Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1157/2023 08.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı (İddiaçı) nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan, məlumatların təkzib edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan, məlumatların təkzib edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə 3838 manat, mənəvi zərərə görə 4000 manat pul vəsaitinin tutulması, cavabdehin iddiaçıya qarşı işİətdiyi ifadələr və hərəkətlərin iddiaçının şəxsiyyəti və fəaliyyəti barəsində mənfi rəy yaratmağa yönələn, habelə, şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan, yalan ifadələr kimi tanınması, cavabdehin məhkəmədə iddiaçıdan üzr istəməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının vətəndaşı olan İddiaçı hazırda, İsveçrə Respublikasında yaşayır. Cavabdeh ilə iddiaçı sonuncunun qohumları vasitəsilə tanış olmuş, iddiaçının cavabdehlə tanış olan zamanı məqsədi ailə qurmaq niyyəti olmuşdur. Bu məqsədlə iddiaçı cavabdehlə bir neçə ay telefonla danışmış, bu müddət ərzində ona 2800 ABŞ dolları pul göndərmiş, bu pulları cavabdehin şəxsi ehtiyaclarının ödənilməsi üçün göndərmişdir. 2022-ci ilin aprel ayında iddiaçı nişanlanmaq üçün Azərbaycana gəlmiş, həmin vaxt iddiaçını cavabdeh qarşılamış və əvvəlcədən tutduqları Novxanı qəsəbəsində yerləşən otelə aparmışdır. Sonra iddiaçı əşyalarını otelə qoymuş və Bakı şəhərində yerləşən qızıl-zinət mağazasına gedərək cavabdehə bir ədəd qızıl üzük almış, nişan mərasimi üçün cavabdehin evinə getmiş, həmin evdə məclis keçirilmiş və tərəflər nikaha daxil olaraq dini nikah bağlamışlar. Nikah mərasimindən sonra iddiaçı çıxıb getmiş, növbəti gün cavabdehlə görüşmək istədikdə sonuncu görüşə gəlməmiş və iddiaçıdan imtina edərək aldığı üzüyü geri qaytarmışdır. İddiaçı iki gün sonra yaşadığı ölkəyə qayıtmış, cavabdehlə dəfələrlə telefonla danışmış, whatsappla yazışmış, onunla barışmaq istəmiş, lakin cavabdeh barışmamışdır. Cavabdeh iddiaçını danışıq üçün Azərbaycana dəvət etmiş, iddiaçı beş dəfə Azərbaycana gəlib-getmiş və bu səfərləri zamanı ümumilikdə, 3838 manat xərcləmişdir. Ümumilikdə isə iddiaçıya 2800 ABŞ dolları və 3838 manat maddi ziyan dəymişdir. İddiaçı cavabdehlə danışıq apararaq ya onunla barışıb evlənməyi, ya da onun yolunda xərclədiyi 2800 ABŞ dolları və 3838 manatı geri qaytarmağı təklif etmişdir. Cavabdeh heç bir təkliflə razılaşmamış, buna görə də iddiaçı xx.xx.2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Nəticədə, Cavabdeh 2800 ABŞ dollarını qaytarmışdır. Lakin buna baxmayaraq, cavabdehin aldadaraq danışıq üçün iddiaçını Azərbaycana dəvət etməsi, iddiaçının beş dəfə Azərbaycana gəlib-getməsi, təyyarə biletlərinə, otelə və digərlərinə ümumilikdə 3838 manat dəyərində çəkdiyi pul vəsaitini cavabdeh geri qaytarmamışdır. Ümumiyyətlə, sonradan məlum olmuşdur ki, cavabdehin evlənmək niyyəti olmamış və iddiaçını aldadaraq pullarını ələ keçirmişdir. İddiaçı beş dəfə bilet alaraq X7 ilə Bakı şəhərinə uçmuş, Qrant oteldə və digər otellərdə qalmışdır. İddiaçı dəfələrlə vəkili vasitəsilə cavabdehlə danışıq zamanı sonuncu, heç bir pul qaytarmayacağını bildirmiş, iddiaçının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ləkə gətirən hərəkətlər etmiş, dələduzluqda, əxlaqsız hərəkətlər etməkdə, qadın alveri ilə məşğul olmaqda günahlandırmış, nəticədə, iddiaçı mənəvi iztirablar keçirmiş, sarsılmış, onu tanıyan və ətrafında olan şəxslər dairəsində nüfuzdan düşmüşdür. Cavabdehin hərəkətləri nəticəsində cəmiyyətdə olan nüfuzuna, ətrafına xələl gəlmiş, şərəf və ləyaqətinə toxunulmuşdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, tərəflər arasında tanışlıq münasibətləri yaranmış, toy mərhələsində cavabdehin qohumlarının biri iddiaçının yaşlı olduğunu bildirmiş və bu səbəbdən də, cavabdeh iddiaçıdan imtina edərək nikaha daxil olmaqdan vaz keçmişdir. İddiaçı cavabdehə verdiyi pul vəsaitlərinin və qızıl-zinət əşyalarının geri qaytarılmasını xahiş etmiş, cavabdeh bundan imtina etmiş, nəticədə, iddiaçı polisə şikayət etmişdir. Şikayət nəticəsində 2800 ABŞ dolları pul vəsaiti cavabdeh tərəfindən qaytarılmış, lakin yol xərcləri olan 3838 manat pul vəsaitinin bir hissəsi qaytarılmamışdır. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında münasibət pozulmuş¸ iddiaçı hazırda da barışmağa cəhd etmək istəyir, bu səbəbdən də, cavabdeh polisə şikayət edərək iddiaçının onu narahat etməməsini xahiş etmişdir. Cavabdeh polis idarəsində iddiaçının yaşı ilə bağlı ifadə bildirsə də, bununla bağlı o, qeyd edir ki, cavabdeh iddiaçı ilə nikaha qədər dəfələrlə görüşmüş və xarici görkəmini də görmüşdür. Sadəcə olaraq, məclisdə cavabdehin qohumları müdaxilə edərək işin pozulmasına səbəb olmuşlar. Tərəflər nikaha daxil olsa belə, iddiaçı buna pul vəsaitləri sərf etmiş və nikah pozulduğundan cavabdeh həmin pulları da geri qaytarmalıdır. Cavabdeh xx.xx.2023-cü tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib işə onun iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X7 qurumu tərəfindən verilmiş uçuş biletlərindən görünür ki, İddiaçı müxtəli tarixlərdə Azərbaycan Respublikasına gəlmişdir. -Dini nikah sənədindən görünür ki, İddiaçı ilə Cavabdeh dini nikaha daxil olmuşdur. -Mülki iş materiallarında olan, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmaqla aparılmış qeyddən görünür ki, iddiaçı otelə xx.xx.2022-ci il tarixdə 90 manat, xx.xx.2022-ci il tarixdə 90 manat, xx.xx.2022-ci il tarixdə 90 manat, xx.xx.2022-ci il tarixdə 90 manat, təyyarə biletinə görə isə xx.xx.2022-ci il tarixdə 533 manat, xx.xx.2022-ci il tarixdə 633 manat (iki dəfə), xx.xx.2022-ci il tarixdə 517 manat, xx.xx.2022-ci il tarixdə 633 manat və 141 manat, xx.xx.2022-ci il tarixdə 388 manat olmaqla, ümumilikdə, cəmi 3478 manat pul xərcləmişdir. -Abşeron rayon Polis İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan daha sonra görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, “…İddiaçı ilə video görüntülü danışan zaman 50 yaş olmasını bildirmiş, ondan arıqlamasını istəmiş, dietoloq yanına getməyini və müəyyən dərmanlar qəbul etməsini tövsiyyə etmişdir. Eyni zamanda, bununla bağlı maddi vəsaitin özü tərəfindən ödəniləcəyini dedikdə onunla razılaşmışdır. Bununla da bir neçə dəfə olmaqla ona ümumilikdə 1350 ABŞ dolları pul göndərmiş, həmin pullara dərmanları alıb qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı ilk dəfə Azərbaycana gəlmiş, onu qarşılamış və evdə yaxınları və ailə üzvlərinin iştirakı ilə nişan mərasimi olmuşdur. Həmin vaxt kimliyini təqdim etdikdə onun 50 yaş deyil, 65 yaş olması məlum olmuş, çox pis olaraq özündən 25 yaş çox olan şəxslə ailə qurmaq fikrindən daşınmışdır. Lakin qohumları və ailə üzvlərinin yanında xoşagəlməz hərəkətlər etmək istəməmiş, nişan mərasimindən sonra İddiaçı onlardan çıxaraq qalması üçün hotelə getmişdir. Səhəri günü ona zəng edərək onu aldatdığı üçün iradını bildirmiş, onunla ailə qurmayacağını deyərək aldığı qızıl üzüyü və çantanı taksi maşınla Yusufun qaldığı hotelə göndərmişdir. Təkrar əlaqə saxladıqda Yusuf qızıl və çantanı təhvil aldığını bildirmişdir. Həmin vaxt ona bir daha narahat etməməsini desə də, Yusuf ona zəng edərək hədələdiyi üçün telefon nömrəsini dəyişmişdir. Təxminən, 1 ay sonra Yusuf Hümbət kimi özünü təqdim edən bir nəfər şəxslə onun yaşadığı ünvana gəlmiş, onunla ailə quracağı təqdirdə ev, maşın alacağını söyləmiş, əks halda, hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini bildirmişlər. Lakin ona qəti etiraz edərək onunla ailə qurmaq istəmədiyini bildirmişdir. Əlavə olaraq, bildirmişdir ki, Yusufun ona göndərdiyi pulları onun öz istəyi ilə arıqlaması üçün dərmanlara xərcləmişdir. Qərardan daha sonra görünür ki, toplanmış materiala əsasən, Bakı şəhərində müvəqqəti yaşayan Türkiyə Respublikasının vətəndaşı İddiaçı 2800 ABŞ dolları pulunun Cavabdeh tərəfindən ələ keçirilməsi barədə ərizəsi əsasında aparılan təhqiqat araşdırması zamanı hər hansı bir cinayət hadisəsi, ümumiyyətlə, cinayət faktı aşkar edilməmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə ailə qurmaq istəmiş və pulu öz istəyi ilə ona vermiş, sonuncu da ona bəxşiş kimi göndərilmiş pulu arıqlamaq üçün nəzərdə tutulan dərmanlara sərf etmişdir. -Abşeron rayon Polis İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Bakı şəhərində müvəqqəti yaşayan Türkiyə Respublikasının vətəndaşı İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan daha sonra görünür ki, Bakı şəhərində müvəqqəti yaşayan Türkiyə Respublikasının vətəndaşı İddiaçı ərizə ilə müraciət edərək, Bakı şəhərində yaşayan Cavabdeh ilə sosial internet şəbəkəsi vasitəsi ilə tanış olduğunu, onunla ailə qurmaq məqsədi ilə görüşdüyünü, sonradan həmin şəxs tərəfindən aldadılaraq 3000 ABŞ dolları pulunu ələ keçirdiyini bildirmişdir. Qərardan daha sonra görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı təxminən, 6-7 aydır ki, tanıyır. X2 yaşayan tanışı vasitəsilə tanış olmuş, tanışlıq məqsədi isə evlənmək olmuşdur. Tanış olan zaman ona yaşının 50 olduğunu bildirdiyi üçün o, münasibətini davam etdirmişdir. Bundan sonra qarşılıqlı razılaşmalara əsasən, o, Azərbaycana gəlmiş, xx.xx.2022-ci il tarixdə aralarında nişan olmuşdur. Nişan mərasimində dini nikahları kəsildikdə onun “1957-ci il təvəllüdlü” biri olduğunu öyrənmişdir. Lakin məclisdə əlavə söz-söhbət yaranmasın deyə, heç bir etirazını bildirməmişdir. Daha sonra isə məclis davam etmiş və bir müddət sonra Yusuf əvvəlcədən tutulmuş otelə getmişdir. Ertəsi gün o, Yusufla danışmış və onun üçün Bakı şəhərindən aldığı dəyəri 450 manat olan qızıl üzüyü geri qaytarmışdır. Ona isə mobil telefon vasitəsilə evlənə bilməyəcəyini söyləyib üzrxahlıq etmişdir. Daha sonra isə Yusuf ölkədən getmişdir. Bir müddət sonra yenidən geri qayıdan Yusuf müxtəlif şəxslər vasitəsilə ona müxtəlif formada təkliflər edərək onunla evlənməyini tələb etsə də, o, yenidən razılaşmamışdır. Bunu görən Yusuf barəsində şikayət etmiş və Mehdiabad PB-də araşdırma aparılaraq yekun qərar verilmişdir. Barəsində aparılan araşdırma üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin bununla Yusuf razılaşmamış və ona müxtəlif vaxtlarda zənglər edərək ondan gediş-gəliş üçün çəkdiyi xərcləri də tələb etmişdir. O isə Yusufa ona əlavə heç bir pul xərcləmədiyini söyləmişdir. Yalnız ona özünün arıqlamağı üçün xərclədiyi və bank vasitəsilə göndərdiyi 2800 ABŞ dolları pul olmuşdur. O, ilkin araşdırma dövründə həmin pul göndərmə qəbzlərinin bir qismini özündə saxladığı üçün həmin qəbzlərdə qeyd olunan məbləğləri hesablayıb 1350 ABŞ dolları pul ona göndərdiyini söyləmişdir. Lakin ona göndərilən pulların bir qisminin qəbzlərini saxlamamışdır. Bu səbəbdən, ilkin izahatında elə qeyd etmişdir. Bundan əlavə, ona heç bir formada pul və ya sair maddi nemət verilməmişdir. Yusuf adlı şəxslə evlənmək istəmədiyi üçün o, bu şəkildə barəsində şikayətlər etdiyini və onun ona əlavə maddi ziyan vurduğunu söylədiyini, qeyd etdiklərinin isə həqiqətə uyğun olmadığını göstərmişdir. Qərardan daha sonra görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, Cavabdeh barəsində etdiyi müraciətlərlə bağlı hal-hazırda, heç bir şikayət və tələbinin olmadığını, ona verdiyi 2800 ABŞ dolları nağd pulun geri qaytarıldığını, ərizəsinin nəzərə alınmasını xahiş etdiyini bildirmişdir. Qərardan daha sonra görünür ki, 2800 ABŞ dolları pulun Cavabdeh tərəfindən Osman Yusufa təhvil verilməsi barədə qəbz alınaraq materiala əlavə edilmişdir. -Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 02/3214 saylı arayışdan görünür ki, Komitədə olan məlumata əsasən, Laçın rayonundan məcburi köçkün olan Cavabdeh Abşeron rayonu, Masazır kəndində müvəqqəti olaraq qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Laçın rayonu, Hacısamlı kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında tanışlıq münasibətləri olmuş və tərəflər nikaha daxil olmaq niyyətilə dini nikah bağlamışlar. Hazırda, tərəflər arasında münasibətlər pozulduğundan iddiaçı cavabdehə sərf etdiyi pul vəsaitlərinin - ona dəymiş maddi ziyana görə 3838 manat, mənəvi ziyana görə 4000 manat pul vəsaitinin tutulmaqla, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi nəticəsində cavabdehin ondan üzr istəməklə məlumatların təkzib edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3. maddəsinə əsasən, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarlardan və iddiaçının izahatı əsasında təsdiq olunmuşdur ki, tərəflər arasında münasibətlər onların nikaha daxil olmaq niyyəti ilə başlanmış və iddiaçı mütəmadi olaraq Azərbaycana gəlməklə tərəflər arasında nişan mərasimi keçirilmiş və bu, mülki iş materiallarına əlavə olunmuş fotoşəkillər əsasında da təsdiqini tapmışdır. Beləliklə də, tərəflər arasında nikah münasibətlərinə daxil olmaq niyyətinin onların könüllü iradələri əsasında yaranması mülki işin mübahisəsiz tərəfidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1.1. maddəsinə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hazırki mülki işə hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, nikaha daxil olmaq tərəflərin könüllü iradə ifadələri əsasında olduğu kimi, nikah münasibətlərinə xitam verilməsi də onların iradə ifadələri əsasında olmalıdır. İş materiallarından da göründüyü kimi, tərəflər dini nikaha daxil olmuş və iddiaçının onun bioloji yaşını cavabdehdən gizlətməsi tərəflər arasında nikah münasibətlərinin pozulması ilə nəticələnmişdir. Lakin bununla belə, iddiaçının cavabdehə “arıqlamaq” niyyətilə dərman vəsaitlərinin alınması üçün 2800 ABŞ dolları pul vəsaiti göndərməsi və Azərbaycana nikaha daxil olmaq niyyətilə gəlmək üçün təyyarə biletlərinə pul xərcləməsi onun tamamilə könüllü iradəsi əsasında olmuşdur. Bununla yanaşı, iddiaçının şikayəti əsasında Abşeron rayon Polis idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə qəbul olunmuş qərarlar əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərarlara əsasən, iddiaçının cavabdehə verdiyi 2800 ABŞ dolları pul vəsaitinin cavabdeh tərəfindən qaytarılması müəyyən olunmuş və bu, məhkəmə iclasında iştirak etmiş iddiaçının izahatı ilə də təsdiq olunmuşdur. Lakin məhkəmə ayrıca olaraq vurğulayır ki, Azərbaycan Respublikasına nikaha daxil olub, cavabdeh ilə münasibət yaratmaq niyyəti ilə gəlmiş iddiaçının təyyarə biletlərinə və otellərə sərf etdiyi 3838 manat pul vəsaiti iddiaçı tərəfindən könüllü olaraq xərclənmiş və qeyd olunan pul vəsaiti tərəflər arasında borc və ya hər hansı bir digər öhdəlik hüquq münasibətinin predmeti ola bilməz. Başqa sözlə, cavabdehə sözügedən pul vəsaiti borc şəklində verilməmiş və ya cavabdeh tərəfindən həmin məbləğin ödənilməsinə dair hər hansı bir öhdəlik götürülməmişdir. Bu səbəbdən də, iddia ərizəsi “maddi ziyana görə vurulmuş 3838 manat pul vəsaitinin tutulması” hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə də, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya maddi ziyan vurması öz təsdiqini tapmamışdır. Məhkəmə iddiaçının iddia tələbinin “4000 manat mənəvi ziyanın tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri bilir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. İddiaçı iddia ərizəsində eyni zamanda, cavabdeh tərəfindən ona qarşı şəxsiyyəti və fəaliyyəti barəsində mənfi rəy yaratmağa yönələn, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməklə yalan məlumat hesab edilməsi, həmçinin, cavabdehin məhkəmədə qeyd olunan hallara görə ondan üzr istəməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin həmin hissəsinə münasibət bildirərək qeyd edir: Belə ki, Mülki Məcəllənin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mülki iş materiallarına əlavə olunmuş whatsapp yazışmaları, həmçinin, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar əsasında cavabdehin iddiaçıya şərəf və ləyaqətini, eyni zamanda, onun işgüzar nüfuzuna zərər vurulması halları öz təsdiqini tapmamış, iddiaçı tərəfindən Polis orqanına müraciətdə cavabdehin hərəkətlərindən şikayət edən zaman onun şərəf və ləyaqətinə, eyni zamanda, işgüzar nüfuzuna ziyan vurması barədə hər hansı bir tələb irəli sürülməmişdir. Bu səbəbdən də, iddia ərizəsi həmin hissədə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X3” haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, qanunvericiliyin tələbləri əsasında müəyyən olunmuşdur ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilmədiyindən iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan, məlumatların təkzib edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov