Məhkəmə qərarları › İş №2(012)-1362/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1362/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1362/2022 01.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı X4 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X4 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə bağlanmış 19.05.2019-cu il tarixli 219-0***-******* saylı kredit müqaviləsi üzrə cavabdehdən 1399.57 manat əsas, 383.76 manat faiz borcu olmaqla cəmi 1783.33 manat borcun və 38 manat dövlət rüsumunun iddiaçı X4 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 19.05.2019-cu il tarixli 219- 0***-******* saylı kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 12 ay müddətinə ödəmək şərti ilə 1450 manat kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozmuş, kredit borcunu ödəməkdən yayınmışdır. Borcluya rəsmi olaraq bir neçə dəfə xəbərdarlıq edilsə də öhdəlik yerinə yetirilməmişdir. Borclunun kredit müqaviləsinə görə 22.02.2021-ci il tarixə gecikdirilmiş əsas borcu 1399.57 manat və gecikdirilmiş faiz borcu 383.76 manat, ümumi borc isə 1783.33 manat təşkil edir. Kredit müqaviləsinin 2.3. maddəsinə əsasən borcalan krediti göstərilən müddətdə və bu müqaviləyə 1 nömrəli əlavədə müəyyən edilən qaydada ödəməyi öhdəsinə götürür. 09.01.2022-ci il tarixə borclunun İddiaçı BOKT-a ümumi 1783.33 manat borcu vardır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kreditor X4 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borclu Cavabdeh arasında bağlanmış 19.05.2019-cu il tarixli 219-0***-******* saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə ilə borcalana 12 ay müddətinə illik faiz dərəcəsi 44% olmaqla, 1449 manat kredit verilmişdir. -19.05.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, borcalanın hesabına kredit müqaviləsi üzrə 1449 manat pul vəsaiti köçürülmüşdür. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını 19.06.2019-cu il tarixdən başlayaraq, 19.05.2020-ci il tarixinə kimi hər ay 151.42 manat (sonuncu ay 151.46 manat) ödəməklə qaytarmalıdır. -Maliyyə arayışından görünür ki, Cavabdeh X4 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə 22.12.2019-cu il tarixə 1399.57 manat əsas, 383.76 manat faiz borcu olmaqla, cəmi 1783.33 manat borcu mövcud olmuşdur. -Fintrend BOKT MMC tərəfindən Cavabdeh ünvanlanmış 20.11.2019-cu il tarixli 224 saylı xəbərdarlıqdan görünür ki, borclana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 01.11.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Y/M küçə-1, dalan 1, 8 saylı evdə qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi borcalan Cavabdeh iddiaçı təşkilatdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 38 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə iddiaçının kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsini əsaslı hesab edib təmin edilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. X4 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19.05.2019-cu il tarixli 219-0***-******* saylı kredit müqaviləsi üzrə Cavabdeh kredit müqaviləsi üzrə 1399.57 (min üç yüz doxsan doqquz manat əlli yeddi qəpik) manat əsas, 383.76 (üç yüz səksən üç manat yetmiş altı qəpik) manat faiz borcu olmaqla, cəmi 1783.33 (min yeddi yüz səksən üç manat otuz üç qəpik) manat borc və 38 (otuz səkkiz) manat dövlət rüsumu iddiaçı X4 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar