Məhkəmə qərarları › İş №2(012)-1020/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1020/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1020/2021 17.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1200 manat borcun, vəkilə ödənilmiş 110 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçıdan (F/Ş:VÖEN 4********) 29.01.2019-cu il tarixində 182 saylı kredit müqaviləsinə əsasən 1370 manatlıq məişət avadanlıqı əldə etmişdir. Kredit müqaviləsi üzrə cavabdeh 170 manat ilkin ödəniş etmiş və 12 ay ərzinə hər ay üçün iddiaçıya 100 manat ödəməyi öz öhdəliyinə götürmüşdür. Həmin kredit müqaviləsi cavabdehlə aralarında işlədiyi məişət avadanlıqların satış mərkəzində bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürmüş öhdəliyi icra etməmiş, iddiaçı tərəfindən olunmuş borcunun ödənilməsinə dair müraciətləri cavabsız qoymuş və nəticədə 1200 manat borcu müəyyənləşmişdir. Odur ki, iddia tələbinin təmin olunması xahiş olunur. İddiaçı vəkili və nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 04.11.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Rəhimov X3 rayonu, Mehdiabad qəsəbə Ərazi Dairəsi, Mehdiabad qəsəbəsi, Məşədi Əzizbəyov küçəsi, ev 23 ünvanında qeydiyyatdadır. -İddiaçı ilə Cavabdeh arasında 29 yanvar 2019-cu il tarixdə bağlanmış 182 nömrəli “Kredit müqaviləsi”ndən görünür ki, kreditor borc alana kredit yolu ilə 1370 manat məbləğində məişət avadanlığı verir, borcalan isə 170 manat ilkin ödəniş etməkə qalan məbləği 12 ay müddətinə aylıq ödənişi 100 manat olmaqla kreditora ödəməyi öhdəsinə götürür. Borclu tərəfdən ödənişlər sözügedən müqavilənin bağlandığı ayın eyni günündə, sonradan gələn aylarda kreditora ödəyir. - 04 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubundan və poçt qəbzindən görünür ki, iddiaçı 29 yanvar 2019-cu il tarixli, 182 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehi 1200 manat məbləğində ödəniş öhdəliyinin olması barədə xəbərdar etmiş, həmin öhdəliyi 3 gün müddətində tam şəkildə icra etməyi təklif etmiş, əks təqdirdə aralarında bağlanmış müqavilə üzrə borcun tutulmasına dair tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. - 04 noyabr 2020-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu və vəkilin göstərdiyi yardıma görə 110 manat ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 29.01.2019-cu il tarixdə bağlanmış 182 saylı kredit müqaviləsinə əsasən cavabdeh 1370 manatlıq məişət avadanlığı əldə etmişdir. Kredit müqaviləsi üzrə cavabdeh 170 manat ilkin ödəniş etmiş və 12 ay ərzinə hər ay üçün iddiaçıya 100 manat ödəməyi öz öhdəliyinə götürmüşdür. Həmin kredit müqaviləsi cavabdehlə aralarında işlədiyi məişət avadanlıqların satış mərkəzində bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürmüş öhdəliyi icra etməmiş, iddiaçı tərəfindən borcunun ödənilməsinə dair müraciətləri cavabsız qoymuş və nəticədə 1200 manat borcu müəyyənləşmişdir.. İşin faktiki halları ilə müəyyən edilir ki, həmin kredit müqaviləsi əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; Qeyd edilənlərlə müəyyən edildi ki, tərəflər arasında olan 21 fevral 2019-cu il tarixli kredit (borc) müqaviləsi (əqd) yazılı (notarial) qaydada bağlanmış, həmin müqavilə (əqd) müqavilə tərəfləri sayılan İddiaçı və Cavabdeh özləri tərəfindən imzalanmış və tərəflər müqavilənin şərtlərinə uyğun olaraq öhdəliklər götürmüşlər. Müqavilədə borclu tərəfdən ödənişlər sözügedən müqavilənin bağlandığı ayın eyni günündə, sonradan gələn aylarda kreditora ödəməsi barədə öhdəliyini pozmuş və ödəniş etmədiyi üçün kreditorun borcalana tələbetmə hüququ yaranmışdır. Bu isə müqavilə şərtlərinə uyğundur və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Bununla da, məhkəmə iclasında müəyyən olundu ki, 29.01.2019-cu il tarixli 182 saylı kredit müqaviləsi əsasında Cavabdeh İddiaçı 1370 manatlıq məişət avadanlıqğı almış, tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında kredit müqaviləsi mövcud olmuşdur, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır, bu zaman iddia müddəti ötürülməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdehin qanunla müəyyən edilmiş qaydada və müddətdə həmin kredit müqaviləsini mübahisələndirməsinə dair sübut mövcud deyil, kredit müqaviləsi qüvvədədir, habelə cavabdeh məhkəmə iclasında iştirak etmək üçün gəlməmiş, iddia ərizəsinə dair etiraz və mülahizəsini təqdim etməmişdir. Ona görə də, iddia tələbi həmin hissədə əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı pozulmuş hüquqlarının bərpası üçün vəkilə müraciət etməli olmuş, iddia ərizəsinin tərtib edilməsi, müvafiq sənədlərin toplanması və məhkəmədə təmsil olunması üçün vəkil ilə hüquqi xidmət haqqında müqavilə bağlamış, göstərdiyi yardıma görə vəkilə pul ödəməli olmuşdur. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə tələb edilən 110 manat ağlabatan məbləğdir, həmin məbləğ müvafiq bank hesabına köçürülmüşdür, habelə iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Ona görə həmin pul vəsaitlərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 29.01.2019-cu il tarixli 182 saylı kredit müqaviləsi üzrə 1200 manat borc pul, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 110 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar