Məhkəmə qərarları › İş №2(012)-1085/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1085/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1085/2025 04.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Masazır kənd bələdiyyəsindən borcun məbləği olan 1700 manat miqdarında vəsaitinin, həmçinin ödədiyi dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, İddiaçı Abşeron rayonunda 2006-cı ildən ailəsiylə birgə qeydiyyatdadır. İddiaçı 2006-cı ildən 2018-ci il daxil olmaqla əmlakın 144 kvadrat torpağı 19 sot olmaqla hər il vaxtı vaxtında torpaq vergisini Masazır bələdiyyəsinə 80 manat dövlət rüsumu ödəmişdir. Həmin bu məsələ Abşeron rayon məhkəməsinin 2(012)-101/2020 qərarında öz təsdiqini tapmışdır. Buna baxmayaraq Masazır bələdiyyəsi 2018-ci ildə iddia qaldıraraq iddiaçının torpağını məhkəmə qərarı ilə əlindən almışdır və iddiaçı iddia qaldıraraq Sumqayıt inzibati məhkəməsinin 2-1/118/1568/2021 nömrəli işdə İddiaçı cavabdeh Masazır bələdiyyəsinə qarsı Masazır kəndi Akim Abbasov küçəsində yerləşən 14 və 5 sot torpaq sahəsinə görə 2006-cı il tarixindən 2018-ci il daxil olmaqla ödədiyi torpaq vergisinə dair qəbizlərin Masazır bələdiyyəsində qeydiyyatdan keçib-keçməməsi və bu torpaq vergisi ilə bağlı bələdiyyənin hesabına pul vəsaiti ödənilib-ödənilməsi müəyyən edilməsi və iddiaçının iddiası təmin edilmişdir. Masazır bələdiyyəsinə həvalə olunmuşdur və bələdiyyənin iddiaçıya 2022-ci ilin 5 marta xx/xx/0104/67/ nömrəli məktubunda bildirmişdir ki, eyni zamanda Masazır bələdiyyəsinin keçmiş rəhbərliyi tərəfindən 2006- 2013-cü il tarixinə aid müfaviq qəbzləri Abşeron rayon dövlət arxivinə göndərilməsi keçmiş rəhbərliyi tərəfindən bildirilsə də 2013-2018-ci ilinə aid digər qismi isə bələdiyyə seçilmiş yeni tərkibinə təhvil verilməmişdir. Odur ki keçmiş rəhbərlik iddiaçının ödədiyi pulları 14 il dövlət büdcəsinə keçirməmiş, öz mənfəəti üçün mənimsəmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon Məhkəməsinin 2(012)-101/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətində olan cavabdeh İddiaçı tərəfindən qanunsuz zəbt olunmuş 0,05 ha torpaq sahəsinin geri qaytarılması, həmin torpaq sahəsində qanunsuz tikilmiş 1.0 m. hündürlüyündə 28.0 m. uzunluğunda, 1,60 m. hündürlükdə 15,0 m. uzunluğunda daş hasarın cavabdehin öz hesabına sökülməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və iddiaçının mülkiyyətinə qaytarılması qət edilmişdir. -Həmin qətnamədən görünür ki, Abşeron rayon Masazır bələdiyyəsinin 123 saylı, xx.xx.2019-cu il tarixli arayışından və ona əlavə olunmuş ödəniş qəbzindən görünür ki, ünvan 2i, A.Abbasov küçəsində yaşayan İddiaçı istifadəsində olan 0.10 ha torpaq sahəsinə və ümumi sahəsi 144 kv. metr olan tikiliyə görə xx.xx.2018-ci il tarixdə əmlak və torpaq vergisinə görə 80 manat ödəniş etmişdir. -Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsi tərəfindən Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Masazır bələdiyyəsi 22 noyabr 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-1568/2021 saylı, 6 oktyabr 2021-ci il tarixli qərarının tam icrası ilə əlaqədar Masazır kəndi, Akim Abbasov küçəsində yerləşən 14 və 5 sot torpaq sahəsinə görə 2006-cı il tarixdən 2018-ci il daxil olmaqla torpaq vergisinə dair ödəniş qəbzlərinin (surətləri) arxivdə olub-olmaması barədə məlumat verilməsi ilə bağlı Abşeron Rayon Dövlət Arxivinə sorğuyla müraciət olunmuşdur. Arxiv idarəsinin 17 dekabr 2021-ci il tarixli, H 391 saylı cavab məktubunda göstərilir ki, “X5 sənədlər müvafiq İcra strukturlarının qərar və sərəncamları, tarix və nömrəsinə uyğun olaraq saxlanılır. Qeyd etdiyiniz sorğuyla bağlı X5 hər hansı bir məlumat əldə etmək imkan xaricindədir.” Eyni zamanda Masazır bələdiyyəsinin keçmiş rəhbərliyi tərəfindən 2006-2013-ci il tarixlərinə aid müvafiq ödəniş qəbzləri Abşeron Rayon Dövlət Arxivinə göndərilməsi keçmiş rəhbərlik tərəfindən bildirilsə də, 2013-2018-ci il tarixinə aid digər qismi isə bələdiyyəyə seçilmiş yeni tərkibə təhvil verilməmişdir. Masazır bələdiyyəsində X1 Sistemində İddiaçı göstərilən dövrlər üzrə torpaq və əmlak borcu isə yoxdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı ünvan 2i ünvanında qeydiyyatdadır. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ünvan 2i, A.Abbasov küçəsində yaşayan İddiaçı istifadəsində olan 0.10 ha torpaq sahəsinə və ümumi sahəsi 144 kv. metr olan tikiliyə görə xx.xx.2018-ci il tarixdə əmlak və torpaq vergisinə görə 80 manat ödəniş etmişdir. Lakin buna baxmayaraq Abşeron Rayon Məhkəməsinin 2(012)- 101/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətində olan cavabdeh İddiaçı tərəfindən qanunsuz zəbt olunmuş 0,05 ha torpaq sahəsinin geri qaytarılması, həmin torpaq sahəsində qanunsuz tikilmiş daş hasarın cavabdehin öz hesabına sökülməsi qət edilmişdir. İddia ərizəsində göstərilənlərə əsasən, Abşeron rayon Masazır bələdiyyəsinin keçmiş rəhbərliyi iddiaçının ödədiyi pulları 14 il dövlət büdcəsinə keçirməmiş, öz mənfəəti üçün mənimsəmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh Masazır kənd bələdiyyəsindən borcun məbləği olan 1700 manat miqdarında vəsaitinin, tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. -1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində Abşeron rayon Masazır bələdiyyəsindən 1720 manat pulun alınaraq ona verilməsini tələb etsə də, lakin həmin məbləğin bələdiyyə tərəfindən borclu olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Abşeron rayon Masazır bələdiyyəsinin 123 saylı, xx.xx.2019-cu il tarixli arayışından və ona əlavə olunmuş ödəniş qəbzindən göründüyü kimi ünvan 2i, A.Abbasov küçəsində yaşayan İddiaçı istifadəsində olan 0.10 ha torpaq sahəsinə və ümumi sahəsi 144 kv. metr olan tikiliyə görə xx.xx.2018-ci il tarixdə əmlak və torpaq vergisinə görə 80 manat ödəniş etmişdir. Göründüyü kimi ünvan 2i, A.Abbasov küçəsində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı məxsus olmuşdur. Lakin Abşeron Rayon Məhkəməsinin 2(012)-101/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətində olan cavabdeh İddiaçı tərəfindən qanunsuz zəbt olunmuş 0,05 ha torpaq sahəsinin geri qaytarılması, həmin torpaq sahəsində qanunsuz tikilmiş 1.0 m. hündürlüyündə 28.0 m. uzunluğunda, 1,60 m. hündürlükdə 15,0 m. uzunluğunda daş hasarın cavabdehin öz hesabına sökülməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və iddiaçının mülkiyyətinə qaytarılması qət edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı əmlak və torpaq vergisi olaraq 80 manat ödədiyi halda, sözügedən məhkəmə qətnaməsi ilə həmin torpaq sahəsi Abşeron rayon Masazır bələdiyyəsinə geri qaytarıldığından, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsindən 80 manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 37 manat dövlət rüsumundan 2 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsindən 80 (səksən) manat və ödənilmiş dövlət rüsumuna görə 2 (iki) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar