Məhkəmə qərarları › İş №2(012)-1168/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1168/2021

21.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1168/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum bacısı X5 müalicə xərclərinə görə ödədiyi 4500 manat, tərəfindən qarşılanmış 5700 manat dəfn və yas mərasim xərclərinin və eləcə də qəbr üstünün götürülməsi və baş daşının qoyulması üçün tələb olunan 1700 manat, dövlət rüsumu kimi ödədiyi 30 manat vəsaitin, cəmi 11930 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X10 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı mərhum bacısı X9 Cavabdeh ilə 2006-ci ildə faktiki ailə həyatı qurmuşlar, 22.09.2012-ci ildə rəsmi nigahları qeyd olunmuşdur. Birgə nikahlarından övladları olmamışdır. Uzun müddət cavabdehlə birlikdə mehriban yaşamışlar, aralarında hər hansı narazılıqları olmamışdır. İddiaçının mərhum bacısı X9 Cavabdeh ilə birgə yaşadıqları və birgə nikahda olduqları dövrdə əldə etdikləri vəsait (hesabına 2012-ci ildə Kapital Bank ASC-yə 10 illik faizi hesablanmaqla 3000 manat pulu, 2019-cu ildə 30000 manat məbləğində pulu bir illiyə faiz hesablanmaqla Accessbank QSC-yə banka cavabdehin adına qoymuşlar. ünvan 1 ünvanı 2019-cu ildə ( bir otaqlı) 42000 manata almışlar, həmin ev mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınmışdır. İddiaçının mərhum bacısı X9 2018-ci ilin sonlarında ankoloji xəstəliyə tutulmuş və xəstəliyi ilə bağlı mütəmadi müalicə almışdır. Cavabdeh ilkin olaraq iddiaçının bacısının müalicəsinin xərclərini ödəsə də 2019-cu ilin əvvəlindən bacısına qarşı münasibəti pisləşmiş, müalicə xərclərini ödəməkdən imtina etmiş, hətta onun üzünə qarşı onunla yaşamaq istəmədiyini bildirmişdir. Son bir ilə yaxın iddiaçının bacısının müalicə xərcləri iddiaçının özü və qardaşı tərəfindən qarşılanmışdır, 2019-cu ilin sonlarından isə cavabdeh iddiaçının xəstə bacısına ümumiyyətlə heç bir diqqət göstərməmiş, yaşadıqları evdə onu tək qoyaraq evdən çıxıb öz qohumlarının evində qalmış, hərdənbir evə gəlib-getmiş, hər dəfə də evə gələndə bacısına onu incidən, səhhətinə mənfi təsir göstərən, yəni “Bu xəstəlikdən sağalan deyilsən, onsuz da öləcəksən” və sair sözlər deyərək çıxıb getmişdir. 2020-ci ilin əvvəlində cavabdeh mərhum bacısı X7 qarşı Abşeron rayon Məhkəməsində ( iş2 (012)-825/2020 saylı ) nikahın pozulması barədə iddia qaldırmışdır. İddiaçının mərhum bacısı X9 bu barədə məlumat bildikdən sonra xəstəliyi şiddətlənmiş, hüquqlarının müdafiə edilməsi üçün vəkil tutaraq cavabdehə qarşı Abşeron rayon Məhkəməsində birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddia qaldırmış, məhkəmə vasitəsi ilə Kapitalbank ASC-yə, Accessbak QSC-yə banka sorğular verilərək sübutlar toplanmış, birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanının üzərinə ünvan 3dur. Həmin mülki iş üzrə məhkəmədə işə baxılarkən iddiaçının bacısı X9 Cavabdeh birgə nikah dövründə əldə etdikləri ümumi əmlakdan onun payına düşəcək hissəsindən onun müalicəsinə köməklik göstərməsini istəsə də o, bundan imtina etmişdir. İddiaçı bacı qardaşın vəsaiti hesabına bacıları X5 müalicəsi davam etdirilsə də bu, yetərli olmamış, həyat yoldaşı olan cavabdehin iddiaçının bacısına ona qarşı etdiyi biganəlik göstərilsə də maliyyə çatışmazlığı nəticəsində keyfiyyətli müalicə ala bilməməsi ucbatından X9 29.04.2020-ci ildə vəfat etmişdir. X3 rayonu Göbəktala kəndində dəfn edilmiş, bütün dəfn, yas mərasiminin xərcləri iddiaçı və onun ailə üzvü tərəfindən qarşılanmışdır, cavabdeh dəfnə, yas məclisinə gəlməkdən, xərcləri qarşılamaqdan imtina etmişdir. Cavabdehə dəfələrlə sifariş edərək birgə nikah dövründə əldə etdikləri ümumi əmlakdan iddiaçının bacısının payına düşəcək hissəsindən dəfn və yas mərasiminin xərclərinə köməklik göstərməsini, 500 manata qəbr üstü baş daşının sifariş edildiyini, lakin pul olmadığından sifariş yerinə yetirilmədiyini, həmin pulun ödənilməsini, bacısına cehiz olaraq verilən əmlakların qaytarılmasını istəsələr də cavabdeh bundan imtina etmişdir. İddiaçının yaşadığı kənd də yas yerlərində ölü yiyəsinə köməklik etmək məqsədi ilə məclisə siyahı qoyulur, bacılarıənın övladı olmadığından məclisə siyahı qoyulmamşdır. Hazırda iddiaçının bacısının qəbir üstü belə götürülməmiş, dəfn və yas mərasiminin xərcləri iddiaçı tərəfındən borc pul hesabına qarşılanmış, lakin onun layiqsiz vərəsəsi olan həyat yoldaşı olmuş cavabdeh birgə nikah dövründə əldə etdikləri ümumi əmlakdan iddiaçının bacısının payına düşəcək əmlakı və cehizini mənimsəyərək öz bildiyi kimi istifadə edir. İddiaçının mərhum bacısı X2 bir ildə müalicə xərcləri, dərmanlarının alınması iddiaçı tərəfindən qarşılanmış və təxmini olaraq 4500 manat pul xərcləmişdir. İddiaçının mərhum bacısı X5 dəfn və 3-7 mərasimlərində ehsan xərcləri 3700 manat (dəfn, yas çadırı və 700 adam üçün ehsan hazırlanması), cümə axşamlarına çəkilən xərclər ,(4 dəfəyə hər dəfə 30-40 adam üçün ehsan hazırlanması) 800 manat, 40 mərasiminə çəkilən xərclər(yas çadırı və 150 adam üçün ehsan hazırlanması) 1200 manat olmuşdur. Eləcə də mərhumun qəbir üstünün götürülməsinə və baş daşının qoyulmasına 1700 manat vəsait tələb olunur. Mərhum bacısı X1 həyat yoldaşı olmuş Cavabdeh isə birgə nikah dövründə əldə etdikləri ümumi əmlakdan iddiaçının bacısının payına düşəcək əmlakı və bacısının cehizini ələ keçirsə də illərlə bir yerdə yaşadığı həyat yoldaşının qarşısında öz son vəzifəsini yerinə yetirməkdən və onun dəfn və yas mərasim xərclərini, qəbr üstünün götürülməsi və baş daşının qoyulması xərclərini ödəməkdən imtina edir. X5 müalicəsinə, dəfn və yas mərasim xərclərinə görə iddiaçının ödədiyi pulları borc olaraq almış, hazırda borc sahibləri verdikləri pulları tələb edir. X5 müalicə xərclərinin, dəfn və yas mərasim xərclərinin və eləcə də qəbir üstünün götürülməsi və baş daşının qoyulması xərclərinin ödənilməsi zəruri vəsaitə (əmlaka) malik olsa da, onun əmlakına sahib çıxmış cavabdeh bu xərcləri ödəmək istəmir. Hesab edir ki, iddiaçının mərhum bacısı X5 müalicəsinə, dəfn və yas mərasiminə çəkdiyi xərclər, eləcə də mərhumun qəbr üstünün götürülməsi və baş daşının qoyulması xərcləri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ona görə də iddia tələbinin təmin olunması xahiş olunur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Expresspay ödəniş terminalından qəbzdən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. -DİN-nin Maps şöbəsinin 13.01.2020-ci il tarixli arayışından görünür ki, Qafarov X12 rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi 166A saylı evin 5 saylı mənzilində qeydiyyatdadır. -İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.05.2020-ci il tarixli AZ-İİ № 078030 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 29.04.2020-ci il tarixdə mədə girəcəyinin bədxassəli yeni törəməsi xəstəliyindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 236 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08.01.2020-ci il tarixli 195667 saylı arayışdan görünür ki, Cavabdeh ilə X8 22.09.2021-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 651 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Qafarova soyadı verilmişdir. -İmişli RİHB-nın Göbəktala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17.11.2020-ci il tarixli 533 saylı arayışdan görünür ki, X13 bacısı X9 29 aprel 2020-ci ildə İmişli rayonunun Şahverdili kəndində vəfat etmiş və İmişli rayon Göbəktala kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimini mərhumənin qardaşı X13 və bacısı İddiaçı ilə birlikdə təşkil etmişlər. -Abşeron Rayon Məhkəməsinin 21.01.2020-ci il tarixli 2(012)-816/2020 saylı qərardadından görünür ki, ərizə təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, **********76-05301-093003 reyestr nömrəli 28.10.2019-cu il tarixli çıxarışla Cavabdeh mülkiyyətinə verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 168A, 5 saylı mənzilin üzərinə işə mahiyyəti üzrə baxılıb qurtaranadək həbs qoyulmuşdur. -Kapital Bank ASC-nin 13.03.2020-ci il tarixli 15700/2-1147 saylı arayışından görünür ki, qərarın icrası ilə əlaqədar araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh Bankın Gənclik (keçmiş “Rabitə”) filialında 26.01.2012-ci il tarixdə illik 17%-lə 10 il müddətinə 3000,00 (üç min,00) manat məbləğində pul vəsaitini əmanətə 188MSUM1 20260001 №li müqavilə) qoymuşdur. -Accessbank QSC-nin 28.02.2020-ci il tarixli hesabdan çıxarışından görünür ki, 16.09.2019-cu il tarixinə açılmış AZ64ACAB******************** saylı cari hesaba 28.02.2020-ci il tarixinə 0.00 manat, 16.09.2019-cu il tarixinə açılmış AZ95ACAB********************8 kart hesabına 28.02.2020-ci il tarixinə 0.98 manat, AZ08ACAB******************** saylı hesaba 28.02.2020-ci il tarixinə 3000.49 manat əmanət, 16.09.2020-ci il tarixli AZ878ACAB******************** saylı hesaba 30000 manat vəsait qoyulmuş, sonuncu hesab 17.12.2019-cu il tarixdə bağlanmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.10.2019-cu il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi 166A saylı evin 5 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 28.10.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı mərhum bacısı X9, Cavabdeh ilə 2006-ci ildə faktiki ailə həyatı qurmuşlar və 22.09.2012-ci ildə rəsmi nigahları qeyd olunmuş, birgə nikahlarından övladları olmamışdır. İddiaçının mərhum bacısı X9 2018-ci ilin sonlarında ankoloji xəstəliyə tutulmuş, 29.04.2020-ci ildə vəfat etmiş, İmişli rayonu Göbəktala kəndində dəfn edilmişdir. İddiaçı mərhumun əri Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum bacısı X5 müalicə xərclərinə görə ödədiyi 4500 manat, tərəfindən qarşılanmış 5700 manat dəfn və yas mərasim xərclərinin və eləcə də qəbr üstünün götürülməsi və baş daşının qoyulması üçün tələb olunan 1700 manat, dövlət rüsumu kimi ödədiyi 30 manat vəsaitin, cəmi 11930 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəf iddia tələbində mərhum bacısı X5 ankoloji xəstəlik nəticəsində müalicə pullarının və dəfn edilməsi xərclərinin onun tərəfindən ödənilməsini iddia ərizəsində və izahatında əsaslandırmağa çalışsa da, izahatında göstərdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddianın əsaslığını sübut edə bilməmişdir. Belə ki, iddiaçı bacısının müalicə pulu olan 4500 manat pulun dərmanlara, həkim müayinəsinə və müalicəsinə xərclədiyini sübut edən hər hansı sənədləri (kassa mədaxil qəbzləri və s.) məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçının iddia etdiyi mərhum bacısının 5700 manat dəfn və yas mərasim xərclərinin və eləcə də qəbr üstünün götürülməsi və baş daşının qoyulması üçün tələb olunan 1700 manat çəkdiyi xərcləri sübut edən hər hansı sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X4 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası sübut edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu xərci İddiaçı aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar