Məhkəmə qərarları › İş №2(012)-1075/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1075/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1075/2021 28.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması iddia tələbinə dair mülki işə 28 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı kredit borcunun qaytarılması iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 471.79 manat əsas borc, 70.77 manat cərimə borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun, 0,40 manat bank xidmət haqqının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs «X4» ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2652 manat dəyərində nisyə aldığı malın ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətində ödəməyi üzərinə götürmüşdür. İddiaçı «xxxx» MMC ilə fiziki şəxs «X4» ilə arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən fiziki şəxs «X4»-ın cavabdehə qarşı olan 2652 manat məbləğindəki tələb hüququ iddiaçıya keçmiş və bu barədə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödənişləri etməmiş, üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, sonuncu dəfə 12.09.2020-ci ildə ödəniş etmişdir. Cavabdehin hazırda 471.79 manat əsas borcu, 70.77 manat cərimə borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 30.05.2019-cu il tarixli MAB-000102 saylı nisyə alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh fiziki şəxs «X4»-dən 2652 manat dəyərində aldığı malı 12 ay müddətinə hər ay 221 manat olaraq ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan fiziki şəxs «X4» ilə «xxxx» MMC arasında imzalanan 20 aprel 2019-cu il tarixli R-29/19 saylı Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişdən müəyyən edilir ki, fiziki şəxs «X4»-nın Cavabdeh qarşı olan 2652 manat məbləğindəki tələb hüququ «xxxx» MMC-yə keçmiş və bu barədə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Mülki işin materiallarında olan 26.10.2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 30.05.2019-cu il tarixli MAB-000102 saylı nisyə alqı-satqı müqaviləsi üzrə «xxxx» MMC-yə 471.79 manat əsas borc, 70.77 manat cərimə borcu olmaqla, cəmi 542.56 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyalırn nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə, yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 70.77 manat cərimənin məbləği azaldılmalı və 20 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, fiziki şəxs «X4» ilə cavabdeh arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, fiziki şəxs «X4» ilə iddiaçı arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən fiziki şəxs «X4»-nın cavabdehə qarşı olan 2652 manat məbləğindəki tələb hüququ iddiaçıya keçdiyindən, cavabdehdən 471.79 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 491.79 manat borc alınaraq iddiaçıya qaytarmalı, bununla da iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iddia qismən təmin edildiyindən 15 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 471.79 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 491.79 manat və ödənilmiş dövlət rüsumunun üçün 15 manat pul, həmçinin 0,40 manat bank xidmət haqqı tutulub «xxxx» MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrli edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar