Məhkəmə qərarları › İş №2(012)-1097/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1097/2024

18.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1097/2024 18.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4002/2021 say 11 qətnaməsinə əsasən, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş 175 (yüz yetmiş beş) manat məbləğində alimentin miqdarının artırılaraq, hər ay 220 (iki yüz iyrimi) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə Sumqayıt "ASAN XİDMƏT“ Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 159 saylı rəsmi nikahımız qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan fikir ayrılıqları səbəbi ilə aralarında mübahisələr yaranmış, birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün olmamışdır. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinin 2(012)-4002/2021 saylı qətnaməsinə əsasən, rəsmi nikaha xitam verilmiş, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X7 onun himayəsinə verilmiş və onun yetkinlik yaşma çatanadək saxlanılmasına görə hər ay 175 (yüz. yetmiş beş) manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Hər il övladının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Alimentin məbləği də övladının tələbatlarını ödəmir. Övladı böyüdükcə gündəlik məişət, təhsil, həkim xərcləri də artır və bu xərclərin ödənilməsi üçün maddi imkanım kifayət etmir. Onun heç bir yerdən əlavə gəliri, qazancı yoxdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4002/2021 saylı qətnaməsinə əsasən, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş 175 (yüz yetmiş beş) manat məbləğində alimentin miqdarının artırılaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV № 466330 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 04 dekabr 2018ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X2r. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 4002/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X4 ilə Cavabdeh arasında Sumqayıt “ASAN Xidmət” X6 bağlanmış 21 yanvar 2019-cu il tarixli, 159 saylı nikah pozulması, 04 dekabr 2018-ci il təvəllüdlü X7 anası X1 yanında qalması, xx.xx.2021-ci il tarixdən başlayaraq 04 dekabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X3 ödənilməsi, iddia tələbi əlavə olaraq 04 dekabr 2018-ci il təvəllüdlü X5 3 yaşına çatana kimi saxlanılması üçün 190 manat alimentin Cavabdeh alınaraq iddiaçı X3 ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda iddiaçı hər ay hər uşaq üçün 175 manat miqdarında aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Səbuhi adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə Səbuhi adlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4002/2021 saylı qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4002/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar