Məhkəmə qərarları › İş №2(012)-1229/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1229/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1229/2023 07.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 23000 manat pulun və ödənilmiş 159 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə ev alqı-satqısı ilə məşğul olan Cavabdeh2 və X11 adlı şəxslər ona təqdim etdiyi X6 14 aprel 2006-cı il tarixli, 19 saylı qərarı əsasında 0,10 ha torpaq sahəsinə alqı-satqı etmiş və həmin torpağın müqabilində pulu nəğd qaydada vermişdir. 10000 manat məbləğində pulu qardaşı Samir və mərhum atasının yanında dəllal Cavabdeh2 vermişdir. Rasim pulu Mehdiyev Qabilə verdiyini bildirmiş və sonra onun adına 14 saylı notariat kontorunda torpaq sahəsinə dair etibarnamə vermişdir. Bundan sonra torpaq sahəsinin üzərində öz vəsaiti hesabına yaşayış evi tikilmiş və fərdi yaşayış evinin tikintisinə 13000 manat məbləğində xərc çəkmişdir. Uzun müddət həmin yaşayış evində ailə üzvləri ilə bərabər yaşamışdır. Sonradan Abşeron Rayon Məhkəməsində iddiaçı X7 ona qarşı torpaq sahəsindən çıxarılma və mənzilin sökülməsi tələbinə dair iddia qaldırmış və sahəyə dair reyestrdən çıxarışı məhkəməyə təqdim etmişdir. Bundan sonra Qabil Mehdiyev və Cavabdeh2 tərəfindən aldadıldığını anlamışdır. Arxiv idarəsinə rəsmi müraciət əsasında sənədlərin nə Bələdiyyədə, nə də Abşeron Rayon arxivində olmaması müəyyən edilmişdir. Cavabdehlərin onu aldatması və saxta sənəd yolu ilə torpağı satmasının nəticəsi olaraq, torpaq sahəsi üzərində tikilən evin icra məmurları tərəfindən sökülməsinə dair sənədlər var. Ona cavabdehlər tərəfindən 23000 manat məbləğində maddi ziyan vurulmuşdur. Özü ağ qan xəstəliyindən əziyyət çəkir və bu cür hərəkətlərin nəticəsi olaraq səhhəti pisləşmiş, iş qabiliyyəti zəifləmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı, habelə onun vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, mübahisəli torpaq sahəsinin əsl sahibi Yusif adlı şəxs olmuş, sənəddə isə sahibi Cavabdeh1 göstərilmişdir. O, torpaq sahəsinin alınması üçün dəllal kimi iddiaçını Yusiflə tanış etmiş, pulu da məhz Yusif iddiaçıdan almışdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. O bildirdi ki, mübahisəli torpaq sahəsi bələdiyyə sənədinə görə onun adına olsa da, faktiki sahibi Yusif adlı şəxsdir. 2014-cü ildə Yusif ona demişdir ki, torpaq sahəsinə görə iddiaçının adına etibarnamə versin. O da Yusifin tapşırığını yerinə yetirmiş və iddiaçıya etibarnamə vermişdir. Torpaq sahəsinə görə iddiaçıdan pul almamışdır. Məhkəmə iclasında şahid X8 göstərdi ki, iddiaçının qardaşıdır. 2014-cü ildə o, atası, qardaşı və onun arvadı torpaq sahəsi almaq üçün Qobu qəsəbəsinə getmişlər. Torpaq sahəsinin yiyəsini tanımamışlar, lakin əmlak üçün 2250 manat pulu dəllal kimi fəaliyyət göstərən Cavabdeh2 vermişlər. Sonradan isə ona 300 manat pul da ödəmişlər. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X9 göstərdi ki, iddiaçının baldızıdır. 2014cü ildə o, bacısı, onun əri, yəni iddiaçı, onun qardaşı və atası torpaq sahəsi almaq üçün Qobu qəsəbəsinə getmişlər. Torpaq sahəsinin yiyəsini tanımamışlar, lakin 2250 manat pulu dəllal kimi fəaliyyət göstərən Cavabdeh2 vermişlər. Sonradan isə ona ofisində 300 manat pul da ödəmişlər. Cavabdeh2 demişdir ki, torpaq sahəsinə dair Bələdiyyədə sənədləşdirmə etdirib Əfqana təqdim edəcəkdir. Məhkəmə iclasında şahid X5 göstərdi ki, iddiaçının arvadıdır. 2014-cü ildə o, əri, bacısı, qaynı və qayınatası torpaq sahəsi almaq üçün Qobu qəsəbəsinə getmişlər. Torpaq sahəsinin yiyəsini tanımamışlar, orada nə Qabili, nə də başqa şəxsi görməmiş, onlarla ünsiyyətdə olmamışlar. Bütün əməliyyatlarda dəllal kimi fəaliyyət göstərən Cavabdeh2 iştirak etmişdir. Məhkəmə tərəfləri və şahid ifadələrini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından olan Abşeron rayonu X13 xx.xx.2006-cı il tarixli, 19 saylı qərarının surətindən görünür ki, fərdi mənzil tikintisi məqsədilə Qobu qəsəbəsində Cavabdeh1 0,10 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli, 375281 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh1 istifadəsində olan Qobu qəsəbəsindəki 0,10 ha torpaq sahəsi və üzərində yerləşən tikintiyə dair bir sıra səlahiyyətləri (o cümlədən sərəncam verməyi) 50 il müddətinə İddiaçı etibar etmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-216/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş AA 030621 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən iddiaçı X2 mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,045 ha torpaq sahəsinin 0,0124 ha hissəsindən cavabdehlər X3, 76 m2 hissəsindən X12 və 0,0213 ha hissəsindən X1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş AA 028508 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən iddiaçı X2 mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin 82 kv.metr hissəsindən X10 və 78 kv.metr hissəsindən İddiaçı çıxarılmaları qət edilmişdir. İşdə olan Abşeron rayon Polis İdarəsinin TŞ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh2 barəsində etdiyi şikayət ərizəsinə dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonu X13 xx.xx.2006-cı il tarixli, 19 saylı qərarı ilə fərdi mənzil tikintisi məqsədilə Qobu qəsəbəsində Cavabdeh1 0,10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı iddia edir ki, 2014-cü ildə Qobu qəsəbəsində ev tikmək üçün torpaq sahəsi əldə etmək istəmiş, bu məqsədlə dəllal işləyən Cavabdeh2 müraciət etmiş, torpaq sahəsinin alınması üçün ona 2600 manat pul vermiş, bundan sonra onun adına etibarnamə verilmiş və iddiaçı orada ev inşa etmişdir. İşdən də görünür ki, xx.xx.2014-cü il tarixli, 375281 saylı etibarnamə ilə Cavabdeh1 istifadəsində olan Qobu qəsəbəsindəki 0,10 ha torpaq sahəsi və üzərində yerləşən tikintiyə dair bir sıra səlahiyyətləri (o cümlədən sərəncam verməyi) 50 il müddətinə İddiaçı etibar etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-216/2022 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş AA 028508 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən iddiaçı X2 mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin 78 kv.metr hissəsindən İddiaçı çıxarılması qət edilmişdir. Hazırda Qədimov X4 Qabil Sabir oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 23000 manat pulun və 159 manat ödənilmiş dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O iddia edir ki, torpaq sahəsinin əldə edilməsi və orada ev inşa etdirməsinə görə cəmi 23000 manat xərci çıxmışdır. Cavabdehlərin ona başqa şəxsin torpaq sahəsini vermələri və bu sahənin sonradan məhkəmə qətnaməsilə ondan alınması nəticəsində cavabdehlər ona 23000 manat ziyan vurmuşlar və həmin məbləğ onlardan müştərək qaydada tutulmalıdır. Tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə tərəflər arasında hər hansı öhdəlik münasibətləri yaranmamışdır. Cavabdehlər mübahisəli torpaq sahəsi ilə bağlı İddiaçı qarşısında hər hansı öhdəlik götürməmişlər, bu barədə hər hansı əqd bağlanmamışdır. Torpaq sahəsilə bağlı yeganə əqd Cavabdeh1 iddiaçıya verdiyi xx.xx.2014-cü il tarixli, 375281 saylı etibarnamədir ki, bu sənəddə torpaq sahəsinin dəyəri və bu məbləğin kimin tərəfindən qəbul edilməsi göstərilmir. Torpaq sahəsinə görə Cavabdeh2 2600 manat pul verilməsini yalnız iddiaçının izahatı təsdiq edir ki, məhkəmənin qənaətinə görə bu izahat iddianın təmin edilməsi üçün yetərli deyildir. Torpaq sahəsinə görə pulun verilməsi barədə şahid ifadələri də hazırki mübahisə üzrə mötəbər sübut növü hesab edilmir, bu barədə işdə hər hansı yazılı sübut (qəbz və s.) yoxdur. İşdən, həmçinin görünür ki, iddiaçının inşa etdiyi tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd mövcud deyildir, yəni bu tikili qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli əmlakla (torpaq sahəsi və yaşayış evi) bağlı öhdəlik yaranmadığından, eləcə də cavabdehlər iddiaçının əmlakı hesabına əsassız varlanmadıqlarından və öz hərəkətləri ilə iddiaçıya zərər vurmadıqlarından İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar