Məhkəmə qərarları › İş №2(012)-1322/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1322/2021

22.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1322/2021 22.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili-nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair ilkin iddiası və Cavabdeh1 İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə 22 iyun 2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mülkiyyətində olan “Hyundai Santafe” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə üçün yararsız vəziyyətə düşdüyünə mülkiyyətinə dəymiş 20000(iyirmi min) manat məbləğində maddi zərərin, avtomaşınının yararsız vəziyyətə düşdüyünə görə gündəlik çəkdiyi yol xərclərinə görə (məhkəməyə iddia qaldırılan tarixə) ümumilikdə 1300 manat və mənəvi zərərə görə dəymiş 7000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və ilkin iddia üzrə İddiaçı onun xeyrinə 10000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmədə izahatında bildirdi ki, 28 noyabr 2020-ci il tarixdə şəxsi istifadəsində olan “Hyundai Santafe” markalı 90 RH087 dövlət nömrə nişanlı avtomobilini inzibati binanın önündə saxlayaraq xidmətə çıxmışdır. Maşını saxladığı yerdə kifayət qədər vətəndaş var idi. Həmin ərəfədə Cavabdeh1 məxsus avtomobil yüksək sürət ilə hərəkət edərək maşının idarə etməsini itirmiş və ona məxsus avtomobili vurmuşdur. Nəticədə avtomobili yarasız vəziyyətə düşmüşdür. O, hadisə yerinə gəldikdən sonra cavabdeh ilə birlikdə maşını sığortaya aparmışdır, lakin Paşa Sığorta icbarı sığorta üzrə 5000 manatdan çox ödəniş edə bilmədiyi üçün maşına dəyən ziyanı 6000 manat olaraq qiymətləndirmişdir. O, Sığorta Şirkətindən 4100 manat pul vəsaitini almış və bununla razı deyildir. Belə ki, avtomobil deformasiyaya uğramışdır və tam yarasız vəziyyətdədir. Belə ki, maşına 24000 manat həcmində zərər dəymişdir. O, maddi zərərlə yanaşı mənəvi zərər də tələb edir. 2020-ci ilin noyabr ayından bəri avtomobilsizdir. O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə razı olmasa da, ekspert rəyinə etiraz etmir. Maşının Cavabdeh1 tərəfindən törədilən qəza nəticəsində tam yararsız hala düşmüşdür və O, 7 aydır ki, maşınsızdır. Qəza nəticəsində səhhəti və xüsusilə də əsəb sistemi pozulmuşdur. Eyni zamanda, həftəsonları da işlədiyinə görə mütəmadi olaraq taksi xidmətindən istifadə etməli və buna əlavə xərclər deməkdir. O Sığorta Şirkətinin tərtib etdiyi aktdan narazı deyil. Belə ki, sığorta şirkəti maşına nə qədər zərər dəyməsindən asılı olmayaraq, ən çoxu 5000 manat ödəniş edə bilər. Baş verən zəncirvari qəza nəticəsində 3 maşına zərər vurulmuş, ona 4100 manat, digər iki avtomobilə ilə ümumilikdə 900 manat ödəniş edilmişdir. Odur ki, iddia tələbinin ekspert rəyinə uyğun olaraq təmin edilməsini, taksidən istifadəyə görə əlavə xərclərin və keçirdiyi mənəvi sarsıntılara görə vurulmuş mənəvi zərərin cavabdehlərdən tutulmasını məhkəmədən xahiş edir.Qarşılıqlı iddia isə hər hansı bir sübuta və hala istinad olunmadığından verildiyindən rədd edilməini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, qəza baş verdikdən sonra iddiaçı ilə birlikdə maşına dəyən ziyanı müəyyənləşdirmək üçün Paşa Sığortaya yaxınlaşmışlar və maşına 6000 manat dəyərində ziyan aktı tərtib edilmişdir. İddiaçı ziyan aktı ilə razılaşaraq akta imza etmiş və 4100 manat ödənişi qəbul etmişdir. Eyni zamanda iddiaçıya 1900 manat ödəməyə hazır olduğunu bildirsə də cavabdeh bunla razılaşmamışdır. Hətta bir neçə gün sonra onunla əlaqə saxlayaraq 8500 manat istədiyini bildirmişdir. Belə hallarda tərəf maşına dəyən zərəri tələb edə və ya maşının təmir edilməsini istəyə bilər. Lakin iddiaçı yalnız pul tələb etdiyinə görə o, iddiaçıya ödəniş etməyi təklif etmişdir. O, yalnız ziyan aktına əsasən müəyyənləşdirilmiş məbləği ödəməyə razıdır. Hazırki iddia tələbinin verilməsinin yeganə səbəbi mənfəət əldə etməkdir. 01.03.2021-ci il tarixində məhkəmə maddi ziyanın məbləğinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə ekspertşünaslıq ekspertizası təyin etmiş və ekspertlər qarşısında, yol nəqliyyat hadisəsi nəticəsində “Hunday Santafe” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin hansı detalları yarararsız vəziyyətə düşmüş detallarının pərakəndə satış qiyməti və avtomobilin bərpa olunması üçün xidmət haqqı nə qədər təşkil etdiyi sualları qoyulmuşdur. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən təsdiq edilən 2009-cu il buraxılışlı “Hunday Santafe” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 15 400 (22 000- 30%) manat müəyyən edilir. Ekspertlər məhkəmənin onların qarşısında qoyulan suallarda avtomobilin hansı detallarının yarararsız vəziyyətə düşdüyünü, salamat qalan yararlı hissələrin hansı detallar olduğunu göstərməmişdir, amma, bəlli olmayan detallara isə qiymət qoya bilmişdir. Maraqlısı budur ki, cavabdehin (ilkin iddiaçının) də iştirakı ilə avtomobil biznesi ilə məşğul olan şəxslərə avtomobili hazırki vəziyyətdə satmaq təklif etmişdik və 14 000 manata almaq istədiklərini bildirmişdilər. O isə cavabdehə (ilkin iddiaçıya) 6000 manat sığortanın ödədiyi pulu və 2000 manat da onun tərəfindən əlavə ödəniş edilməsini təklif etmiş, lakin iddiaçı razılaşmamışdır.Avtomobili hazırki vəziyyətdə 6600 manat qiymətləndirilməsi hansı əsaslarla aparılması göstərilmədiyindən ekspertin rəyi kifayət qədər aydın deyil. Avtomobilin hadisədən sonrakı vəziyyəti ilə ekspertiza olunan zaman vəziyyətləri arasında çoxmu fərqlər var? Bəlkə avtomobilin hansısa hissələri bilərəkdən və ya bilməyərəkdən ekspertiza rəyinə qədər sökülüb, dağıdılıb ? Axı “Auto Box’ avtomobil servisi 1362 saylı 02.12.2020 tarixli Qiymətləndirmə Aktı ilə “Hunday Santafe markalı ** RH ***“ dövlət nömrə nişanı olan avtomobilə dəymiş zərərin hissələrini və zərərin miqdarını açıq qeyd edərək göstərib. Amma ekspertlər isə Məhkəmənin onların qarşısına qoyduğu suallara cavab verməmişlər və nəticədə eksperti rəyi kifayət qədər aydın və tam deyildir. Bu səbəbdən o, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili-nümayəndəsi X5 məhkəmədə qarşılıqlı iddianı müdafiə edərək, Cavabdeh1 izahatına uyğun izahat verdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmədə izahatında bildirdi ki, qəza baş verən zaman o, COVİD-19 xəstəsi idi və müalicə alırdı. İddiaçı onunla telefon vasitəsilə əlaqə saxlamışdır. O, iddiaçıya yalnız ziyan aktında göstərilən məbləği ödəməyə razılıq vermişdir. Məmmədov Elməddinin iddia etdiyi maşına dəyən 24 0000 manatlıq zərər ilə bağlı hər hansı akt mövcud deyildir. Ekspert rəyi ilə razı deyildir. Maşının normal vəziyyətdə orta bazar qiyməti 18-22 000 manat təşkil edir. Belə olan halda Hyundai Sevisinin tərtib etdiyi ziyan aktına əsasən, maşının detallarının qiymətinin 24000 manat təşkil etməsi mümkün deyildir. Mübahisə predmeti olan maşına 6000 manat ziyan dəymişdir. Sığorta Şirkəti tərəfindən 4100 manat ödəniş edilmiş və o da 2100 manat ödəniş etməyi təklif etmişdir. Əgər İddiaçı Sığorta Şirkətinin tərtib etdiyi ziyan aktında olan qiymət ilə razı deyildirsə o zaman həmin aktdan şikayət verə bilərdi. Odur ki, hazırki iddia tələbini haqsız və əsassız hesab edir. İş materiallarında olan “Xalq Sığorta” tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 28.11.2020-ci il tarixində sığortalı “BMW 325” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X9” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 220” markalı, 90-MV- 265 dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E240” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi zərər dəymişdir. Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manatdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X9” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6000 manat məbləğində müəyyən edilmişdir, Yuxarıda qeyd olunan qanunvericiliyin tələbi, həmçinin sığorta hadisəsi nəticəsində üç şəxsin əmlakına zərər vurulduğu nəzərə alınmaqla tərəfimizdən “X9” markalı, 90- RH-087 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişi dəymiş zərərə mütənasib hesablanaraq 4132,23 manat məbləğində ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2021-ci il tarixli, 9/2037 №-li ekspert rəyindən görünür ki, tədqiq edilən 2009-cu il buraxılışlı, “Hyundai Santafe” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 15400,0 (22000,0 m-30 %) manat müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ekspert rəyini, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-1322/2021 saylı, 01.03.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2021-ci il tarixli, 9/2037 saylı ekspert rəyindən məlum olur ki, tədqiq edilən 2009-cu il buraxılışlı, “Hyundai Santafe” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 15400,0 (22000,0 m-30 %) manat müəyyən edilmişdir. Məhkəmədə sübutların tədqiqatı zamanı sözügedən ekspert rəyində müəyyən edilmiş halları təkzib edən hər hansı bir sübut müəyyən edilmədiyindən, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun vəkili-nümayəndəsi X2 ekspert rəyi ilə razılaşmamaları barədə məhkəmədə verdikləri izahatları yalnız formal mülahizələrə əsaslandığımdan məhkəmə həmin izahatlara tənqidi yanaşaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2021-ci il tarixli, 9/2037 saylı ekspert rəyi ilə razılaşmış və həmin rəyə istinad edərək belə qənaətə gəlmişdir ki,yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Santafe” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 15400 manat məbləğində zərər dəymişdir. Bundan əlavə iş materiallarında olan “Xalq Sığorta” tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli sorğuya cavab məktubundan göründüyü kimi, “Xalq Sığorta” tərəfindən “X9” markalı, 90- RH-087 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişi dəymiş zərərə mütənasib hesablanaraq 4132,23 manat məbləğində ödənilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, sözügedən avtomobilə dəymiş 15400 manat puldan 4132,23 manatı “Xalq Sığorta” tərəfindən İddiaçı ödənildiyindən,ödənilən məbləğ nəzərə alınmaqla Cavabdeh1 avtomobilə vurulmuş maddi ziyana görə 11267,77 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə ilkin iddianın avtomaşınının yararsız vəziyyətə düşdüyünə görə gündəlik çəkdiyi yol xərclərinə görə (məhkəməyə iddia qaldırılan tarixə) ümumilikdə 1300 manat və mənəvi zərərə görə dəymiş 7000 manat pulun tutulması hissəsi və Cavabdeh1 İddiaçı onun xeyrinə 10000 manat pulun tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, bunlarla bağlı məhkəmədə tərəflərin izahatından başqa hər hansı bir mötəbər sübüt müəyyən edilmədiyindən rədd edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin ilkin iddia üzrə İddiaçı İlkin iddia üzrə Cavabdeh2 da pulun müştərək qaydada tutlması hissəsi ilə də razılaşmır və hesab edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir.Belə ki,iş materiallarında olan AP № 0189592,30.11.2020-ci il tarixli,inzibati xəta haqqında protokol və TP 4085415№li,13.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 28 noyabr 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində yalnız İlkin iddia üzrə Cavabdeh1 təqsirli bilinmişdir. Cavabdeh2 barəsində isə baş vermiş hadisədə təqsirli olması ilə bağlı hər hansı bir sənəd məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs vurulmuş zərərin ödənilməsi məsuliyyətini daşıyır,lakin yuxarıda qeyd olunduğu kimi sübutların tədqiqatı zamanı Cavabdeh2 hazırkı tələblə bağlı mülki hüquq pozuntusu törətməsi müəyyən edilməmişdir. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 06 may 2021-ci il tarixli, 9/2037 saylı əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 40 manat Cavabdeh1, 60 manat isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlkin iddia qismən təmin edilsin. Cavabdeh1 avtomobilə vurulmuş maddi ziyana görə 11267,77 manat tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi digər hissələrdə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 06 may 2021-ci il tarixli, 9/2037 saylı əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 40 manat Cavabdeh1, 60 manat isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar