Məhkəmə qərarları › İş №2(012)-1053/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1053/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1053/2023 14.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15000 manat pul vəsaitinin və ödənilmiş 135 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı təxminən 5 il olar ki, Cavabdeh tanıyır. Belə ki, iddiaçı əvvəllər ünvan 1 ünvanda yaşamışdır. Həmin binanın 1-ci mərtəbəsində yerləşən gözəllik salonuna getdiyi vaxtlarda iddiaçı cavabdehi saç ustası kimi tanımış və onun müştərisi olmuşdur. Salonda olduğu zaman təxminən 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlləri cavabdeh təcili pula ehtiyacının olduğunu bildirmişdir. Cavabdeh qısa zaman ərzində qaytaracağı şərti ilə iddiaçıdan 15000 manat pul istəmişdir. İddiaçı da cavabdehin maddi vəziyyətinə görə sıxıntılarını nəzərə alaraq 2020-ci ilin əvvəllərində ona 15000 manat pul vermişdir. Cavabdeh pulu alarkən 4-5 ay müddətində borcu tam olaraq qaytaracağına söz vermiş, lakin həmin müddət keçdikdən sonra iddiaçı pulu qaytarmasını istəsə də cavabdeh müxtəlif bəhanələrlə vaxt istəmişdir. İddiaçı dəfələrlə cavabdehin iş yerinə getsə də, sonuncu hər dəfə gizlənmiş, telefon zənglərinə qəti cavab verməmişdir. Sonradan isə cavabdehin Ceyhun adlı oğlu iddiaçı ilə əlaqə saxlayaraq anasını narahat etməməyi xahiş etmişdir. Hətta Ceyhun pulu özü qısa zamanda iddiaçıya qaytaracağına söz vermişdir. Lakin Ceyhun da verdiyi vədinə əməl etməyib iddiaçını aldatmışdır. Sonuncu dəfə də 2021-ci ilin dekabr ayının ortalarında cavabdehin iş yerinə gəlib pulunu tələb etdikdə cavabdeh salonda olsa da gizlənib iddiaçının qarşısına çıxmamışdır. Həmin zaman salonda işləyənlərə iddiaçı cavabdehə pulunu qaytarmasını bildirmələri barədə xəbərdarlıq etmişdir. Salondan qayıtdıqdan sonra isə cavabdehin oğlu Ceyhun whatsapp vasitəsi ilə mesaj göndərərək iddiaçını ailəsi, oğlu ilə şantaj etmiş, hədələyici sözlərlə təhqir edib kriminal aləmdə məşhur olan şəxslərin fotoşəkillərini paylaşmış, borcu bir daha istədiyi halda başına oyun açacaqları ilə hədələmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə şikayət ünvanlanmışdır. Araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan da göründüyü kimi, Cavabdeh izahatında pulun 3050 manatını qaytardığını, 14090 manat borcunun qaldığını, bu səbəbdən də, aralarında narazılıq yarandığını, Sevdaya olan borcunu danmadığını və imkanı olanda borcunu hissə-hissə qaytaracağını bildirmişdir. Cavabdehin borclu olduğunu araşdırma zamanı oğlu Ceyhun Səlimov da təsdiqləmiş, hətta pulu ödəyəcəyinə söz vermişdir. Cavabdehin və onun oğlunun etirafedici ifadəsi bir daha təsdiqləyir ki, iddiaçıya 15000 manat borc vardır. Lakin cavabdeh məbləği azaldaraq guya 14090 manat borcu olduğunu bildirmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının və onun nümayəndəsi-vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaş İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Qərardan daha sonra görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, o, 3-4 ildir ki, İddiaçı tanıyır, sonuncu onun işlədiyi gözəllik salonuna gəldikdə tanış olmuşdur. Onun maddi sıxıntıları olduğu üçün yüksək faizlə pul borcu olmuşdur. Sevda bunu bilib ona aşağı faizlə pul verərək borclarını bağlamışdır. Sevdanın pulunu 1 il sonra qaytarmışdır. Bununla da aralarında rəfiqəlik münasibəti olmuşdur. Onun ailəsində olan sıxıntılara görə pula ehtiyacı olmuşdur. Sevda bunu bilib ona faizə pul götürə biləcəyini və ona verəcəyini söz vermişdir. O da buna etiraz etməmişdir. 2020-ci ilin əvvəllərində Sevda hissə-hissə olmaqla ona 18400 manat borca pul vermişdir. O həmin pulun 3050 manatını qaytarmışdır. Hal-hazırda, Sevdaya 14090 manat borcu qalmışdır. Sevda borc pulu ona verəndə pulun qaytarılması vaxtını dəqiq deməmişdir. Aralarında razılaşma olmuşdur ki, pulu hissə-hissə olmaqla imkanı daxilində qaytaracaqdır. Lakin məlum pandemiya vəziyyətinə görə işləri alınmamışdır. Bu səbəbdən, Sevdaya olan borcunu qaytara bilməmişdir. Buna görə aralarında narazılıq yaranmış və Sevda onun iş yerinə gəlib ünvanına xoşagəlməz sözlər dediyi üçün oğlu Ceyhun Sevda ilə əlaqə saxlayıb bu cür hərəkətlər etməməsini tələb etmişdir. Onlar Sevdanı hədələməmişlər. O, Sevdaya olan borcunu danmır, imkanı olanda borcunu hissə-hissə qaytaracaqdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 37, M12, 5 saylı mənzildə, Cavabdeh isə Abşeron rayonu Xırdalan şəhəri Əzizbəyov küçəsi 29 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar” ilə Cavabdeh etirafı əsasında iddiaçıya 3050 manat pul vəsaitini qaytarması və 14090 manat borcunun qalması öz təsdiqini tapmışdır. Cavabdeh borcu ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, borcun geri qaytarılmasını təmin etməmiş, bununla da, iddiaçının həmin borcu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində xx.xx.2021-ci il tarixdə yazılı izahatı etiraf kimi qəbul edilərək işin həqiqi hallarına uyğundur və tərəflərin hüquqlarını pozmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1. maddəsinə əsasən, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.

326. maddəsinə əsasən, birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Mülki iş materiallarından göründüyü kimi, 14090 manat borcunun olmasına dair cavabdehin yazılı izahatı onun iradə ifadəsi əsasında yazılmışdır. İddiaçı məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etsə də, cavabdeh ona qarşı iddia tələbinə dair öz hüquqlarının müdafiə etməsi üçün şərait yaradılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, hər hansı bir münasibət göstərməmişdir. Belə olan halda, cavabdeh iddianı etiraf etməsi münasibətini yaratmışdır. Lakin bununla belə, iddiaçı cavabdehin ona 15000 manat borcunun olmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyindən cavabdehin etirafı əsasında 14090 manat pul vəsaitinin tutulması hissəsində iddia tələbləri əsaslıdır, ona görə də qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh borca görə 14090 (on dörd min doxsan) manat və ödənilmiş dövlət rüsumuna görə 135 (yüz otuz beş) manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 14225 (on dörd min iki yüz iyirmi beş) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar