Məhkəmə qərarları › İş №2(012)-1278/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1278/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1278/2022 28.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2 kаtibliyi ilə, İddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Nikoyl İKB ASC ilə Cavabdeh arasında bağlanmış 20.09.2019-cu il tarixli 23-Y-1-0-1787-19 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən əsas borca görə 5944.06 manat, faiz borcuna görə 247.69 manat, cəriməyə görə 15.02 manat olmaqla cəmi 6206.77 manat borcun və ödənilmiş 82.07 manat dövlət rüsumunun tutularaq YeloBank Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi qalan hissədə saxlanılmaq şərtilə Cavabdeh əsas borca görə 3614.06 manat, faiz borcuna görə 348.49 manat, cəriməyə görə 67.95 manat olmaqla cəmi 4030.5 manat borcun və ödənilmiş 82.07 manat dövlət rüsumunun tutularaq YeloBank Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət edərək, iddia tələbi qalan hissədə saxlanılmaq şərtilə Cavabdeh əsas borca görə 2014.06 manat, faiz borcuna görə 371.93 manat, cəriməyə görə 70.53 manat olmaqla cəmi 2456.52 manat borcun və ödənilmiş 82.07 manat dövlət rüsumunun tutularaq YeloBank Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Nikoyl İKB ASC ilə Cavabdeh arasında bağlanmış 20.09.2019-cu il tarixli 23-Y-1-0-1787-19 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 17 faizlə 36 ay müddətinə 15000 manat kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 24.12.2021-ci il tarixədək Cavabdeh banka kredit müqaviləsinə əsasən əsas borca görə 5944.06 manat, faiz borcuna görə 247.69 manat, cəriməyə görə 30.04 manat olmaqla cəmi 6221.79 manat borcu yaranmış, lakin cərimə məbləğinə görə kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə 50 faizi miqdarında tələb olunmuşdur. Kredit müqaviləsi üzrə cavabdeh tərəfindən ödənişlər edilmiş, bu səbəbdən də iddia tələbinin həcminin azaldılması zərurəti yaranmışdır. Belə ki, hazırda, cavabdehin əsas borca görə 2014.06 manat, faiz borcuna görə 371.93 manat, cəriməyə görə 70.53 manat olmaqla cəmi 2456.52 manat borcu qalmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, qardaşı Cavabdeh Nikoyl İKB ASC ilə bağladığı 20.09.2019-cu il tarixli 23-Y-1-0-1787-19 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 17%-lə 36 ay müddətinə 15000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə ödənişlərini əvvəllər vaxtlı-vaxtında icra etsə də, sonradan maddi çətinliyi yarandığından qardaşı ödəniş edə bilməmişdir. Hazırda, cavabdeh tərəfindən mütəmadi olaraq kredit borcundan ödəniş edildiyindən iddiaçı tərəfindən tələb olunan ödəniş məbləği ilə razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Borc verən Nikoyl İKB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 20.09.2019cu il tarixli 23-Y-1-0-1787-19 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə qaytarmaq, illik 17 faiz dərəcəsi ilə 15000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -20.09.2019-cu il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, borcalan kredit müqaviləsi üzrə bankdan 15000 manat pul vəsaitini imza etməklə təhvil almışdır. -Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borcları 20.10.2019-cu il tarixdən başlayaraq, 20.09.2022-ci il tarixədək hər ay banka 534.79 manat (sonuncu ay 534.85 manat) ödəməklə qaytarmalıdır. -YeloBank ASC-nin 24.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borcalanın 20.09.2019-cu il tarixli 23-Y-1-0-1787-19 saylı kredit müqaviləsi üzrə banka əsas borca görə 5944.06 manat, faiz borcuna görə 247.69 manat, cəriməyə görə 30.04 manat olmaqla cəmi 6221.79 manat borcu vardır. -YeloBank ASC-nin 08.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalanın 20.09.2019-cu il tarixli 23-Y-1-0-1787-19 saylı kredit müqaviləsi üzrə banka əsas borca görə 3614.06 manat, faiz borcuna görə 348.49 manat, cəriməyə görə 67.95 manat olmaqla cəmi 4030.5 manat borcu vardır. -YeloBank ASC-nin 28.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalanın 20.09.2019-cu il tarixli 23-Y-1-0-1787-19 saylı kredit müqaviləsi üzrə banka əsas borca görə 2014.06 manat, faiz borcuna görə 371.93 manat, cəriməyə görə 70.53 manat olmaqla cəmi 2456.52 manat borcu vardır. -YeloBank ASC tərəfindən kredit alan Cavabdeh ünvanlanmış 03.05.2021-ci il tarixli 7138 saylı xəbərdarlıqdan görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və 03.02.2021-ci il tarixli, **********461600 nömrə ilə çıxarış verilmiş, əvvəlki qanuni təmsilçi X4, hazırki qanuni təmsilçi isə X5r. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC – adlı quruma, VÖEN **********, 203 dövlət qeydiyyatı nömrəsi ilə 25.02.1994-cü il tarixdə qeydə alınmış və 25.06.2021-ci il tarixli, **********620100 nömrə ilə çıxarış verilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 06.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 54 saylı evin 280 saylı mənzilində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan göründüyü kimi, borclu Cavabdeh bankdan kredit müqaviləsi üzrə borc götürmüş və kredit götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 445.1. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin araşdırılan hallarını və tədqiq edilmiş sübutları qiymətləndirib hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 70.53 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kredit müqaviləsi üzrə 2014.06 manat əsas borc üzrə hesablanmış 70.53 manat cərimənin azaldılaraq 5.00 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1.,421.2.,422.2.-ci maddələri.) İddia ərizəsində tərəflər arasında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğvi cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 82.07 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından kredit müqaviləsi ləğv edilməli, kredit müqaviləsi üzrə əsas borca görə 2014.06 manat, faiz borcuna görə 371.93 manat, cəriməyə görə 5.00 manat olmaqla cəmi 2390.99 manat borc və ödənilmiş 82.07 manat dövlət rüsumu Yelo Bank ASC-nin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Nikoyl İKB ASC ilə Cavabdeh arasında bağlanmış 20.09.2019-cu il tarixli 23-Y-1-0- 1787-19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 20.09.2019-cu il tarixli 23-Y-1-0-1787-19 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2014.06 (iki min on dörd manat altı qəpik) manat, faiz borcuna görə 371.93 (üç yüz yetmiş bir manat doxsan üç qəpik) manat, cəriməyə görə 5.00 (beş) manat olmaqla cəmi 2390.99 (iki min üç yüz doxsan manat doxsan doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 82.07 (səksən iki manat yeddi qəpik) manat pul vəsaiti YeloBank Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar