Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1291/2025 20.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh2, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2008-ci ilin iyun ayında ödədiyi 60000 ABŞ dolları məbləğində pulun, eləcə də 16 il müddətində həmin pul məbləğinin AR Mərkəzi Bankın uçot dərəcəsinə uyğun hər il üçün 5% olmaqla 48000 ABŞ dolları, cəmi 108000 ABŞ dolları məbləğində pulun AR Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun şəkildə tutulması barədə qətnamə qəbul edilməsini, cavabdehlərin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün onların barəsində xüsusi qərardad çıxarılıb aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı xx.xx.2008-ci ildə ünvan 1 bağ evini (bağ sahəsini) iş üzrə Cavabdeh2 60000 ABŞ dolları məbləğində pul ödəməklə əldə etmişdir. Həmin vaxtdan etibarən bağ evi iddiaçıya təhvil verilmiş və bu günə qədər də iddiaçının istifadəsindədir. Cavabdeh2 özünü iş üzrə digər Cavabdeh1 yaxın qohumu kimi təqdim etmiş və bağ sahəsinin müvafiq sənədlərini, habelə bağın sənədləşdirilməsi üçün etibarnaməni 6 saylı Notariat Kontorunda ilkin olaraq xx.xx.2008-ci il tarixdə iddiaçının yaxın qohumu X2, qohumu da öz növbəsində Azərbaycan Respublikasından kənarda işlədiyi üçün xx.xx.2008-ci il tarixdə iddiaçının adına vəkalətnamə və evin qeydiyyat vəsiqəsini vermişdir. İddiaçı öz növbəsində həmin vəkalətnamə əsasında müvafiq sənədləri toplayıb sözügedən bağ sahəsinə (torpaq sahəsinə) dair çıxarış əldə etmək istəyərkən məlum olmuşdur ki, iş üzrə Cavabdeh1 aidiyyəti üzrə ƏMDX-nin Bakı 1 saylı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə müraciət edərək, Nardaran qəsəbəsi, 137 nömrəli bağ evinə məxsus çıxarışın itirdiyini bəhanə etmiş və ona çıxarışın dublikatının verilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh bağ evinə xx.xx.2024-cü il tarixdə çıxarışı əldə etmişdir. Hazırda isə cavabdeh bağ evinin yerləşdiyi torpaq sahəsinə dair çıxarış əldə etmək üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. İddiaçı bütün bu məlumatları əldə etdikdən sonra Cavabdeh2 bununla bağlı dəfələrlə zəng etməsinə baxmayaraq Cavabdeh2 iddiaçının telefonlarına cavab verməmiş və beləliklə, cavabdehlər bağ evinin dolayı yolla təkrar çıxarışını əldə etməklə bağ evini iddiaçının əlindən almaq istəyini nümayiş etdirmişlər. Hesab edir ki, cavabdehlər bağ evini iddiaçıya satdıqlarına baxmayaraq, birtərəfli qaydada əqdin şərtini pozmaqla iddiaçıya külli miqdarda ziyan vurmuşlar. Bu səbəbdən cavabdehlərdən müştərək qaydada 2008-ci ilin iyun ayında iddiaçı tərəfindən ödənilmiş 60000 ABŞ dolları məbləğində pulun, eləcə də 16 il müddətində həmin pul məbləğinin AR Mərkəzi Bankın uçot dərəcəsinə uyğun hər il üçün 5% olmaqla 48000 ABŞ dolları, cəmi 108000 ABŞ dolları məbləğində pulun AR Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun şəkildə tutulmalıdır. Hesab edirlər ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əməlində cinayət tərkibi vardır və hazırki tələb ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. Həmçinin Cavabdeh1 pul verildiyi üçün iddiaçıya ya pul, ya da bağ evi verilməlidir. Sözügedən evin texniki pasportu və digər sənədlər iddiaçıya verilmişdir. 16 il müddətində iddiaçı sözügedən evdən istifadə etmişdir. Cavabdeh1 iddiaçı tərəfindən digər Cavabdeh2 verilmiş 60000 ABŞ dolları məbləğində pul aldığını etiraf etmişdir, belə ki, qeyd edilən məbləğdə pul Cavabdeh1 həyat yoldaşına verilmişdir. Evin qeydiyyat vəsiqəsi Cavabdeh1 adınadır. Qeyd edir ki, Cavabdeh2 ilə yanaşı Cavabdeh1 da cavabdeh qismində cəlb etsələr də mülki münasibətlər İddiaçı ilə Cavabdeh2 arasında yaranmışdır və iddiaçı tərəfindən birbaşa Cavabdeh1 pul verilməmişdir. Bağ evinin xeyli müddət iddiaçının istifadəsində olmasını iddiaçının pul verdiyi şəxs də etiraf etmişdir. Əlavə olaraq qeyd edir ki, hüquqi savadsızlıqdan irəli gələrək 15 il ərzində hazırki mübahisə ilə bağlı iddia qaldırmamışdır. Sənədləşdirmə ilə əlaqədar müvafiq orqana müraciət edilənə kimi, yəni 2024-cü ilə qədər İddiaçı bağa sahiblik etmiş və bağın darvazasında qıfıl olmuşdur. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmalı olsa da səhlənkarlıq ucbatından İddiaçı etibarnamə verilmişdir. Halbuki bu işdə pul bağ evinin alqı-satqısı üçün verilmişdir. Tərəflər arasında öhdəlik münasibətləri mövcud olmuş, bununla yanaşı əsassız varlanma ilə bağlı yaranmış münasibətlər də mövcuddur. Onlar tərəfindən 2 illik iddia müddətini ötürülməmişdir. İddiaçı sözügedən evin texniki pasportu və digər sənədləri verilsə də iddiaçı həmin sənədləri itirmişdir. Hazırda Cavabdeh1 bağ evinə faktiki sahiblik edir. Vəzir Həsənov ilə Cavabdeh1 Cavabdeh2 etibarnamə versələr də qarşı tərəf bu faktı danmışdır. Qeyd edir ki, bağ evi əvvəllər Cavabdeh1 məxsus olmamışdır. Onlara əvvəldən məlum olmamışdır ki, Cavabdeh2 və Cavabdeh1 əlbir deyildir. Məhz bu səbəbdən bağ sahəsi mübahisəli olduğu üçün hər iki şəxsi - Cavabdeh2 və Cavabdeh1 cavabdeh kimi cəlb etmişdirlər. Bağ sahəsi ilə bağlı Cavabdeh2 etibarnaməsi olduğuna görə pul vermişdirlər. İddiaçının indiyədək bağ evinə gedibgəlməyə heç bir maneçiliyi olmamışdır. Sözügedən bağ sahəsi ilə bağlı qarşı tərəfin etibarnaməsinin olması iddiaçı tərəfindən pul verilməsi faktını təsdiq edir. Hesab edirlər ki, hazırki tələb ilə bağlı məhkəməyə müraciət etmək üçün tərəflərindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, X9 Cavabdeh1 həyat yoldaşıdır. Belə ki, Vəzir Həsənov sözügedən bağ evini 2008-ci ildə notarial qaydada 60000 ABŞ dolları məbləğində pul müqabilində ona satmış, bağ sahəsi həmin vaxt Cavabdeh1 adına olmuşdur. O da öz növbəsində bağ sahəsini İddiaçı satmışdır. İddiaçı bağ evini aldığı zaman o, vasitəçilik etmiş, Vəzir Həsənovun bağ evinin satılmasında razılığı olmuşdur. O, iddiaçını 2008-ci ildən tanıyır. İddiaçı 60000 ABŞ dolları məbləğində pul vəsaitini Vəzir Həsənov almışdır. 6 saylı Notariat Kontorunda ona etibarnamə verilmiş, onunla birlikdə Vəzir Həsənov və Cavabdeh1 da sözügedən kontorda olmuşdurlar. İndi bağ evində İddiaçı yaşayır və həmin evdən istifadə edir. X9 hazırda sağdır, Cavabdeh1 isə yataq xəstəsidir. O, iddiaçının bağ evi ilə bağlı pul verdiyini təsdiq edir. Elə zənn etmişdir ki, iddiaçı bağ sahəsini artıq öz adına keçirmişdir. Qeyd edir ki, əgər bu məsələdə dələduzluq olsa idi, etibarnamə verilməzdi. İddiaçı yay aylarında sözügedən bağ sahəsində qalmış, o da həmin evi 60000 ABŞ dolları məbləğində pul müqabilində iddiaçıya satmışdır. X5 iş yoldaşı ilə bir yerdə işləmişdir. İddiaçı 60000 ABŞ dolları məbləğində pulu Vəzir Həsənova bağ evinin qabağında vermiş, həmin yerdə o, İddiaçı və Vəzir Həsənov olmuş, Cavabdeh1 isə orada olmamışdır. Sözügedən evin çıxarışını X9 ona, o da iddiaçıya vermişdir. İddiaçı bağ evi üçün pulu Vəzir Həsənova verdiyini vaxtilə ona bildirmişdir. Vəzir Həsənov ev ilə bağlı sənədləri ona vermiş, həyat yoldaşı Cavabdeh1 isə notarius orqanına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1 iddia ərizəsinə etirazında və izahatında bildirdi ki, ünvan 1 ünvanda yerləşən bağ evi Cavabdeh1 faktiki istifadəsində və mülkiyyətindədir. Həmin bağ sahəsini cavabdeh həyat yoldaşı X9 ilə birgə nikah dövründə əldə etmişdir. Cavabdeh1 nə İddiaçı, nə də Cavabdeh2, ümumiyyətlə, tanımamışdır. Cavabdehin həyat yoldaşı 2007-ci ildə onların qonşuları Mehman adlı şəxsə torpaq sahəsini satmaq istədiyini bildirmiş və sonuncu da onlardan torpaq almaq istəyən şəxsləri bağa gətirib baxması və zərurət yaranacağı halda ilkin sənədləşdirmə işinin aparılması üçün onun adına etibarnamə veriməsini xahiş etmişdir. Onlar bir illik etibarnamə üçün və Mehmanın adına etibarnamə verilməsi ilə bağlı razılığa gəlmiş və Mehman onları 6 saylı notariat ofisinin qarşısına gətirərək etibarnaməyə qol çəkdirmişdir. Mehman həmçinin bildirmişdir ki, onsuz da həmin bağ sahəsi X9 ilə birgə nikah dövründə əldə olunduğu üçün gələcəkdə alqı-satqı müqaviləsi bağlanacağı halda Cavabdeh1 adına olan etibarnamə kifayət etməyəcəkdir. Bu səbəbdən də Cavabdeh1 həmin etibarnaməyə xüsusi fikir verməmiş və onu oxumamışdır. Sonradan Mehman həmin bağ sahəsini sata bilməmiş, Cavabdeh1 və həyat yoldaşı artıq bağı satmaq fikrindən daşınmışdırlar. Təqribən bir neçə il əvvəl onlar həmin bağ sahəsinə torpaq üçün də çıxarış almaq fikrinə düşmüş və bunu həyata keçirmək üçün sənədləşdirmə işləri aparmışdırlar. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 137 (yeni qaydalarla: AZ 1097, ünvan 2 ünvanında yerləşən bağ evi ərizədə iddia olunanın əksinə bu gün də Cavabdeh1 və onun ailə üzvlərinin faktiki mülkiyyətində və istifadəsindədir və onlar bu iddiadan sonra gedib orada şəkillər çəkmişdirlər. Əgər həqiqətən də ərizəçi İddiaçı həmin bağ sahəsini 2008-ci ildə almışdırsa, bu günə qədər nə üçün müqavilə bağlayıb onu öz mülkiyyətinə keçirməyə çalışmamış, eyni zamanda X4 razılığını almaqda maraqlı olmamışdır? Hazırki iddiada ilkin sübutlar mövcud deyildir və iddiada həm müqavilə üzrə, həm də ümumi iddia müddətləri ötürülüb verilməklə tamamilə əsassızdır. Qeyd edir ki, Mahir adlı şəxs vasitəsilə Cavabdeh1 aldadılmışdır. Belə ki, Cavabdeh2 adına etibarnamə verilmiş, Vəzir Həsənovun dediyinə görə Mahir adlı şəxs 30000 ABŞ dolları müqabilində bu evin satılacağını bildirmişdir. Bağ evinin açarı hazırda onlardadır və evin həyətyanı sahəsi alaq otları ilə əhatə olunmuşdur. İddiaçı bağ evi ilə bağlı hər hansı sənəd almaq üçün müvafiq orqana müraciət etmiş, lakin ev barədə onda rəsmi sənəd olmamışdır. Cavabdeh1 bağ sahəsinin qapısında kilid olduğunu və həmin kilidi qırıb sındırdığını etiraf etmişdir. Daha sonra iddiaçı həmin evin qapısına qıfıl asmışdır. İddiaçı bağdan istifadə etməmiş və orada yaşayış üçün şərait olmamışdır. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, Mehman adlı şəxs vaxtilə onların bağ qonşusu olmuş, daha sonra isə vəfat etmişdir. O, 1989-cu ildə bağ sahəsini almış və orada ev tikdirmişdir. Bağ sahəsi həmişə onların sahibliyində olmuşdur. Belə ki, o, Mehman adlı şəxs ilə danışmış, Mehman evi almaq istədiyini bildirmiş, onlar 30000 ABŞ dolları məbləğində pula razılaşmış, 1000 ABŞ dolları məbləğində pulu isə beh vermişdir. Mehman ona notaiusa getməyi bildirmiş, 12 iyul 2007-ci il tarixdə onunla həyat yoldaşı Cavabdeh1 və Mehman notariusa getmişdirlər. Mehman onların şəxsiyyət vəsiqələrini almış, Cavabdeh1 da bilmədən etibarnaməyə qol çəkmişdir. Onlar Mehmana inanmışdırlar, belə ki, aralarında bir il müddətinə etibarnamə veriləcəyi ilə bağlı razılaşmışdırlar. Onlar güman etmişdirlər ki, etibarnamə bir ilə verilib, bir ildən sonra da qüvvədən düşəcəkdir. O, iddiaçıdan 60000 ABŞ dolları almamış, həmçinin bağın satılması ilə bağlı Cavabdeh2 razılıq verməmişdir. Qeyd edir ki, sözügedən bağ evində qaz, su və işıq xəttləri yoxdur və həmin evdə yaşamağa şərait olmamışdır. Sözügedən bağ evində yaşayış yoxdur. İddiaçı Cavabdeh2 tərəfindən deyil, Ülvi adlı şəxs tərəfindən etibarnamə verilmişdir və ona 60000 ABŞ dolları məbləğində pul verilməmişdir. İstifadədə olan torpaq sahəsi 12 sot olsa da torpaq sahəsi çıxarışda ondan daha az qeyd edilmişdir. 18 il müddətində iddiaçı tərəfindən hazırki iddia tələbi barədə məhkəməyə müraciət edilməməsinin səbəbi ona aydın deyildir. İddiaçı iddia ərizəsində Cavabdeh1 Cavabdeh2 qohumu kimi qeyd etsə də əslində bu, doğru deyildir. Etibarnamə ilkin sənəddir və yekun sənəd deyildir. Cavabdeh2 dedikləri həqiqət deyildir, belə ki, daşınmaz əmlak Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhər 6 saylı dövlət notariat kontoru tərəfindən 12 iyun 2007-ci il tarixdə verilmiş ƏN-İ № 091678 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 DƏDRX-nin xx.xx.2007-ci il tarixli, ********* nömrəli çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri, Nardaran qəsəbəsi, 137 saylı bağ evi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmiş, etibarnamənin xx.xx.2027-ci il tarixədək qüvvədə olması nəzərdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhər 6 saylı dövlət notariat kontoru tərəfindən 07 oktyabr 2008-ci il tarixdə verilmiş ƏN-İ № 103158 nömrəli etibarnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 DƏDRX-nin xx.xx.2007-ci il tarixli, ********* nömrəli çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri, Nardaran qəsəbəsi, 137 saylı bağ evi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmiş, etibarnamənin xx.xx.2027-ci il tarixədək qüvvədə olması nəzərdə tutulmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 137 (yeni qaydalarla: AZ 1097, ünvan 2 ünvanında yerləşən 0,021384 ha torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 163,72 kv.m olan fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1452/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: X10, X6 və X1) “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində ayrılmış 1128 kv.m olan ölçüdə 137 saylı bağ sahəsinin üzərində iddiaçı Cavabdeh1 mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci ildə ünvan 1 bağ evini (bağ sahəsini) iş üzrə Cavabdeh2 60000 ABŞ dolları məbləğində pul ödəməklə əldə etmiş, həmin bağ evi ona təhvil verilmiş və bu günə qədər də mübahisə predmeti olan bağ evi onun istifadəsindədir. Bağ evinin sənədləşdirilməsi üçün etibarnaməni 6 saylı Notariat Kontorunda ilkin olaraq xx.xx.2008-ci il tarixdə yaxın qohumu X2, qohumu da öz növbəsində Azərbaycan Respublikasından kənarda işlədiyi üçün xx.xx.2008-ci il tarixdə onun adına vəkalətnamə və evin qeydiyyat vəsiqəsini vermiş, o da öz növbəsində həmin vəkalətnamə əsasında müvafiq sənədləri toplayıb sözügedən bağ sahəsinə (torpaq sahəsinə) dair çıxarış əldə etmək istəyərkən məlum olmuşdur ki, iş üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixdə bağ evinə çıxarış əldə etmişdir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1ci, 21.2-ci, 385.1-ci, 385.2-ci, 442-ci və 443.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Lakin iddia ərizəsinin məzmunu və iddiaçının vəkili-nümayəndəsinin məhkəmədə verdiyi izahatı həqiqət kimi qəbul olunarsa, məhkəmə hesab edir ki, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsinin tələblərinə əməl olunmadığından iddia tələbinin hüquqi əsasını əsassız varlanmanı tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci və 1092-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu maddənin tələblərindən də aydın olduğu kimi hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bundan başqa Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Həmçinin iddianın təmin olunması üçün iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmə iclasında tətqiq edilmiş sübutlar iddia tələbinin hüquqi əsasını tənzimləyən maddi hüquq normasının dispozitiv əlamətlərinə uyğun gəlməli və yaxud uzlaşmalıdır. Lakin məhkəmədə sübutların tətqiqatı zamanı iddianın təmin edilməsinə əsas verən sübutlar müəyyən olunmamış, yalnız izahatlara istinad olunmuş, halbuki Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd edildiyi kimi istər iddiaçının, istərsə də cavabdehlərdən olan Cavabdeh2 izahatı digər sübutlarla təsdiqini tapmadığından məhkəmə həmin izahatlara tənqidi yanaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 iyul 2024-cü il tarixli kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair metodik vəsaitdə hüquqi mövqe nümayiş etdirərək göstərmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz ikinci halda, yəni etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. Bununla yanaşı izah edilir ki, Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq üçün iki illik iddia müddəti nəzərdə tutulsa da, əqdin əhəmiyyətsiz olmasından irəli gələn əsassız varlanma tələblərinə xüsusi norma kimi həmin Məcəllənin 354.1-ci maddəsindəki bir illik iddia müddəti tətbiq edilir. Müddətin əvvəli isə müqavilənin bağlandığı tarixdən deyil, əqdin icrasına başlanıldığı gündən hesablanır. Həmçinin həmin metodik vəsaitdə qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, növündən asılı olmayaraq, əqdin etibarsızlığını iddia edən tərəf bunu sübut etməlidir. Bu hal sübuta yetirilmədikdə (məhkəmə işdəki sübutlar əsasında əqdin etibarsızlığını təsbit etmədikdə) Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddətlərin müzakirə və tətbiq edilməsinə hüquqi əsas yaranmır. İş üzrə Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək, həmin əsasla da iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 iyul 2024-cü il tarixli kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair metodik vəsaitdə hüquqi mövqeyinə istinad edərək hesab edir ki, hazırki halda iddianın təmin edilməsi ilə bağlı mötəbər sübutlar müəyyən edilmədiyindən iddia müddətinin tətbiqi barədə ərizənin də tətbiq edilməsinə zərurət aradan qalxmışdır. Bundan başqa iddia rədd edildiyindən məhkəmə hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün onların barəsində xüsusi qərardad çıxarılmasına qiymət verilməsinə ehtiyac yaranmamışdır. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bundan başqa iddia tələbi bütövlükdə rədd edildiyindən məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2008-ci ilin iyun ayında ödədiyi 60000 ABŞ dolları məbləğində pulun, eləcə də 16 il müddətində həmin pul məbləğinin AR Mərkəzi Bankın uçot dərəcəsinə uyğun hər il üçün 5% olmaqla 48000 ABŞ dolları, cəmi 108000 ABŞ dolları məbləğində pulun AR Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun şəkildə tutulması barədə qətnamə qəbul edilməsini, cavabdehlərin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün onların barəsində xüsusi qərardad çıxarılıb aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilməsi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1291/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1291/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver