Məhkəmə qərarları › İş №2(012)-1382/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1382/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1382/2022 23.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 200 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Abşeron rayonu, Masazır kəndi, Molla Pənah Vaqif küçəsi, ev 27 ünvanında qeydiyyatda olan Cavabdeh arasında internet xidmətlərinin göstərilməsi barədə 12.02.2018-ci il tarixli müqavilə imzalanmışdır. Borclu Cavabdeh İddiaçı MMC ilə bağladığı xidmət müqaviləsinə əsasən, ayrılmış internet xidmətindən istifadə etməsi nəticəsində 200 manat məbləğində borcu yaranmışdır. Yaranmış borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı şəkildə xəbərdarlıqlar edilməsinə baxmayaraq, onun tərəfindən borc ödənilməmişdir. Odur ki, İddiaçı MMC hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 18.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və 24.01.2022-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - İnternet xidmətlərinin göstərilməsi üçün İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12.02.2018-ci il tarixli 1100-03-18/02-106 saylı müqavilədən görünür ki, müqavilə hər iki tərəfdən imzalandığı tarixdən qüvvəyə minir və 3 (üç) il müddətinə bağlanmışdır. Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə uyğun dəyişikliklər edilərsə müqavilənin şərtlərində dəyişiklik aparıla bilər. 12 fevral 2018-ci il tarixli 1100-03-18/2-106 saylı 12.02.2018-ci il tarixli müqaviləyə ələvə edilmiş X1 görünür ki,sifarişçi Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış müqaviləyə əsasən əsas xidmətlərin dəyəri toplam 88,00 manat təşkil edir.Aylıq ödəniləcək məbləğ ƏDV daxil 40,00 manat qeyd olunmuşdur. ‘’Aztelecom’’ MMC tərəfindən verilmiş 29.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ayrılmış internet xəttinə görə ümümilikdə mart-iyul ayları üzrə 200 manat borcu mövcuddur. ‘’Aztelekom” MMC tərəfindən 26.11.2021-ci il tarixli, 102-2-21/14226-21 saylı Cavabdeh Borcun ödənilməsinin təmin olunması barədə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, ‘’Aztelekom” MMC ilə Cavabdeh arasında bağlanmış 12.02.2018-ci il tarixli,1100-03-18/02-106 nömrəli müqaviləyə əsasən, qeyd olunmuşdur ki, ayrılmış xətt üzrə göstərilmiş internet xidmətindən istifadəyə görə cavabdehin 200 manat məbləğində borcu yaranmışdır.Borcun ödənilməsi ilə bağlı şifahi müraciətlər edilməsinə baxmayaraq, borc bu günədək ödənilməmişdir.Yaranmış 200 manat məbləğində borcun beş gün müddətində ödənilməməsi təqdirdə hesablanmış müvafiq borcun ödətdirilməsi üçün məhkəməyə müraciət ediləcəkdir. Dövlət rüsumunun ödənilməsinə dair ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin Abşeron rayon Məhkəməsinə verilməsi üçün bank vasitəsilə 30 manat rüsum ödəmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Cavabdeh 200 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh 200 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar