Məhkəmə qərarları › İş №2(012)-12/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-12/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-12/2025 18.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1797,38 manat əsas borc, 29,34 manat faiz borcu və 128,37 manat cərimə borcu olmaqla, cəmi 1955,09 manat borcun və ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 vərəsələri Cavabdeh6, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 ilə əvəz olunaraq, müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cü il tarixli kredit müqaviləsi üzrə 1797,38 manat əsas borc, 29,34 manat faiz borcu və 128,37 manat cərimə borcu olmaqla, cəmi 1955,09 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 2087,34 manat kredit götürmüşdür. Lakin məhkəməyə təqdim olunmuş ölüm haqqında şəhadətnamədən məlum olmuşdur ki, Cavabdeh1 xx.xx.2020-ci ildə vəfat etmişdir. 14 oktyabr 2021-ci il tarixli 2V-289 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə Cavabdeh1 vərəsələri Cavabdeh6, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixədək Cavabdeh1 banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1797,38 manat əsas borc, 29,34 manat faiz borcu və 128,37 manat cərimə borcu olmaqla, cəmi 1955,09 manat borcu olmuşdur. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh6 məhkəməyə teleqram ünvanlayaraq, anasının təcili əməliyyatı ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 11-Y-1-0-446-15 saylı kredit müqaviləsi və ona 1 saylı Əlavədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə hesablanmaqla 2087,34 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 29 sentyabr 2021-ci il tarixinədək xx.xx.2019-cu il tarixli, 11-Y- 1-0-446-15 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 1797,38 manat əsas borc, 29,34 manat faiz borcu və 128,37 manat cərimə borcu olmaqla, cəmi 1955,09 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 214719 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində vəfat etmişdir. İş materiallarında olan Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş 14 oktyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsələri - oğlu Cavabdeh6, qızı Cavabdeh3, oğlu Cavabdeh5, oğlu Cavabdeh2 və arvadı Cavabdeh4 və onların hər birinin miras əmlakdan, yəni Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, 17/75 1754 nömrəli məktubuna əsasən Abşeron rayon İcra və Probasiya şöbəsinin depozit hesabına Cavabdeh1 adına "xxxx" İKB tərəfindən köçürülmüş 19533 manat pul vəsaitindən 1/5 hissədə pay almalı olduqları qeyd edilmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci, 1133.1-ci, 1151.1-ci və 1306.1-ci maddələri təşkil edir. İşin faktiki hallarından göründüyü kimi İddiaçı ASC ilə borclu-mərhum Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 11-Y-1-0-446-15 nömrəli kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş 14 oktyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi xx.xx.2020-ci il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsələri - oğlu Cavabdeh6, qızı Cavabdeh3, oğlu Cavabdeh5, oğlu Cavabdeh2 və arvadı Cavabdeh4 və onların hər birinin miras əmlakdan, yəni Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, 17/75 1754 nömrəli məktubuna əsasən Abşeron rayon İcra və Probasiya şöbəsinin depozit hesabına Cavabdeh1 adına "xxxx" İKB tərəfindən köçürülmüş 19533 manat pul vəsaitindən 1/5 hissədə pay almalı olduqları qeyd edilmişdir. Məhkəmə qeyd olunan faktiki hallara istinad edərək və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, mərhum Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11-Y-1-0-446-15 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh6, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 vərəsələr olaraq İddiaçı ASC qarşısında öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. xx.xx.2019-cu il tarixli, 11-Y-1-0- 446-15 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər üzərinə götürdükləri öhdəlikləri, yəni borc məbləğini kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşlar. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin xx.xx.2019-cu il tarixli, 11-Y-1-0-446-15 saylı kredit müqaviləsinə əsasən hesablanmış 128,37 manat məbləğində cərimənin azaldılması cavabdehlərin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək cərimə pulu 10 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat cavabdehlərdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 vərəsələri Cavabdeh6, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 11-Y-1-0-446-15 saylı kredit müqaviləsi üzrə 1797,38 manat əsas borc, 29,34 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 1836,72 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar