Məhkəmə qərarları › İş №2(012)-126/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-126/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-126/2025 03.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı kredit borcunun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı kredit borcunun tutulması tələbinə dair məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada kreditor "xxxx" ASC-nin xeyrinə 913 manat məbləğində əsas, 822 manatməbləğində faz borcu, ümumilikdə 1735 manat məbləğində kredit borcunun, hüquqi şəxsin sənədlərinin notarial qaydada təsdiqi və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş müvafiq olaraq 19 manat və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə əmr çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı ASC-nin “Nizami” filialı ilə borclu Cavabdeh1 arasında bağlanılmış xx.xx.2012-cü il tarixli, 057 NZİK N:li «Kredit müqaviləsi»nə əsasən, borcluya şəxsi məqsədlər üçün 18 (on səkkiz) ay müddətinə, 1.380 (bir min üç yüz səksən) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.3. bəndinə əsasən, kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 (otuz) gün müddətin bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə 4.1. bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılır. Qeyd olunan «Kredit müqaviləsi»nin 3.4. bəndinə əsasən, «Kredit alan» kreditdən istifadəyə görə «Kredit verən»ə illik 25 (iyirmi beş) % faiz ödəyir. Cavabdeh1 il\ bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 057 NZİK № li “Kredit müqaviləsi”nin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə "xxxx" MMC zamin durmuşdur. Bu məqsədlə "xxxx" MMC ilə xx.xx.2012-ci il tarixli “Zaminlik” müqaviləsi bağlanmışdır. Bank tərəfindən pul məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Abşeron Rayon Məhkəməsinin 18 iyun 2015-ci il tarixli 2(012)-3547/2015 saylı əmri ilə borclular Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada kreditor "xxxx" ASC-nin xeyrinə cəmi 913 manat məbləğində əsas, 822 manatməbləğində faiz borcu, ümumilikdə 1735 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. Borclu Cavabdeh1 həmin əmrə etiraz verərək, Abşeron Rayon Məhkəməsinin 18 iyun 2015-ci il tarixli 2(012)-3547/2015 saylı əmrini ləğv edib, iddia icraatına keçilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3547/2015 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin 18 iyun 2015-ci il tarixli 2(012)- 3547/2015 saylı məhkəmə əmri ləğv edilərək, işə iddia icraatı qaydasında mahiyyəti üzrə baxılması davam etdirilmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Mülki- Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 057 NZİK saylı 19 noyabr 2012-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı həmin müqavilə əsasında 18 ay müddətinə illik 25 % dərəcəsi ilə 1380 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 19 noyabr 2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, 057 NZİK saylı 19 noyabr 2012-ci il tarixli kredit müqaviləsinə görə Cavabdeh1 İddiaçı ASC qarşısındakı öhdəliklərinə "xxxx" MMC təminat vermişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7050 saylı rəyindən görünür ki, 057 NZİK saylı 19 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixinə 920,37 manat əsas borc, 446,76 manat faiz borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 057 NZİK saylı 19 noyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 18 ay müddətinə illik 25 % ödəmək şərtilə 1380 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təminatı kimi bankla digər cavabdeh "xxxx" MMC arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh1 götürdüyü kredit məbləğini müəyyən edilmiş müddət ərzində faizi ilə birlikdə qaytarmaq barədə öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Cavabdeh1 19 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə banka borcu yaranmışdır. Mübahisənin obyektiv həll edilməsi məqsədilə Məhkəmənin müvafiq qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Qeyd olunduğu kimi, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7050 saylı rəyindən görünür ki, 057 NZİK saylı 19 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixinə 920,37 manat əsas borc, 446,76 manat faiz borcu vardır. Rəydəki əsas borc məbləği iddia tələbindəki müvafiq borcdan çox olduğuna görə, MPM-nin 218.3-cü maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hazırda yaranmış əsas borc 913 manat, faiz borcu isə rəyə əsasən 446,76 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə iddia tələbini cavabdeh zaminə münasibətdə qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı “LPO İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə cəmi 20 manat dövlət rüsumu ödənilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri isə 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş cavabdeh-zamin "xxxx" MMC Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada 057 NZİK saylı 19 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 913 manat məbləğində əsas borc və 446,76 manat faiz borcu olmaqla, cəmi 1359,76 manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pul alınaraq iddiaçı LPO İddiaçı ASC-yə verilməli, iddia qismən təmin edilməlidir. Həmçinin İddia qalan hissədə təmin edilməməlidir. Ekspertiza xərci kimi tələb edilən 50 manat cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 913 manat məbləğində əsas borc və 446,76 manat faiz borcu olmaqla, cəmi 1359,76 manat manat pul və 20 manat dövlət rüsumunun əvəzi LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci kimi tələb edilən 50 manat cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar