Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1080/2023 03.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən mopedin alınaraq geri verilməsi, əks halda, mopedin dəyəri olan 1755 manat, GPS qurğusuna görə 250 manat, mopedin icarə haqqı olaraq 600 manat və 47 manat dövlət rüsumu olmaqla, cəmi 2652 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MMCdən Tufan-M50 markalı 49 sm3 həcm mühərrikli qırmızı rəngli mopedi satın almış, bunun üçün MMC-yə 1755 manat pul ödəmişdir. İddiaçı “X4 A” MMC ilə GPS qurğusuna aid müqavilə bağlamış, sonra isə Cavabdeh moped tipli nəqliyyat vasitəsini icarəyə vermişdir. Cavabdeh ilk gün mopedi istifadə etsə də onun icarəyə götürülməsi ilə bağlı rəsmiləşdirilməsi üçün müqavilə bağlamaqdan boyun qaçırmış, sonra isə ümumiyyətlə, mopedi və onun üzərində olan GPS qurğusunu qaçırmışdır. Həmin vaxtdan iddiaçı cavabdehə verdiyi mopedi görməmiş, mopedin axtarılması üçün rayon polis idarəsinə şifahi müraciət etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən də, iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə mülki işə İddiaçı iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmiş və iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. İddiaçı azyaşlıya icarəyə vermişdirsə valideynə də bu barədə məlumat verməli idi. Hadisənin baş verməsindən 9 ay keçəndən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Onun bu hadisədən məlumatı olmamışdır. Cavabdeh sadəcə olaraq kuryer xidməti üzrə kafelərdə işləmişdir. Cavabdeh belə müəssilərdə çox işləmiş və təhvil aldığı mopedləri isə təhvil vermişdir. Cavabdeh sonuncu dəfə “Günəş” şadlıq sarayı ilə üzbəüz kafedə işləmişdir. Hazırda isə həmin obyekt çalışmır. Qardaşının şəxsiyyət vəsiqəsi onun özündədir, çünki onu hərbi komnissarlığa təqdim etmişdir. Ona görə də hesab edir ki, iddia tələbləri əsaslı olmadığından təmin edilməməlidir. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini müdafiə edəərk təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd olunmuş GPS qurğu vasitəsinə görə müqaviləni məhkəməyə təqdim etmişdir. Müqaviləyə əsasən. sözügedən qurğusnun istifadəsinə görə aylıq haqları bir il ərzində vaxtında ödəmiş və ödəniş qəbzləri olsa da onları məhkəməyə təqdim etməsi mümkün deyildir. O, keçən ilin sentyabr ayında həmin mopedi vermişdir. Topazdan iki nəfər onun nömrəsini götürüb Atyalı ünvanında yaşayan şəxslər onun yanına gəlmişdir. Cavabdeh öz sənədlərini, valideynlərinin ünvanını və nömrəsini vermişdir. Cavabdeh mopedi götürmüş və sürməyi tövsiyyə etmiş və onunla müqavilə bağlayacağını bildirmişdir. Lakin cavabdeh mopedi aparmış və gətirməmişdir. Günə 10 manat ödəniş etməklə aylıq 300 manata razılaşmışlar. Cavabdeh 5 gündən sonra onun kartına 50 manat ödəmiş, üzərindən bir ay keçəndən sonra onun zənginə cavab vermişdir. Cavabdeh müqavilənin bağlanmasından boyun qaçırmışdır. Cavabdehin şəxsiyyət vəsiqəsi və xarici pasportu onun evindədir. İddiaçı müqdafiəçisi-vəkili X2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, hüquqlarını müdafiə etdiyi iddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsiu səbəbindən məhkəmə iclasında iştirakı mümkün olmadığıəndan xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə baxış iclasındai iştirakının təmin edilməsi məqsədilə Bakı istintaq Təcridxanasına rəsmi bildiriş gönsdərilməsini xahiş etmiş, lakin ərizəyə rəsmi sənədlər əlavə edilmədiyindən ərizənin təmin olunması mümkün olmamışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, cavabdehin nümayəndəsi isə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; -Satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10111627 saylı alqı-satqı müqaviləsindən görünür ki, alıcı MMC-dən ümumi qiyməti 1755 manat dəyərində olan Tufan-M50 markalı 49 sm3 həcmi olan mühərrikli qırmızı rəngli mopedi satın almışdır. -Alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, alıcı tərəfindən satın alınmış motosikl üzrə texniki qüsurlar və çatışmazlıqlar müəyyən olunmamışdır. -Operator “X4 A” MMC ilə abunəçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli xx-xx-2021/02 saylı müqavilədən görünür ki, bu müqaviləyə əsasən, operator Abunəçinin istəyinə uyğun olaraq monitorinq xidmətini təmin etmək üçün cihazların və lisenziyaların alqı- satqısını, onların quraşdırılaraq və sazlanaraq Abunəçinin mülkiyyətinə və ya istifadəsinə verilməsini, o cümlədən cihazlara texniki qulluğun göstərilməsini təşkil edir. -Qiymətlərin razılaşdırma protokollarından görünür ki, ölkə daxilində monbitorinq xidmətinin göstərilməsinə görə aylıq abunə haqqı 10 manat, radianaviqasiya cihazının dəyəri 1 ədəd olmaqla 120 manat müəyyən edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Qəbələ rayonu, Həzrə kəndində, Cavabdeh isə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A saylı evin, 18 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı satıcı "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli 10111627 saylı alqı-satqı müqaviləsinə əsasən. ümumi dəyəri 1755 manat dəyərində olan Moped almış və sözügedən mopedi icarə münasibətləri əsasında Cavabdeh icarəyə vermişdir. Hazırda, iddiaçı cavabdeh tərəfindən satın alınmış daşınar əşyanın cavabdeh tərəfindən aparıldığını iddia edərək sözügedən Moped əşyasının, həmin mopedin icarəyə götürülməsinə görə ödəməli olduğu 600 manat icarə haqqının, GPS qurğusuna görə 250 manat pul vəsaitinin məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı iddiaçı satın aldığı nəqliyyat vasitəsinin cavabdehə icarə münasibətləri əsasında icarəyə verdiyini iddia etsə də iddia tələbinin əsası kimi istinad etdiyi həmin halları sübuta yetirə bilməmiş, icarə hüququ münasibətlərinin yarandığını sübuta yetirən icarə müqaviləsini isə məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hal, dolayısı ilə tərəflər arasında həqiqətən də, icarəyə verən-icarəçi hüquq münasibətlərinin yarandığını sübuta yetirə bilmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, qanunvericiliyin tələbləri əsasında müəyyən olunmuşdur ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilmədiyindən iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutub məhkəmə,
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov