Məhkəmə qərarları › İş №2(012)-1051/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1051/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1051/2021 16.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı Əlisoltan qızının iştirakı ilə İddiaçı Əlisoltan qızının Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əlisoltan qızı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1000 (min) manat məbləğində pul vəsitinin (borcun) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Əlisoltan qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, cavabdeh taksi fəaliyyəti ilə məşğul olur. O da taksi fəaliyyətindən istifadə edərkən onunla tanış olmuşdur. Aralarındakı etibara əsaslanaraq cavabdehə əvvəlcə 300 manat məbləğində borc pul vermiş, sonra isə onun istəyi ilə 5 (beş) baş xırdabuynuzlu quzu gətizdirtmişdir. Cavabdeh ona borcunu ödəmədikdə evlərinə gedib pulunu istəmək məcburiyyətində qalmışdır. Bu zaman isə cavabdeh ona nalayiq söyüşlər söymüş, təhqir etmişdir. Bu səbəbdən o, 23.10.2020-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin X4nə müraciət etmişdir. Bununla bağlı 05.11,2020-ci il tarixli MN №0688360 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. 23.10.2020-ci il tarixli müraciəti əsasında Abşeron rayon Polis İdarəsinin X4ndə iş araşdırılarkən Cavabdeh iltizam verərək bildirmişdir ki, həqiqətən də ona 1000 (min) manat məbləğində pul borcludur və 500 (beş yüz) manat məbləğində pulu 09.11.2020-ci il tarixədək ona ödəyəcək, pulun qalan hissəsini isə 2 ay müddətinə ödəyəcəkdir, İakin həmin vaxtdan keçməsinə baxmayaraq, bu günədək cavabdeh pulu qaytarmaqdan yayınır. Artıq cavabehin niyyəti ona bəlli olduğundan, yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, göstərilənlərə əsasən məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, eləcə də, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 16.11.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən 26.12.2013-cü il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Səmədova X1 rayonu, Məmmədli kəndi, Ə.Əliyev küçəsi, ev 20, mənzil 10 ünvanında qeydiyyatdadır. -Abşeron rayon Pİ-nin X4 tərəfindən 12.11.2020-ci il tarixdə verilmiş məktubdan görünür ki, 23.10.2020-ci il tarixdə saat 20:55-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində mübahisə zəminində Cavabdeh İddiaçı Əlisoltan qızını nalayiq söyüşlər söyməklə AR İXM-nin 510-cu maddəsinin tələblərini pozduğuna görə 05.11.2020-ci il tarixdə Polis Bölməsində qərar qəbul edilərək, o, 50 (əlli) manat məbləğində cərimə edilmişdir. -05.11.2020-ci il tarixli MN № ******* nömrəli protokolun və 05.11.2020-ci il tarixli MN № ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh 23.10.2020-ci il tarixdə saat 20:55-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində AR İXM-nin 510-cu maddəsinin tələblərini pozduğuna görə 50 (əlli) manat məbləğində cərimə edilmişdir. -06.11.2020-ci il tarixli iltizamdan görünür ki, Mehdiabad qəsəbəsi, Nizami küçəsi, bina 1, mənzil 2-də yaşayan Cavabdeh İddiaçı Əlisoltan qızına 1000 (min) manat borc pulun 500 manatını 09.11.2020-ci il taraixdə verəcəyinə söz vermiş, qalan digər 500 manat pulu isə 2 ay müddətinə ödəyəcəyini öhdəsinə götürmüş, əks halda qanuna müvafiq qaydada məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı iddiaçının izahatından, eləcə də işin digər hallarından müəyyən olundu ki, İddiaçı Əlisoltan qızı Cavabdeh əvvəlcə 300 manat məbləğində borc pul vermiş, sonra isə onun istəyi ilə 5 (beş) baş xırdabuynuzlu quzu gətizdirtmişdir. Cavabdeh ona borcunu ödəmədikdə evlərinə gedib pulunu istəmək məcburiyyətində qalmışdır. Bu zaman isə cavabdeh ona nalayiq söyüşlər söymüş, təhqir etmişdir. Bu səbəbdən o, 23.10.2020-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin X4nə müraciət etmişdir. Bununla bağlı 05.11,2020-ci il tarixli MN №0688360 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. 23.10.2020-ci il tarixli müraciəti əsasında Abşeron rayon Polis İdarəsinin X4ndə iş araşdırılarkən Cavabdeh iltizam verərək bildirmişdir ki, həqiqətən də iddiaçıya 1000 (min) manat məbləğində pul borcludur və 500 (beş yüz) manat məbləğində pulu 09.11.2020-ci il tarixədək ona ödəyəcək, pulun qalan hissəsini isə 2 ay müddətinə ödəyəcəkdir, İakin həmin vaxtdan keçməsinə baxmayaraq, bu günədək cavabdeh pulu qaytarmaqdan yayınır. Hazırda İddiaçı Əlisoltan qızı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 1000 (min) manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulmaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyetklər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olnanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işğüzar yazışmalar və sair sənəd materialıdır. İddia ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri yaranmışdır. Belə ki, həmin borcun yaranmasına səbəb tərəflər arasında etibar əsasında iddiaçının cavabdehə verdiyi 300 manat nəğd pul vəsaiti, və 5 baş xırdabuynuzlu heyvan olmuşdur. Borc münasibətlərindən irəli gələn, Cavabdeh iddiaçıya 1000 manat borcunun olması, onun tərəfindən təqdim olunan 06.11.2020-ci il tarixli iltizamda öz əksini tapır. Eyni zamanda borcun qaytarılması ilə bağlı iddiaçının cavabdehlə münasibətlərinin pozulmasını təsdiq edən Abşeron rayon Pİ-nin X4 tərəfindən 12.11.2020ci il tarixdə verilmiş məktubda öz əksini tapmışdır. Ona görə də məhkəmə iddia tələbini əsaslı hesab edərək qeyd edir ki, iddiaçının izahatı və tədqiq olunmuş sənədlərlə sübut olunur ki, həqiqətən də cavabdehin iddiaçıya 1000 manat məbləğində borcu vardır və bu borc üçün cavabdeh iddiaçı qarşısında öhdəlik daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Eyni zamanda Məhkəmə qeyd edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılsa da məhkəmə iclasına gəlməmiş, qanunla özünü müdafiə etmək hüququndan istifadə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun tələblərinə uyğun olaraq iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən hallarını qiymətləndirərək və qanunun yuxarıda qeyd edilən göstərişlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 1000 (min) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 1030 (min otuz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 (min) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 1030 (min otuz) manat məbləğində pul vəsaiti İddiaçı Əlisoltan qızının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar