belə ki, məhkum X3 əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4- cü maddələrinə tövsif edilmişdir. X1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 5 (beş) il azadlıqdan məhkum etmə cəzası təyin edilib Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən hazırki qərarla və Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.2, 1792.3, 179.2.4 və 320.1-ci maddələri ilə təyin edilmiş cəzaları qismən toplamaqla X4 qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmlə dəymiş maddi ziyanla bağlı məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edilmədiyindən cavabdeh şəxsə dəymiş maddi ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. 23 iyun 2020-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində aparılan bu cinayət işi üzrə istintaq qrupunun üzvü, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi, polis moyoru X5 tərəfindən işin materiallarını nəzərdən keçirərək İddiaçı1 və İddiaçı2 zərərçəkmiş şəxs qismində tanınmışlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, X7 özgənin əmlakını ələ keçirmək məqsədi ilə hökümdə adı çəkilən digər zərərçəkmiş şəxslərlə birgə (onlardan alınan məbləğlər cinayət işində göstərilib) İddiaçı1 və İddiaçı2 da etibarından sui-istifadə etmiş onlara xaricdə iş düzəldəcəyini vəd edərək, hərəsindən ayrı-ayrılıqda 1900 manat olmaqla, cəmi 3800 manat pulunu ələ keçirərək külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin hökmü ilə cavabdehin təqsiri sübuta yetirilərək barəsində ittiham hökmü çıxarılmışdır. Məhkəmənin hökmündən göründüyü kimi, cavabdehin qanuna zidd əməlləri nəticəsində bizə dəymiş zərər ayrı-ayrılqda 1900 manat olmaqla, cəmi 3800 manat alınaraq onlara ödənilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşlar. Daha sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı2 xeyrinə 1900 manat, İddiaçı1 xeyrinə 1900 manat, ümumilikdə 3800 manat pulun və ödənilmiş 58 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərbaycan Respubliaksının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023cü il tarixli, 1(102)-365/2023 saylı qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-118/2022 nömrəli Cavabdeh barəsindəki qərarı dəyişdirilmiş, məhkum Cavabdeh təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, hazırkı qərarla və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 179.2.2, 178.2.3, 179.2.4 və 320.1-ci maddələri ilə təyin edilmiş cəzaları qismən toplamaqla Cavabdeh qəti olaraq 8 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-118/2022 nömrəli qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmdən daha sonra görünür ki, Cavabdeh etibardan istifadə etməklə 2019-cu ilin fevral ayından 2020-ci ilin fevral ayınadək olan müdətdə yalan vədlərlə İddiaçı1 1900 manat, İddiaçı2 isə 1900 manat pulunu qabaqcadan əlbir olduğunu şəxsiyyətiləri istintaqa araşdırılan qeyriləri ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirib dələduzluq etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, özünü xarici ölkələrə yaşamaq, turistik və işləmək məqsədi ilə səfər etmək istəyən ayrıayrı şəxslərin həmin ölkələrdə yüksək məvacibli işlə təmin edilmələri, qarşılanmaları, yerləşdirilmələri, səfər etmək üçün xarici dövlətlərin səfirliklərindən müvafiq vizaların rəsmiləşdirilməsi işlərini müvəffəqiyyətlə icra edə biləcəyinə dair fikir formalaşdırmaq üçün bir çox vətəndaşlardan, eləcə də, İddiaçı2 və İddiaçı1 onları xaricdə işə düzəldəcəyi vədi ilə onların hər birindən 1900 manat məblğində pul almış, lakin vədinə əməl etməyərək aldatma və etibardan sui-istifadə edilməsi yolu ilə sonunculara qarşı dələduzluq etmişdir. Cavabdehin təqsiri Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)- 1251/2021 saylı hökmü ilə sübuta yetirilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 179.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməliləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respubliaksının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-365/2023 saylı qərarına əsasən, 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-1251/2021 saylı hökmünə əsasən, həmin cinayət işi üzrə zərərçəkmiş şəxslər qismində çıxış edən, hazırki iş üzrə isə iddiaçılar olan İddiaçı2 və İddiaçı1 mülki iddiaçılar qismində tanınaraq onlara mülki iddia icraatı qaydasında tələb etmək hüququ izah edilmişdir. Hazırda, iddiaçılar İddiaçı2 və İddiaçı1 həmin hökm əsasında təsdiqlənmiş borc olaraq hər birinə 1900 manat olmaqla, ümumilikə 3800 manat pul vəsaitinin məhkəmə qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 68-ci maddəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 180.2.-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Mülki iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-1251/2021 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 179.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsiri sübuta yetirilərək İddiaçı2 1900 manat və İddiaçı1 1900 manat borc pulunun qalması sübuta yetirildiyindən hazırki iş üzrə iddiaçıların mülki məhkəmə icraatı qaydasında məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin 82.4. maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə tərəflərin izahatını, mülki iş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-1251/2021 saylı hökmünü və qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, hökm əsasında İddiaçı2 və İddiaçı1 zərərçəkmiş şəxs qismində tanındıqlarından, hökmə əsasən cavabdehin iddiaçıların hər birinə qarşı 1900 manat məbləğində dələduzluq etməklə təqsiri sübuta yerilərək cəza təyin edildiyindən və bununla da iddiaçıların hər birinə 1900 manat maddi ziyan vurması öz təsdiqini tapdığından iddiaçıların iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı2 tərəfindən 58,6 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 58 manat dövlət rüsumu cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarına yuxarıda gəldiyi nəticələrə uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı hesab olunaraq təmin edilməli, Cavabdeh 1900 manat pul vəsaiti İddiaçı2 və 1900 manat pul vəsaiti İddiaçı1 xeyrinə tutulmalı, 58 manat dövlət rüsumu isə İddiaçı2 xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1900 (min doqquz yüz) manat pul vəsati İddiaçı1, 1900 (min doqquz yüz) manat pul vəsati isə İddiaçı2 xeyrinə tutulsun. İş üzrə ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar