Məhkəmə qərarları › İş №2(012)-1156/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1156/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1156/2024 29.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin keçməsini üzrlü sayıb, Abşeron rayonu Qobu Bələdiyyəsindən 1200 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı "xxxx" ASC vasitəsilə cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə torpaq sahəsi ayrılıb verilməsi üçün xx.xx.2008-ci il tarixli, 33 №-li qəbz ilə 1200 manat məbləğində pul ödəmiş, cavabdeh də ona ödəniş barədə qəbzin kserosurətini vermişdir. Həmin vaxt cavabdeh bələdiyyənin sədri Mübariz adlı şəxs olmuşdur. Dəfələrlə etdikləri yazılı və şifahi müraciətlərə baxmayaraq iddiaçıya nə torpaq sahəsi verilmiş, nə də pulu geri qaytarılmışdır. Həmin vaxtlar iddiaçının atası ağır xəstə olduğundan başı onun müayinəsinə və müalicəsinə qarışmış, pozulmuş hüququnun bərpası üçün məhkəməyə müaciət edə bilməmişdir. Torpaq sahəsinin ona nə zaman veriləcəyi barədə cavabdeh bələdiyyədən soruşduqda İddiaçı bildirilmişdir ki, tezliklə onun problemi həll olunacaqdır. Buna baxmayaraq cavabdeh hələ də iddiaçıya torpaq sahəsi verməməklə öhdəliyini icra etməkdən boyun qaçırır. İddiaçının atası X4 xx.xx.2018-ci ildə vəfat etmişdir. xx.xx.2019-cu il tarixində Sumqayıt İnzibati Məhkəməsi tərəfindən 2-1(085)-1332/2019 saylı qərarına əsasən torpağın sənədlərinin verilməsi ilə bağlı qərar çıxarılmışdır. Lakin nəticə olaraq xx.xx.2020-ci il tarixli icra sənədi icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixində geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.5-ci maddəsinin tələblərinə görə dövlət və bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncamı üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktın etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. Qeyd edir ki, cavabdeh iddiaçının 1200 manat məbləğində pulunu qaytarmır və üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirmir. İddiaçı 2-ci qrup əlildir və maddi imkanı olduqca aşağıdır. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-1332/2019 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən, Abşeron rayonu Qobu Bələdiyyəsinin 10 sentyabr 2019-cu il tarixli, 11 saylı iclasının 11/5 saylı qərarının ləğv edilməsi, Abşeron rayonu Qobu Bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli, 21 saylı qərarı ilə perspektiv inkişaf fondunun torpaq sahəsindən fərdi ev tikintisi məqsədi ilə İddiaçı satılmış 0,08 hektar torpaq sahəsinə aid torpaq ayırma sənədlərinin yer quruluşu plan və təsvirlərinin təqdim olunması, torpaq sahəsinin naturada göstərilməsi, sərhədlərinin müəyyən edilməsi öhdəliyinin Abşeron rayonu Qobu Bələdiyyəsinin üzərinə qoyulması qərara alınmışdır. Sözügedən qərardan da görünür ki, İddiaçı ona torpaq sahəsi üzrə sənədlərin təqdim edilməsi ilə bağlı iddia tələbi irəli sürmüş, həmin iddia məhkəmə tərəfindən təmin edilmişdir. Belə olan halda iddiaçının həmin torpaq sahəsi ilə bağlı bələdiyyəyə ödəmiş olduğu pul məbləğini tələb etməsi əsassızdır. İddiaçı ilə ona torpaq sahəsi ayrılması barədə razılığa gələn o vaxtkı bələdiyyə sədri həbs edilmişdir. Bundan əlavə o, şifahi vəsatət verərək, İddiaçı cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi əsasında olan mülki iş üzrə iddia müddətinin tətbiq edilərək müddətin ötürülməsi səbəbindən iddia tələbinin rədd olunmasını xahiş etdi. İş materiallarında olan LPO "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 27 sentyabr 2023-cü il tarixli, 23/********** nömrəli cavab məktubundan görünür ki, LPO "xxxx" ASC-də Qobu bələdiyyəsinin hesabına xx.xx.2008-ci il tarixdə İddiaçı tərəfindən 1200 manat məbləğində vəsait mədaxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən İddiaçı etdiyi müraciətə cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli, 06/1300 nömrəli məktubdan görünür ki, Abşeron rayonu Qobu Bələdiyyəsinin 11/5 saylı, 10 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, bələdiyyənin 21 saylı, 02 noyabr 2007-ci il tarixli qərarı ilə perspektiv inkişaf fondunun torpaq sahəsindən fərdi ev tikintisi məqsədi ilə İddiaçı satılmış 0,08 hektar torpaq sahəsinə aid torpaq ayırma sənədlərinin yer quruluşu plan və təsvirlərinin təqdim olunması, torpaq sahəsinin naturada göstərilməsi, sərhədlərinin müəyyən edilməsi öhdəliyinin Abşeron rayonu Qobu Bələdiyyəsinin üzərinə qoyulmasına dair Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, müvafiq qaydada icraata başlanılmışdır. Borclu Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən tələbin icrası könüllü müddətdə təmin edilmədiyindən tələbin borclunun əmlakı hesabına təmin edilməsi məqsədi ilə müvafiq orqanlara sorğular verilmiş, sorğunun cavabları heç bir nəticə verməmişdir. İcra sənədi icra olunması üçün xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Qobu Bələdiyyəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron rayon Dövlət Arxiv İdarəsinin H-238 saylı, xx.xx.2021-ci il tarixli və H-410 saylı, xx.xx.2021-ci il tarixli məktublarına əsasən Qobu Bələdiyyəsinin 21 saylı, 02 noyabr 2007-ci il tarixli qərarında iddiaçının adının aşkar edilməməsi bildirilmişdir. İcra sənədinin icrası mümkün olmadığından “İcra haqqında” AR Qanununun 70.4-cü maddəsinə əsasən icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinə geri qaytarılmışdır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən İddiaçı etdiyi müraciətə cavab olaraq göndərilmiş xx.xx.2023cü il tarixli, 06/1300 nömrəli məktubdan görünür ki, Abşeron rayonu Qobu Bələdiyyəsinin 11/5 saylı, 10 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, bələdiyyənin 21 saylı, 02 noyabr 2007-ci il tarixli qərarı ilə perspektiv inkişaf fondunun torpaq sahəsindən fərdi ev tikintisi məqsədi ilə İddiaçı satılmış 0,08 hektar torpaq sahəsinə aid torpaq ayırma sənədlərinin yer quruluşu plan və təsvirlərinin təqdim olunması, torpaq sahəsinin naturada göstərilməsi, sərhədlərinin müəyyən edilməsi öhdəliyinin Abşeron rayonu Qobu Bələdiyyəsinin üzərinə qoyulmasına dair Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, müvafiq qaydada icraata başlanılmışdır. Borclu Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən tələbin icrası könüllü müddətdə təmin edilmədiyindən tələbin borclunun əmlakı hesabına təmin edilməsi məqsədi ilə müvafiq orqanlara sorğular verilmiş, sorğunun cavabları heç bir nəticə verməmişdir. İcra sənədi icra olunması üçün xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Qobu Bələdiyyəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron rayon Dövlət Arxiv İdarəsinin H-238 saylı, xx.xx.2021-ci il tarixli və H-410 saylı, xx.xx.2021-ci il tarixli məktublarına əsasən Qobu Bələdiyyəsinin 21 saylı, 02 noyabr 2007-ci il tarixli qərarında iddiaçının adının aşkar edilməməsi bildirilmişdir. İcra sənədinin icrası mümkün olmadığından “İcra haqqında” AR Qanununun 70.4-cü maddəsinə əsasən icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinə geri qaytarılmışdır. Beləliklə, işin mübahisə edilməyən hallarından məlum olur ki, İddiaçı "xxxx" ASC vasitəsilə cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə torpaq sahəsi ayrılıb verilməsi üçün xx.xx.2008-ci il tarixli, 33 №-li qəbz ilə 1200 manat məbləğində pul ödəmiş, lakin bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi ayrılmamış və iddiaçı tərəfindən ödənilmiş pul məbləği ona geri qaytarılmamışdır. İddiaçı cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinin hesabına 1200 manat məbləğində pul ödənilməsi LPO "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 27 sentyabr 2023-cü il tarixli, 23/********** nömrəli cavab məktubu ilə öz təsdiqini tapmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Qobu Bələdiyyəsi tərəfindən həmin pulun qaytarılmaması İddiaçı mülkiyyət hüququnun pozulması ilə nəticələndiyindən, cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsindən 1200 manat pul alınaraq İddiaçı ödənilməli və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 135.1,152.1,157,2,1091 və 1092-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 135.1-ci maddəsin görə bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə cavabdehin etirazı ilə bağlı qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında şifahi vəsatət verərək, İddiaçı cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi əsasında olan mülki iş üzrə iddia müddətini tətbiq edərək müddətin ötürülməsi səbəbindən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə sübutların tədqiqatı zamanı cavabdehin nümayəndəsinin vəsatətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddətinin axımı iddiaçının hüquqlarının pozulduğunu bildiyi İcra sənədinin icrası mümkün olmadığından “İcra haqqında” AR Qanununun 70.4-cü maddəsinə əsasən icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinə geri qaytarılması barədə iddiaçının rəsmi məlumt aldığı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Beləliklə, iddia müddətinin axımının iddiaçının hüquqlarının pozulduğunu bildiyi xx.xx.2023-cü il tarixdən başlandığını və iddiaçının iddia ərizəsini xx.xx.2023-cü il tarixdə, yəni 04 gün sonra Abşeron rayon Məhkəməsinə təqdim etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq olunması barədə yazılı vəsatət vermək əvəzinə şifahi vəsatət vermiş, İddiaçı cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi əsasında olan mülki iş üzrə iddia müddətini tətbiq edərək müddətin ötürülməsi səbəbindən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsindən 1200 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar