Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-137/2025 23.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X1 və vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Nümayəndə qarşı «pul və tikintinin sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən və Nümayəndə onun evinə vurduqları zərərə görə 150000 manat, dövlət rüsumu qismində ödənilmiş 440 manat pul vəsaitinin tutularaq ona ödənilməsi və tikinti qaydalarına riayət olunmadan 2 metr məsafədə qanunsuz tikilmiş 7 mərtəbəli binanın sökülməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə cavabdeh kimi qeyd olunan Cavabdeh əsl cavabdeh Nümayəndə ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, ona məxsus fərdi yaşayış evi ünvan 1 ünvanında yerləşir və həmin evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,03 ha-dır. O, sözügedən evi 12 il əvvəl tikdirmiş və bu vaxta qədər evdə heç bir çat və ya problem olmamışdır. Lakin cavabdeh Nümayəndə onun evinin 2 metrliyində bina inşa etməyə başlamış və nəticədə evdə çatlar meydana gəlmişdir. Həmin binanın tikintisi 2022-ci ilin əvvəllərində başlanmışdır və məhz həmin bina tikiləndən sonra evdə çatlar və çöküntülər əmələ gəlmişdir. Bundan əlavə qeyd edir ki, bina tikildikdən sonra hətta həyətin hasarı da çatlamış, yaşadıqları ev əyilmişdir. Çatlar hər gün bir az da böyüməkdədir. Hesab edir ki, həmin bina tikinti qaydalarına əməl edilmədən tikilmişdir, çünki ev ilə binanın arasında 2 metr məsafə vardır. Onunla birlikdə evdə yaş yarımlıq körpə uşaq olmaqla, ümumilikdə, 3 övladı yaşayır. Ev hazırda qəzalı vəziyyətdə olduğundan onların həyatı və sağlamlığı üçün təhlükə yaradır. O, cavabdeh şirkət tərəfindən ona dəymiş zərəri 150000 manat həcmində qiymətləndirir. Hesab edir ki, bu gündən etibarən həmin torpaqda ev tikiləcəyi halda həmin ev sözügedən binanın ucbatından yenə qəzalı vəziyyətə düşəcəkdir. Hazırda evdə yaşamaq təhlükəlidir. Həmçinin hesab edir ki, o, evini təmir etdirsə belə yenə evi qəzalı vəziyyətə düşəcəkdir. Hətta həyətin hasarı da çatlamış və ev əyilmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 İddiaçı izahatına əlavə olaraq hazırki məsələ ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və müvafiq icra hakimiyyəti orqanına müraciət etsələr də bir nəticəsi olmadığını, həyat yoldaşı olan iddiaçının insultdan əziyyət çəkdiyini və İİİ dərəcəli əlilliyi olduğunu bildirdi və qeyd edilənlər əsasında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı yaşlı iflic xəstəsidir. Ona məxsus evdə çatlar əmələ gəlmişdir və mənzilin sökülmə və ya uçulma təhlükəsi vardır. Hesab edir ki, bir sıra qurumların qanunsuz hərəkətləri nəticəsində hüquqlarını müdafiə etdiyi İddiaçı haqlı mənafeləri pozulur. İddiaçı rəy alınması üçün özəl şirkət olaraq "xxxx" MMC-yə müraciət etmiş və "xxxx" MMC tərəfindən 21 noyabr 2024-cü il tarixli rəy hazırlanmışdır. Sözügedən mənzilin bu hala düşməsinə cavabdeh tərəfindən inşa edilmiş tikili öz təsirini göstərir. Belə ki, ev tamamilə yararsız vəziyyətdədir və divarlarda çatlar meydana gəlmişdir. Cavabdeh tərəfindən tikilmiş bina təxminən 8-9 mərtəbəli binadır və iddiaçıya məxsus evin arxa tərəfində yerləşir. Bundan əlavə iddiaçıya məxsus ev ipotekadadır və borca görə aylıq olaraq 300 manat ödəniş edilir. Ev tamamilə sıradan çıxdığından onlar da evin dəyərini qarşı tərəfdən tələb edirlər. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Nümayəndə məhkəmə iclasına gəlməmiş, lakin etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin qonşuluğunda tikilən 3 mərtəbəli və mansartlı fərdi yaşayış evi onun tərəfindən inşa edilmişdir və həmin tikilinin Cavabdeh MMC-yə heç bir aidiyyəti yoxdur. O, notarial alqı-satqı müqaviləsi əsasında iddiaçı ilə qonşuluqda, Ş.Qurbanov küçəsində yerləşən 0,0394 ha torpaq sahəsi, əlavə olaraq 0,0117 ha torpaq sahəsi və üzərində olan 55/17 kv. metrlik tikintisi olan fərdi yaşayış evini almış, rəsmi qaydada Abşeron rayon İcra Hakimiyyətinə fərdi yaşayış evinin tikintisinə icazə almaq üçün müraciət etmiş və xx.xx.2022-ci il tarixdə N-32-151 nömrə ilə Abşeron rayon İcra Hakimiyyətindən razılıq alaraq 3 mərtəbəli və mansartlı yaşayış evi inşa etmişdir. Sözügedən fərdi yaşayış evini inşa etdiyi zaman evin hündür olması, qonşuların həyətinin görünməsi səbəbindən yaxınlıqdaki qonşulardan və o cümlədən İddiaçı tikinti aparması üçün pul ödəməklə razılıqlarını almışdır. İddiaçının və qonşuların razılığı olmasa idi, yəqin ki, o, həmin fərdi yaşayış evini narazılıq səbəbindən inşa edə bilməyəcəkdi. İddiaçı fərdi yaşayış evinin tikintisi başa çatdıqdan və həmin evdə yaşayış başladıqdan uzun müddət keçdikdən sonra belə bir əsassız iddia ilə məhkəməyə müraciət etmişdir və iddiaçının məqsədi ərizəsindən də göründüyü kimi pul tələb etməkdən başqa bir şey deyildir. Onun inşa etdiyi fərdi yaşayış evinin tikintisi zamanı və tikintidən sonra iddiaçının evinə heç bir zərər dəyməmişdir. Əgər iddiaçının evinə hər hansı bir zərər dəymiş olsa idi, tikinti işləri aparılarkən aidiyyəti orqanlara müraciət edərək tikintinin davam etdirilməsini dayandıra bilərdi. Hesab edir ki, iddiaçının iddia tələbi qanunsuz və əsassızdır. Odur ki, o, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA Seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 70 kv.m olan fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçı X3 iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə istinad edərək cavabdeh Nümayəndə onun evinə vurduğu zərərə görə 150000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi və tikinti qaydalarına riayət olunmadan 2 metr məsafədə qanunsuz tikilmiş 7 mərtəbəli binanın sökülməsini xahiş etmişdir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Belə ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü,180.4-cü və 1115-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Lakin iddiaçı tərəf mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evinin yaxınlığında cavabdeh Nümayəndə bina inşa etdirməsi nəticəsində evə 150000 manat məbləğində zərər dəydiyini və tikintinin sökülməli olduğunu bildirsə də, qeyd edilən halları sübut edə bilməmiş, cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evinə ziyan vurulduğunu qeyd etsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eyni zamanda iddianın əsaslılığına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Bundan əlavə obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli, 2(012)-2279/2024 saylı qərardad ilə tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4052 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, ekspert vəsatəti verildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq hər hansı bir sənəd (mütəxəssis rəyi) Mərkəzə təqdim edilmədiyindən qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamış, bu səbəbdən ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2279/2024 saylı qərardadı ilə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2025-ci il tarixli, 3-16- 16/2-10/507/2025 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2025-ci il tarixə təyin edilmiş, lakin vəsatət təmin edilmədiyindən tədqiqat obyektinə baxışın keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamış, buna görə də ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bundan başqa iddia tələbi bütövlükdə rədd edildiyindən məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Nümayəndə qarşı cavabdeh Nümayəndə onun evinə vurduqları zərərə görə 150000 manat, dövlət rüsumu qismində ödənilmiş 440 manat pul vəsaitinin tutularaq ona ödənilməsi və tikinti qaydalarına riayət olunmadan 2 metr məsafədə qanunsuz tikilmiş 7 mərtəbəli binanın sökülməsi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-137/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-137/2025
23.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver