Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-138/2022 10.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Gənclər şəhərciyi yaşayış kompleksi, blok 20, 42 nömrəli mənzilə eyni mərtəbədə 43 nömrəli mənzildə yaşayan Cavabdeh mənzilindən su sızması nəticəsində dəymiş zərərin əvəzi qismində 2424 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yaşayır. İddiaçı ilə eyni mərtəbədə, 43 nömrəli mənzildə yaşayan qonşusu Cavabdeh mənzilindən iddiaçının mənzilinə su sızmışdır. Sızma nəticəsində mənzilin divarı və döşəməsi nəm çəkdiyindən divar və döşəməyə zərər dəymişdir. Məsələ barəsində İddiaçı tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, sızmanın qarşısının alınması xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən heç bir tədbir görülməmiş və vəziyyət olduğu kimi qalmışdır. Bundan başqa, məsələ barəsində şəhərciyin komendantı Elman Məmmədov da məlumatlandırılmışdır. Bundan sonra, komendant Elman Məmmədov, sahə nəzarətçisi Rəşad Xəlilov, santexnik Hüseyn Namazov 16 yanvar 2021-ci il tarixdə İddiaçı məxsus mənzilə gələrək baxış keçirmişlər. Baxış nəticəsində, həqiqətən də, Cavabdeh yaşadığı 43 nömrəli mənzildən İddiaçı mənzilinə su sızması və nəticədə, mənzilə maddi ziyan vurulması müəyyən olunmuşdur. Baxışın sonunda məsələ ilə əlaqədar yuxarıda adıçəkilən şəxslərin iştirakı ilə akt tərtib edilmişdir. Akt onu tərtib edən şəxslər tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirir ki, İddiaçı mənzilə dəymiş zərərin qiymətləndirilməsi məqsədi ilə 19 yanvar 2020-ci il tarixdə "xxxx" Qiymətləndirmə və Consulting MMC-yə müraciət etmiş, MMC-nin əməkdaşları mənzilə gəlmiş və baxış keçirmişlər. Baxış zamanı mənzilin divarının və döşəməsinin nəm çəkdiyi, döşəmənin örtüyünün qabararaq istifadəyə yararsız hala gəldiyi, mənzilin qonşu mənzillə sərhəd divarının nəm çəkməsi nəticəsində divarın suvaq, üzlük hissəsinin və divar kağızının yararsız hala gəldiyi müəyyən edilmişdir. Mənzilin zərər dəymiş hissəsinin fotoları çəkilmiş və qiymətləndirmə hesabatına əlavə edilmişdir. Həmçinin, mənzilin dəhliz hissəsində sərhəd divarın 1 kv.m-lik hissəsinə də zərər dəydiyi müəyyən edilmişdir. Dəymiş zərərin qiymətləndirilməsi zamanı təmir üçün sərf olunacaq vəsaitin müəyyən edilməsinə dair smeta tərtib edilmiş və mənzilə ümumilikdə 2424 manat zərər dəydiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, aydın olur ki, faktiki olaraq İddiaçı əmlakına zərər dəymiş, cavabdeh xəbərdar edilməsinə baxmayaraq zərərin aradan qaldırılması üçün heç bir tədbir görməmiş və nəticədə, iddiaçının əmlakına 2424 manat zərər dəymişdir. Buna görə də dəymiş zərərin əvəzi qismində cəmi 2424 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş 01.03.2022-ci il tarixli 10/5780 saylı rəyi ilə o, qismən razıdır. Belə ki, iddiaçı tərəfindən mənzilə dəyən zərərin müəyyən edilməsi üçün müstəqil şəkildə qiymətləndiriciyə müraciət edilmiş və 2424 manat zərərin dəydiyi müəyyən edilmişdir. Halbuki, Ekspertiza Mərkəzi tərəfindən vurulmuş zərərin məbləği az hesablanmışdır. Lakin bununla belə, iddiaçıya dəymiş zərərin məhz Cavabdeh tərəfindən vurulduğu tam sübuta yetirilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, Abşeron rayonu Gənclər Şəhərciyi yaşayış kompleksi blok 20, 43 saylı mənzildə yaşayır və İddiaçı yaşadığı, həmin ünvanda yerləşən 42 saylı mənzilinə onun mənzilindən su sızmışdır. Bu səbəbdən də o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş 01.03.2022-ci il tarixli 10/5780 saylı rəyi ilə razıdır və vurulmuş zərərin məbləğinin 1493 manat məbləğində olduğunu hesab edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kirayəyəverən Dövlətqaçqınkom Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh arasında bağlanmış 01.07.2011-ci il tarixli 30 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayəyə verən kirayəçiyə Abşeron rayonu Gənclər Şəhərciyi 20 saylı evin 43 saylı mənzilinin onun ailə üzvləri X1, X6, X7 ilə birlikdə sahibliyinə və istifadəsinə vermişdir. Müqavilənin 2.4.4., 2.4.5. və 2.4.6-cı bəndlərindən görünür ki, kirayəçi yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək, yararlı vəziyyətdə saxlamaq, cari təmirini aparmaq öhdəliyini üzərinə götürmüşdür. -Legitim Qiymətləndirmə və Consulting MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin şərq hissəsində yerləşən yaşayış obyektinin yaşayış hissəsinə dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə tədqiqat aparılmışdır. Baxış zamanı mənzilin yaşayış hissəsinin təmirinə zərər dəydiyi müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin şərq hissəsində yerləşən yaşayış obyektinin yaşayış hissəsinə dəymiş zərər 2424 manat təşkil edir. -"xxxx" MMC-nin Abşeron Gənclər şəhərciyi üzrə komendantı E.Məmmədov, mühəndis O.Əzizov, sahə nəzarətçisi R.Xəlilov, santexnik H.Namazov tərəfindən tərtib olunmuş və imzaları ilə təsdiq edilmiş 16.01.2021-ci il tarixli aktdan görünür ki, tərəflərindən ünvan 2 ünvanına həmin mənzilin sahibi İddiaçı müraciəti əsasında baxış keçirilmiş və mütəxəssis tərəfindən müəyyən edilmişdir ki, blok 20 mənzil 42 ünvanına, eyni mərtəbədə yaşayan Cavabdeh adlı sakinə məxsus 43 nömrəli mənzildən su axıdılaraq ziyan vurulmuşdur. -Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Abşeron Rayonu Bölməsi tərəfindən verilmiş 02.02.2021-ci il tarixli 18 saylı arayışdan görünür ki, Xocavənd rayonundan məcburi köçkün Cavabdeh adı Abşeron rayonu ərazisində “məskunlaşmış məcburi köçkünlərə dair müvafiq siyahıda Abşeron rayonu “Abşeron Gənclər Şəhərciyi” ünvanında müvəqqəti qeydiyyatda olan və yaşayan şəxs kimi keçir. -Abşeron Gənclər Şəhərciyi tərəfindən verilmiş 28.04.2022-ci il tarixli ********* saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən “ünvan 63-də qeydiyyatsız olaraq yaşayır. -Yasamal RPİ tərəfindən verilmiş 28.07.2010-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsi 22 saylı evin 25 saylı mənzilində qeydiyyatdadır. -Beyləqan RPŞ tərəfindən verilmiş 25.10.2010-cu il tarixli AZE № 08605141 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quliyev X2 rayonu Kuropatkin kəndində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş 01.03.2022-ci il tarixli 10/5780 saylı rəyindən görünür ki, Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksi blok 20, 42 saylı mənzilinin divarlarındakı və döşəməsindəki su sızma ləkələrini, eləcə də, mülki iş materiallarında olan PureLife compani MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 16.01.2021-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksi blok 20, 42 saylı mənzilinə yan mərtəbədə yerləşən 43 saylı mənzildən suyun sızması müəyyən olunmuşdur. Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksi blok 20, 42 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1493 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan və hazırda yaşadığı Abşeron rayonu Gənclər Şəhərciyi yaşayış kompleksi blok 20, 42 saylı mənzilinə həmin yaşayış binasında yerləşən, kirayəçi Cavabdeh yaşadığı 43 saylı mənzilindən su sızması nəticəsində mənzil yaşayış üçün yararsız hala düşmüşdür. Göstərilən halla bağlı yaşayış binasının səlahiyyətli nümayəndələri tərəfindən akt tərtib olunmuş və mənzilə baxış zamanı yaşayış sahəsinə zərər dəydiyi öz təsdiqini tapmışdır. Mənzilə dəymiş zərərin əvəzi cavabdeh tərəfindən ödənilmədiyindən iddiaçı mənzilinə dəymiş 2424 manat pul vəsaitinin cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.4.-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. İddia ərizəsindən göründüyü kimi, İddiaçı Abşeron rayonu Gənclər Şəhərciyi yaşayış kompleksi blok 20, 42 saylı mənzilində, Cavabdeh isə sözügedən ünvanda yerləşən 43 saylı mənzildə yaşamaqla tərəflər arasında qonşuluq münasibətləri yaranmış və tərəflərin birgə yaşayış qaydalarına, onların hər birinin qonşuluq hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına riayət olunmasına dair öhdəlikləri yaranmışdır. Hazırda, iddiaçının cavabdeh tərəfindən həmin qaydalara riayət edilmədiyini iddia edərək həmin hərəkətlər nəticəsində ona vurulmuş maddi ziyanla bağlı tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin: 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı mülki iş materiallarına əlavə olunmuş akt əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu Gənclər Şəhərciyi 20 saylı evin 43 saylı mənzilini kirayə müqaviləsi əsasında sahiblik və istifadəsinə almış Cavabdeh sözügedən mənzildə yaşadığı müddətdə mənzildən istifadə qaydalarının pozulması nəticəsində qonşusu olan, həmin yaşayış binasının 42 saylı mənzilində yaşayan İddiaçı mənzilinə su sızmış, nəticədə, həmin mənzil yaşayış üçün yararsız hala gəlmişdir. Halbuki, kirayə müqaviləsi əsasında kirayəçi Cavabdeh kirayəyə götürdüyü mənzili həmin kirayə müqaviləsinin 2.4.4., 2.4.5. və 2.4.6-cı bəndlərinə əsasən, yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək, yararlı vəziyyətdə saxlamaq, cari təmirini aparmaq öhdəliyini üzərinə götürmüş, lakin həmin öhdəliklərin icra edilməsinə riayət etməmişdir. Beləliklə də, iddiaçı mənzilinə dəymiş zərərin həmin zərərin vurulmasında təqsirli olan cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Məhkəmə, mənzilə dəymiş zərərin məbləğinin müəyyən edilməsinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və həmin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş 01.03.2022-ci il tarixli 10/5780 saylı rəyi əsasında, Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksi blok 20, 42 saylı mənzilinə 43 saylı mənzildən suyun sızması müəyyən olunmuş, su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1493 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən mülki iş materiallarına əlavə olunmuş və 42 saylı mənzilə 2424 manat dəyərində zərərin vurulması qənaətinə gəlmiş Legitim Qiymətləndirmə və Consulting MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə rəyi ilə bağlı qeyd edir ki, sözügedən rəy məhkəməyə surət olaraq təqdim edilmiş və həmin rəy əsasında iddiaçının mənzilinə dair çəkilmiş fotoşəkillərin əsli olmadığından mənzilə həqiqətən də hansı həcmdə zərər dəydiyi, eyni zamanda, rəy əsasında tam təfərrüatlı qənaətə gəlmək mümkün deyildir. Bu səbəbdən də, məhkəmə Ədliyyə Nazirliyi tərəfindən verilmiş ekspert rəyini əsas sübut növü kimi qəbul edir və həmin rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib iddiaçının mənzilinə dəymiş zərərin 1493 manat məbləğində olması qənaətinə gəlir ki, mülki hüquq pozuntusu nəticəsində İddiaçı mənzilinə dəymiş zərərin əvəzini zərər vuran Cavabdeh tam həcmdə ödəməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini ümumiləşdirib, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirərək qeyd edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh tərəfindən onun Abşeron rayonu Gənclər Şəhərciyi blok 20, 43 saylı mənzilindən İddiaçı məxsus 42 saylı mənzilinə vurulmuş zərərin əvəzi olaraq 1493 manat pul vəsaiti alınaraq iddiaçının xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq cəmi 100 manat (50+50=100 manat) pul vəsaitinin 50 manat hissəsi iddiaçının özünə, 50 manat hissəsi isə cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən onun Abşeron rayonu Gənclər Şəhərciyi blok 20, 43 saylı mənzilindən İddiaçı məxsus Abşeron rayonu Gənclər Şəhərciyi blok 20, 42 saylı mənzilinə vurulmuş zərərin əvəzi olaraq 1493 (min dörd yüz doxsan üç) manat pul vəsaiti alınaraq iddiaçının xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaitinin 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-138/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-138/2022
10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver