Məhkəmə qərarları › İş №2(012)-1389/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1389/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1389/2021 09.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 və cavabdeh Rəhimova (Ağayeva) Aysel Şahin qızının iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Ağayeva (Rəhimova) Aysel Şahin qızına qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 09 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Ağayeva (Rəhimova) Aysel Şahin qızına qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 216,81 manat əsas, 593,70 manat cərimə, 31,53 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 842,04 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 04.11.2014-cü il tarixli 655418 saylı ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən X3 İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin müddəti 04.11.2017-ci il tarixdə bitsə də, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 14.09.2020-ci il tarixinədək X2 Ləğv prosesində olan İddiaçı ASC-yə 216,81 manat əsas, 593,70 manat cərimə, 31,53 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 842,04 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən imtina edir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr tarixli 2-1(103)-3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASCnin ləğvedicisi təyin edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Ağayeva (Rəhimova) Aysel Şahin qızı iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ona qarşı olan pul tələbi tamamilə əsassızdır. Onun iddiaçıya borcu yoxdur, Müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. İddiaçı bu tələb üzrə iddia müddətini buraxmışdır. Göstərilənlərə əsasən iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan 04 noyabr 2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən müəyyən edilir ki, X3 İddiaçı ASC tərəfindən 24 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 16 oktyabr 2014-cü il tarixli arayışdan müəyyən edilir ki, 04 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 14 sentyabr 2020-ci il tarixinə X2 Ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 216,81 manat əsas, 593,70 manat cərimə, 31,53 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 842,04 manat təşkil edir. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, cavabdeh X5 14 sentyabr 2020-ci il tarixdə borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Ləğv prosesində olan İddiaçı ASC tərəfindən xəbərdar olunmuşdur. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Ağayeva (Rəhimova) Aysel Şahin qızı tərəfindən məhkəməyə ünvanlanmış vəsatətdən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsi məhkəmədən xahiş edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ASC ilə cavabdeh Ağayeva (Rəhimova) Aysel Şahin qızı arasında 04 noyabr 2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Ağayeva (Rəhimova) Aysel Şahin qızına İddiaçı ASC tərəfindən 24 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Hazırda cavabdehin borcu əsas borc üzrə 216,81 manat, cərimə borcu üzrə 593,70 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 31,53 manat, cəmi 842,04 manat təşkil edir. 04.11.2014-cü il tarixli kredit müqaviləsi cavabdehlə 24 ay müddətinə bağlanılmışdır və 04.11.2016-cı il tarixdə müqavilənin müddəti bitmişdir. Müqavilə ilə tələb 3 il müddətində verilməli olduğu halda, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 14.01.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə məhkəməyə vəsatət ünvanlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri- sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İddia müddətinin tətbiq edilməsi və bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi həmin Məhkəmənin Dacia S.R.L. v. Moldovaya qarşı (ərizə № 3052/04, 18 mart 2008-ci il tarixli qərar) qərarında Məhkəmə qeyd etmişdir ki, iddia müddəti heç bir ayrı-seçkilik olmadan tətbiq edilməlidir. Əks təqdirdə, yekunlaşmalı olan hüquq münasibətlərinin dəyişdirilməsi hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edərdi (see, mutatis mutandis, Popov v. Moldova (no. 2), no. 19960/04, § 53, 6 December 2005). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Ağayeva (Rəhimova) Aysel Şahin qızına qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar