Məhkəmə qərarları › İş №2(012)-1029/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1029/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1029/2020 22.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı «X5 Limited» Şirkətinin Azərbaycandakı Filialının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı «X4» Şirkətinin Azərbaycandakı Filialının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X4» Şirkətinin Azərbaycandakı Filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12901 manat əsas borcun, 90 gün üçün gecikdirilmiş 5805 manat dəbbə pulunun və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 18736 manat pulun alınaraq iddiaçı «X4» Şirkətinin Azərbaycandakı Filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «X5 Limited» Şirkətinin Azərbaycandakı Filialının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq “X5 Limited” Şirkətinin Azərbaycandakı Filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlamış həmin müqaviləyə əsasən, Cavabdeh «X5 Limited» Şirkətinin Azərbaycandakı Filialına 12901 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2019-cu il tarixinədək tam olaraq “X5 Limited” Şirkətinin Azərbaycandakı filialına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmişdir və borc məbləği ödənilməmiş olaraq qalır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, o, iddiaçı «X5 Limited» Şirkətinin ona qarşı iddia tələbini qəbul etmir. Çünki iddiaçı şişirdilmiş bir məbləğ ilə məəhkəməyə müraciət etmişdir. Onsuz o, şirkətə olan pulu ödəməkdə çətinlik çəkir. Şirkət bunu başa düşmək əvəzinə omu 5805 manat dəbbə pulu ilə yüklü etmişdir. O, düşünür ki, məhkəmə dəbbə pulu hissəsini silərək, ana məbləği ödəmək üçün ona imkan yaratmalıdır. O, müvəqqəti çətinliyə düşmüşdür. Şirkətə olan borcundan boyun qaçırmır. Sadəcə müvəqqəti vaxt istəyir. O, hər həftə şirkətə minimum 100 manat məbləğində ödəniş etmişdir. Hazırki vəziyyətdə isə ödəniş edə bilmir. Artıq 1 ilə yaxındır ki, ödənişləri dayandırmışdır. Bununla bağlı Şirkətdən xahiş etmişdir ki, ona müvəqqəti vaxt versin və yaxud ödədiyi həftəlik pul məbləğini azaltsın. Lakin yenə də o, ödəməkdə çətinlik çəkmişdir. Ona görə ki, işi tamamilə dayanmışdır. Həm ailəsinə, həm də borcunu vaxtı-vaxtında ödəyə bilməmişdir. Buna görə də Şirkət hazırki iddia tələbi ilə onu məhkəməyə vermişdir. Qeyd olunanlara əsasən, iddiaçı «X4» Şirkətinin Azərbaycandakı Filialının ona qarşı pul tələbini qismən təmin edərək 5805 manat dəbbə pulunun silinməyini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, borclu Cavabdeh kreditor «X4» Şirkətinin Azərbaycandakı Filialına 12901 manat borcunun yarandığını tam etiraf etmişdir. Borclu Cavabdeh x xxx 12901 manat borcunu xx.xx.2019-u il tarixinədək, aylıq 6450,5 manat ödəməklə tam olaraq kreditora ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsaslanaraq hesab edir ki, cavabdeh tərəfindən rəsmi qaydada verilmiş xx xxxxxx 2019-cu il tarixli, borcun etirafı və ödəniş qaydası haqqında müqaviləyə əsasən borc cavabdeh tərəfindən etiraf edildiyindən və əsas borc məbləği mübahisə edilmədiyindən 12901 manat pul Cavabdeh alınaraq İddiaçı «X4» Şirkətinin Azərbaycandakı Filialına ödənilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, x xxxxxx 2019-cu il tarixli, borcun etirafı və ödəniş qaydası haqqında müqaviləyə əsasən, 90 gün üçün gecikdirilmiş 5805 manat məbləğində cərimə borcu cavabdehin onsuzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 200 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 12901 manat əsas borcu, 200 manat dəbbə pulu olmaqla, cəmi 13101 manat pulun və və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı «X4» Şirkətinin Azərbaycandakı Filialına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar