Məhkəmə qərarları › İş №2(012)-1262/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1262/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1262/2022 09.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 017A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh bankın xeyrinə 2175,52 manat məbləğində kredit borcu, 226,62 manat məbləğində faiz borcu və 226,25 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2628,39 manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 46,29 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2020-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3400 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə hazırki vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsait olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 156 gün üçün hesablanmış faiz borcu 226,62 manat təşkil edir. Kredit razılaşmasının 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 156 gün üçün hesablanmış cərimə 226,25 manat təşkil edir. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayıb mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 017A********** saylı kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı həmin müqavilə əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3400 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2021-ci il tarixinə Cavabdeh İddiaçı QSC-yə xx.xx.2020-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi üzrə 2175,52 manat məbləğində kredit borcu, 226,62 manat məbləğində faiz borcu və 226,25 manat məbləğində cərimə olmaqla, cəmi borcu 2628,39 manat təşkil edir. İşdə olan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, məlum kredit müqaviləsi üzrə yaranmış borc və onun ödənilməli olması barədə cavabdehə bank tərəfindən xəbərdarlıq edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2020-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 226,25 manat məbləğində cərimənin məbləği azaldılaraq 10 manat müəyyən edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2020-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi üzrə 2175,52 manat əsas borc, 226,62 manat məbləğində faiz borcu və 10 manat cərimə olmaqla, cəmi 2412,14 manat məbləğində pul alınaraq İddiaçı QSC-yə qaytarılmalıdır. Mülki Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı QSC ilə bağlanan müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan və iddiaçı müqavilənin ləğvini tələb etdiyindən tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi ləğv edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 2175,52 manat əsas borc, 226,62 manat məbləğində faiz borcu və 10 manat cərimə olmaqla, cəmi 2412,14 manat pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən iddia ərizəsinin verilməsinə görə 46,29 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 46,29 manat dövlət rüsumu Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi ləğv edilsin. Həmin müqavilə üzrə Cavabdeh 2175,52 manat əsas borc, 226,62 manat faiz borcu və 10 manat cərimə olmaqla, cəmi 2412,14 manat pul və 46,29 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar