Məhkəmə qərarları › İş №2(012)-1393/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1393/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1393/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair mülki işə 03 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 1436.46 manat kredit borcu, 124.22 manat faiz borcu və 219.59 manat cərimə borcu olmaqla, ümumilikdə 1780,27 manat məbləğində bоrcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 27.02.2020-ci il tarixli,003L**********74 saylı kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 27.02.2020-ci il tarixli 003R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə aylıq faiz dərəcəsi 2.0833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış zaminlik müqavilələrinə əsasən onlar bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşdür. Zaminlər kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə prosesində iştirak edən İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 27.02.2020-ci il tarixli,003L**********74 saylı kredit xətti müqaviləsindən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılmışdır. Mülki işin materiallarında olan 27.02.2020-ci il tarixli 003R********** saylı kredit razılaşmasından müəyyən edilir ki, Cavabdeh1 İddiaçı QSC-dən 12 ay müddətinə aylıq faiz dərəcəsi 2.0833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit götürmüşdür. Mülki işin materiallarında olan 003S**********1 №-li və 003S**********01 №-li zaminlik müqavilələrindən müəyyən edilir ki, kredit razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 zamin durmaqla bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmin zaminlik müqavilələri uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il ərzində qüvvədədir. Mülki işin materiallarında olan 19.11.2020-ci il tarixli, 08 №-li maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 İddiaçı QSC-yə 27.02.2020-ci il tarixli 003R********** saylı kredit razılaşması üzrə olan borcu 03.09.2020-ci il tarixinə 1436.46 manat kredit borcu, 124.22 manat faiz borcu və 219.59 manat cərimə borcu olmaqla, ümumilikdə 1780,27 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 219.59 manat cərimənin məbləği azaldılmalı və 21 manat olaraq müəyyən edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 ilə birlikdə İddiaçı QSC qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 27.02.2020-ci il tarixli 003R********** saylı kredit razılaşması üzrə 1436.46 manat kredit borcu, 124.22 manat faiz borcu və 21 manat cərimə borcu olmaqla, ümumilikdə 1581,68 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı QSC-yə verilməli, Cavabdeh1 və İddiaçı QSC arasında bağlanmış 27.02.2020-ci il tarixli 003R********** saylı kredit razılaşması ləğv edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat məbləğindəki hissəsi cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və İddiaçı QSC arasında bağlanmış 27.02.2020-ci il tarixli 003R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 27.02.2020-ci il tarixli 003R********** saylı kredit razılaşması üzrə 1436.46 manat kredit borcu, 124.22 manat faiz borcu və 21 manat cərimə borcu olmaqla, ümumilikdə 1581,68 manat və iddia ərizəsinin verilməsinə görə 20 manat dövlət rüsumuna görə pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar