Məhkəmə qərarları › İş №2(012)-1311/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1311/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1311/2022 10.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Cavabdeh-vərəsə Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh-vərəsə Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-vərəsə X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 1387,73 manat əsas, 26,43 manat faiz borcu olmaqla, cəmi 1414,16 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 34,55 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdeh-vərəsə Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1387,73 manat əsas, 26,43 manat faiz borcu olmaqla, cəmi 1414,16 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 34,55 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə cavabdeh X5 arasında 08.01.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, X4 istehlak məqsədləri üçün illik 27 % dərəcəsi olmaqla 12 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Borclu-mərhum X3 vəfat etdiyi müəyyən olunduğundan tərəflərindən X1 miras qalmış əmlaka dair vərəsəlik işinin açılıbaçılmaması haqqında məlumatın verilməsi ilə bağlı Abşeron rayonu 1 saylı Notariat Ofisinə məktubla müraciət olunmuşdur. Abşeron rayonu 1 saylı Notariat Ofisinin cavab məktubu ilə X3 vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə Cavabdeh ərizəsi əsasında vərəsəlik işi açılmış və Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə Borclu-mərhum X3 vəfat etməsi ilə əlaqədar hüquqi varisi kimi cavabdeh-vərəsə Cavabdeh müəyyən olunması anlamına gəlir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 07 yanvar 2022-ci il tarixinə 1387,73 manat əsas, 26,43 manat faiz borcu olmaqla, cəmi 1414,16 manat borcu təşkil etmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh-vərəsə Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, mərhum X5 onun anasıdır. X5 08.01.2018-ci ildə "xxxx" ASC-dən kredit götürmüş, 23.10.2018-ci ildə isə vəfat etmişdir. Onlar 4 bacıdırlar, lakin yeganə vərəsə odur. O, anasının ölüm haqqında şəhadətnaməsini banka təqdim etdikdə, bank ona borcun bağlandığını bildirmişdir. 3 il müddətində "xxxx" ASC onunla əlaqə saxlamamışdır. Odur ki, o, borcu hissə-hissə ödəyə bilər. İş materiallarında olan 08.01.2018-ci il tarixli, 1875sXRD/17 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X5 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən X5 illik 27 % dərəcəsi olmaqla 12 ay müddətinə 1500 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 07 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 08.01.2018ci il tarixli, 1875sXRD/17 saylı kredit müqaviləsi üzrə 07 yanvar 2022-ci il tarixinə X3 1387,73 manat əsas, 26,43 manat faiz borcu olmaqla, cəmi 1414,16 manat borcu vardır. İş materiallarında olan Gədəbəy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 954665 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 23.10.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 05 sentyabr 2020-ci il tarixli, 2143 saylı məktubdan görünür ki, Abşeron rayonu 1 saylı Notariat Ofisində 23.10.2018-ci ildə vəfat etmiş X4 31.05.2019-cu ildə vərəsəlik işi açılmış və 31.05.2019-cu il tarixdə 2V-133 reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X3 vərəsəsi qızı Cavabdehdır. Məhkəmə cavabdeh-vərəsəni dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə borclu-mərhum X5 arasında 08.01.2018-ci il tarixli, 1875sXRD/17 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinəəsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, 23.10.2018-ci ildə vəfat etmiş X4 31.05.2019-cu ildə Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən vərəsəlik işi açılmış, X3 vərəsəsi qızı Cavabdeh vərəsə kimi tanınmışdır.Məhkəmə qeyd olunan faktiki hallara istinad edərək və Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, mərhum X5 ilə "xxxx" ASC arasında bağlanmış 08.01.2018-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh vərəsə olaraq "xxxx" ASC qarşısında həmin kredit müqaviləsi üzrə öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 08.01.2018-ci il tarixli, 1875sXRD/17 saylı kredit müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 34,55 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 08.01.2018-ci il tarixli, 1875sXRD/17 saylı kredit müqaviləsinə əsasən, 1387,73 manat əsas, 26,43 manat faiz borcu olmaqla, cəmi 1414,16 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,55 manat cavabdeh-vərəsə Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar