Məhkəmə qərarları › İş №2(012)-1392/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1392/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1392/2021 21.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı MMC-nin vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə 21 may 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 fevral 2017-ci il tarixli kredit müqaviləsi üzrə 18000 manat məbləğində əsas borcun və gecikdirilmiş vaxt üçün 2625 manat dəyərində illik 5 % pulunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək, izahatında bildirdi ki, 21 fevral 2017-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləsinin 1-ci bəndinə əsasən, İddiaçı MMC Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən, Cavabdeh borc götürdüyü krediti 31 dekabr 2017-ci il tarixədək İddiaçı MMC-yə qaytarmağı öhdəsinə götürür. Lakin borcun qaytarılmalı olduğu son tarixdən, yəni 31 dekabr 2017-ci il tarixdən bu günədək Cavabdeh tərəfindən hər hansı məbləğ qaytarılmamışdır. Borcun qaytarılması istiqamətində Cavabdeh ilə aparılmış danışıqlar isə nəticəsiz qalmışdır. Beləliklə hesab edir ki, 21 fevral 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh borclu olduğu 18000 (on səkkiz min) manat məbləğində pul vəsaiti ondan məhkəmə qaydasında tutularaq ona qaytarılmalıdır.Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, o, iddiaçı təşkilatda əmək müqaviləsinə əsasən ekspeditor olaraq çalışmışdır. Onun vəzifəsi şirkət tərəfindən verilən məhsulları mağazalara paylayaraq satışdan əldə etdiyi pulu şirkətə ödəmək olmuşdur. Belə ki, satdığı məhsulların ödənişini şirkətin maliyyəçisi ilə birlikdə şirkətin sisteminə işləyir və kassada oturan məsul şəxs ödədiyi pula əsasən ona qəbz təqdim edirdi. Ölkədə devalvasiya baş verdikdən sonra bir çox bizneslər eləcə də məhsul satdığı mağazaların əksəriyyəti bağlandığı üçün məhsulları sata bilməmişdir. İddiaçı təşkilatın rəhbəri ona satılmayan məhsullara görə məsuliyyət daşıdığını və ona vurulan zərəri ödəməsini tələb etmiş, ona təzyiqlər olduğu üçün 18000 manatlıq borc müqaviləsinə qol çəkmiş və 18000 manat ödəməyi öhdəsinə götürmüş və öhdəsinə götürdüyü borc üzrə 3300 manat ödəniş etmişdir. O, daha sonradan keçmiş iş yoldaşlarından iddiaçı təşkilatın bağlandığını eşitmişdir.Onun iddiaçı təşkilat tərəfindən əmək müqaviləsinə xitam verildiyindən hal-hazırda da heç bir yerdə işləmir. İş materiallarında olan Bakı şəhər 9 saylı notariat ofisində bağlanmış 21 fevral 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı MMC ilə borcalan Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh 31.12.2017-ci il tarixinədək qaytarmaq şərtilə 18000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş kassa mədaxil orderi qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 23 yanvar 2017-ci il tarixində 300 manat, 28 fevral 2017-ci il tarixində 1000 manat, 16 mart 2017-ci il tarixində 300 manat, 25 aprel 2017-ci il tarixində 500 manat, 18 oktyabr 2017-ci il tarixində 300 manat, 17 noyabr 2017-ci il tarixində 300 manat, 23 dekabr 2017-ci il tarixində 300 manat, 02 iyul 2018-ci il tarixində 300 manat olmaqla, ümumilikdə 3300 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, işin faktiki halları ilə cavabdehin izahatı arasında uyğunsuzluq vardır. Belə ki, tərəflər arasındakı mübahisə kredit deyil, əmək münasibətlərindən yaranmışdır. Cavabdeh iddiaçı şirkət İddiaçı MMC-də əmək müqaviləsinə əsasən ekspeditor olaraq çalışmış və cavabdehin vəzifəsi şirkət tərəfindən verilən məhsulları mağazalara paylayaraq satışdan əldə etdiyi pulu şirkətə ödəmək olmuşdur. İddiaçı təşkilatın rəhbəri cavabdehə satılmayan məhsullara görə məsuliyyət daşıdığını və vurulan zərəri ödəməyini tələb etmişdir. Cavabdeh 18000 manatı ödəməyi öhdəliyinə götürmüşdür. Bundan sonra iş materiallarından göründüyü kimi tərəflər arasında Bakı şəhər 9 saylı notariat ofisində bağlanmış 21 fevral 2017-ci il tarixli kredit müqaviləsi bağlanmış bu müqaviləyə əsasən Cavabdeh 31.12.2017-ci il tarixinədək qaytarmaq şərtilə 18000 manat məbləğində pulu İddiaçı MMC-uə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş kassa mədaxil orderi qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 23 yanvar 2017-ci il tarixində 300 manat, 28 fevral 2017-ci il tarixində 1000 manat, 16 mart 2017-ci il tarixində 300 manat, 25 aprel 2017-ci il tarixində 500 manat, 18 oktyabr 2017-ci il tarixində 300 manat, 17 noyabr 2017-ci il tarixində 300 manat, 23 dekabr 2017-ci il tarixində 300 manat, 02 iyul 2018-ci il tarixində 300 manat olmaqla, ümumilikdə 3300 manat məbləğində ödəniş edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən öhdəlik üzrə ödənişlər nəzərə alınmalı,tələb olunan18000 manat borc məbləğindən ödənilmiş ümumilikdə 3300 manat çıxılmaqla 21 fevral 2017-ci il tarixli kredit müqaviləsi üzrə 14700 manat məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 21 fevral 2017-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh (borcalan) Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bundan əlavə məhkəmə iddia tələbinin əsas borcə gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla hesablanmış 2625 manat pulun cavabdehdən tutulması hissəsi ilə razılaşmır.Belə ki, kredit müqaviləsi bağlanmasına baxmayaraq, işin faktiki hallarından göründüyü ki, tərəflər arasında öhdəlik əmək münasibətlərindən yaranmış olduğunu, borc məbləğinin vaxtında qaytarılmamasının səbəbi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi ilə bağlı məhkəmədə sübutlar müəyyən edilmədiyi və cavabdeh tərəfindən ümumi borc məbləği üzrə müəyyən ödənişlər aparılmasını nəzərə alaraq məhkəmə iddia tələbinin bu hissəsinin rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində deyilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 21 fevral 2017-ci il tarixli kredit müqaviləsi üzrə 14700 manat məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi Cavabdeh 21 fevral 2017-ci il tarixli kredit müqaviləsi gecikdirilmiş vaxt üçün 2625 manat dəyərində illik 5 % pulunun İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar