Məhkəmə qərarları › İş №2(012)-1399/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1399/2021

01.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1399/2021 01.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə vurulmuş 1.150 (min yüz əlli) manat məbləğində maddi zərər və iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin 123 saylı marşrut xəttində sürücü vəzifəsində işləyən Cavabdeh 2019-cu ilin noyabr ayından 2020-ci ilin aprel ayına kimi işlədiyi günlər ərzində (2019-cu ilin noyabr ayında 130 manat, dekabr ayında 195 manat, 2020-ci ilin yanvar ayında 275 manat, fevral ayında 240 manat, mart ayında isə 310 manat) mütəmadi olaraq təyin olunmuş gündəlik planı kəsirlə ödəyərək 5 ay ərzində MMC-yə ümumilikdə 1.150 manat məbləğində zərər vurmuşdur. Cavabdehlə dəfələrlə söhbətlər aparılaraq göstərilən məbləğlərdə pulu qaytarmaq təklif olunsa da, cavabdeh həmin borcunu hissə-hissə ödəyəcəyinə söz versə də, bu günədək heç bir ödəniş etməmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MMC məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MMC-yə vurulmuş 1.120 (min yüz iyirmi) manat məbləğində maddi zərər və iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-nin istismarında olan 123 saylı marşrut xəttində sürücü vəzifəsində işləyən zaman onun borcu 2019-cu il üzrə 295 manat, 2020-ci il üzrə isə 825 manat olmuşdur. Ümumilikdə cavabdehin iddiaçıya olan qalıq borcu 1.150 manat deyil, 1.120 manat olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərə görə 1.120 manat və iddiaçı tərəfindən iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib tələbə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14.11.2019-cu il tarixli əmək müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, işəgötürən İddiaçı MMC tərəfindən işçi Cavabdeh “sürücü” olaraq təyin edilir. Həmin müqavilənin 3.1-ci maddəsinin “b” bəndində görə işçi əmək funksiyasının icrası üzrə sərnişindaşımada gündəlik təyin olunmuş planı tam məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14.11.2019-cu il tarixli tam məsuliyyət haqqında müqavilənin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, işçi - “sürücü” Cavabdeh vəzifə kimi müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş gündəlik planın kassaya təhvil verilməsini təmin etməyi yerinə yetirməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarına əlavə olunmuş çıxarışların müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh İddiaçı MMC-yə 2019-cu ilin yanvar ayında 130 manat, dekabr ayında 195 manat, 2020-ci ilin yanvar ayında 275 manat, fevral ayında 240 manat, mart ayında isə 310 manat olmaqla, ümumilikdə 1.150 manat məbləğində maddi ziyan vurmuşdur. Mülki işin materiallarına əlavə olunmuş 08 aprel 2021-ci il tarixli 905 nömrəli maliyyə arayışından müəyyən edilir ki, İddiaçı MMC-də işlədiyi 14.11.2019-cu il tarixdən 31.03.2020-ci il tarixə qədərki dövr ərzində təyin olunmuş gündəlik planı mütəmadi olaraq kəsirlə verməsi səbəbindən, Cavabdeh İddiaçı MMC-yə 2019-cu ilin noyabr ayında 100 manat, dekabr ayında 195 manat, 2020-ci ilin yanvar ayında 275 manat, fevral ayında 240 manat, mart ayında isə 310 manat olmaqla, ümumilikdə 1.120 (min yüz iyirmi) manat borcu yaranmışdır (maddi ziyan vurmuşdur). Mülki işin materiallarında olan qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təşkilatda sürücü olaraq çalışan cavabdeh əmək vəzifələrini kobud surətdə pozaraq təyin olunmuş gündəlik planı kəsrlə ödəmiş və nəticədə 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi işlədiyi günlər ərzində MMC-yə ümumilikdə 1.120 (min yüz iyirmi) manat məbləğində maddi ziyan vurmuşdur. MMC bu barədə ona müraciət etsə də, müraciəti nəticəsiz qalmış və məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1.120 (min yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş olan 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 1.120 (min yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumu üçün 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar