Məhkəmə qərarları › İş №2(012)-1401/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1401/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1401/2021 28.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 28 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 3920.87 manat məbləğində kredit borcu, 189.71 manat məbləğində faiz borcu və 571.13 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4681,71 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Cavabdeh İddiaçı QSC ilə bağladığı 17.02.2020-ci il tarixli kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.8333 % olmaqla 18 ay müddətinə, müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq dəfələrlə ödənişi yubatmış, müqavilə üzrə 17.07.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1079.13 manat ödəniş etmiş və onun iddiaçıya 3920.87 manat məbləğində kredit borcu qalmışdır. Müqaviləyə əsasən faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Buna görə də 13.10.2020-ci il tarixə 118 gün üçün hesablanmış faiz borcu 189.71 manat təşkil edir. Müqaviləyə əsasən borclu kredit və faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. Buna görə də 13.10.2020-ci il tarixə 118 gün üçün hesablanmış cərimə 571.13 manat təşkil edir. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə maliyyə arayışı təqdim etmişdir. Həmin maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC-yə 27.04.2021-ci il tarixinə olan borcu 17.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3670.87 manat məbləğində əsas, 460.94 manat məbləğində faiz və 1065.63 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5197.44 manat təşkil edir. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 17.02.2020-ci il tarixli, 017A********** saylı kredit və bank hesabı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC tərəfindən aylıq faiz dərəcəsi 1.8333% olmaqla 18 ay müddətinə, müəyyən olunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia olunan 571.13manat cərimənin məbləği azaldılmalı və 39 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 17.02.2020-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 3670.87 manat məbləğində əsas, 460.94 manat məbləğində faiz və 39 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4.170,81 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın 20 manatı tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3670.87 manat məbləğində əsas, 460.94 manat məbləğində faiz və 39 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4.170,81 manat (dörd min yüz yetmiş manat səksən bir qəpik) və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar