Məhkəmə qərarları › İş №2(012)-1390/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1390/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1390/2021 31.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Allaverdi qızına və X7 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Allaverdi qızına və X7 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 Allaverdi qızından və X3 müştərək qaydada «İddiaçı” ASC-nin xeyrinə 24.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6490.06 manat əsas borc, 903.6 manat faiz borcu olmaqla ümumilikdə cəmi 7393.66 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 24.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən «xxxx» İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 Allaverdi qızı və X8 ilə 24.06.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 26.10.2020-ci il tarixinədək Cavabdeh1 banka 24.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6490.06 manat əsas borc, 903.6 manat faiz borcu olmaqla ümumilikdə cəmi 7393.66 manat borc hesablanmışdır. Xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Odur ki, göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 448.1, 465.2 və 472-ci maddələrinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək, bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını növbəti məhkəmə iclaslarını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -«xxxx» X6 ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.06.2019-cu il tarixli, 4-MZ2-1- 0-623-19 №-li «Bank hesab, kredit və zaminlik müqaviləsi»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bank, borcalana istehlak məqsədilə illik 28 % olmaqla 24 ay müddətinə, 24.07.2019-cu il tarixdən 24.06.2021-ci il tarixinədək, 10000 (on min) manat məbləğində kredit vermiş və borc alan kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müqavilədə göstərilən müddətdə və qaydada krediti, hesablanacaq faizlərlə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. -24.06.2019-cu il tarixli kassa məxaric orderinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1, 10000 (on min) manat məbləğində krediti həmin tarixdə «xxxx» X2 imza edərək qəbul etmişdir. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.1. bəndinin şərtlərindən və müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 24.07.2019-cu il tarixdən başlayaraq, 24.06.2021-ci il tarixədək, 10000 manat əsas, 3173.28 manat faiz, ümumilikdə 13173.28 manat borcundan hər ay 548.88 manat (sonuncu ay 549.04 manat) ödəməklə Banka qaytarmalıdır. -24.06.2019-cu il tarixli, 4-MZ2-1-0-623-19 №-li Zaminlik müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən eyni zamanda görünür ki, əsas borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası, Cavabdeh2 Allaverdi qızının və X4 zaminliyi ilə təmin edilmiş və sonuncu kredit məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borcalanın borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə Banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla Zamin borc alan ilə eyni həcmdə Bank qarşısında birgə cavabdehdir. -26.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, əsas borclu, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun həmin tarixə Banka olan borcunun miqdarı 6490.06 manat əsas borc, 903.6 manat faiz borcu olmaqla ümumilikdə cəmi 7393.66 manat borc təşkil etmişdir. -24.10.2020-ci il tarixli bildirişdən və qəbzlərdən görünür ki, cavabdehlərə müqavilənin şərtlərinin pozulması ilə əlaqədar xəbərdarlıq edilmiş, borcun ödənilməsi üçün 5 gün vaxt verilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmiş, lakin cavabdehlər tərəfindən həmin xəbərdarlıqlara cavab verilməmişdir. -DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 28.10.2020-ci il tarixdə verilmiş arayışlardan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh1, Xıdırova X5 rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə, ev 146 və X1 rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə, ev 112 ünvanında qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 423.2. maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına əsasən əsas borclu, Cavabdeh1 müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, 24.06.2019-cu il tarixli, 4-MZ2-1-0-623-19 №-li Zaminlik müqaviləsinin şərtlərinə əsasən cаvаbdеhlər Cavabdeh2 Allaverdi qızı və X8 iddiaçı bank qarşısında, digər cavabdeh olan Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edildiyindən cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınaraq, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 6490.06 manat əsas borc, 903.6 manat faiz borcu olmaqla ümumilikdə cəmi 7393.66 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Allaverdi qızından və X3 müştərək qaydada 6490.06 (altı min dörd yüz doxsan manat altı qəpik) manat əsas borc, 903.6 (doqquz yüz üç manat altmış qəpik) manat faiz borcu olmaqla ümumilikdə cəmi 7393.66 (yeddi min üç yüz doxsan üç manat altmış altı qəpik) manat məbləğində borc və dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar