Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1403/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 17200 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, özünü inqubator ustası kimi təqdim edən Cavabdeh ilə 2018-ci il tarixdə tanış olmuşdur. Qısa müddət ərzində cavabdeh inqubator avadanlığı üzrə özünü səliqəli, məsuliyyətli və etibarlı mütəxəssis kimi təqdim etmişdir. Cavabdeh təklifi ilə Novxanı kəndində icarəyə götürdüyü və işlətdiyi yerə gedərək 1700 (min yeddi yüz) manat müqabilində 3000 (üç min) yumurtalıq inqubator avadanlığını hazırlamağı Cavabdeh sifariş vermiş, eləcə də razılaşdıqları məbləğin 1000 (min) manatını ona beh verərək pulun qalan hissəni sifariş hazır olandan sonra alacağını bildirmişdir. Sifarişi hazır olandan sonra məlum oldu ki, 3000 (üç min) yumurtalıq inqubator avadanlığının böyük və yerləşdirilməsi mümkünsüz olduğundan Cavabdeh sözügedən avadanlığın satılmasını xahiş etmişdir. Sözügedən avadanlıq Cavabdeh tərəfindən satılmış və satılmış avadanlığın pulunu vermək əvəzinə ona daha böyük inqubator avadanlığı hazırlamağı təklif etmişdir. O da Turala inanmış və irəli sürülmüş təkliflə razılaşaraq hissə-hissə olmaqla ümumilikdə Cavabdeh 17.200 (on yeddi min iki yüz) manat məbləğində pul vermişdir (Cavabdeh Kapital Bank hesabına pul köçürülməsi barədə qəbzlər və s. ödəniş sənədləri əsasında). Lakin bu günə kimi nə sözügedən avadanlıqları hazırlamış, nə də ondan aldığı pulları geri qaytarmışdır. İddiaçı pulu ödəməsini dəfələrlə tələb etməyinə baxmayaraq, Cavabdeh bu günə kimi ona bir manat da ödəməmişdir. Ona görə də o, məcbur olub 14.12.2020-ci il tarixdə Abşeron RPİnə ərizə ilə müraciət etmişdir. Abşeron RPİ-nin təhqiqat şöbəsində araşdırılma aparılmış və Cavabdeh yuxarıda qeyd edilən xüsustların hamısını etiraf etmişdir. Lakin Abşeron RPİ-nin 24.12.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qanunvericiliyə uyğun olaraq mülki xarakterli mübahisə olduğundan məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Yuxarıda göstərildiyi kimi cavabdehin hərəkətləri (yəni öhdəliklərinin yerinə yetirilməməsi) və onu aldatması nəticəsində xeyli miqdarda zərər vurulmuşdur ki, məhkəmə qaydasında cavabdehdən tutulmalıdır və onun haqqında xüsusi qərar çıxarılmaqla prokurora göndərilməlidir. Ona görə də Cavabdeh 17.200 (on yeddi min iki yüz) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddiaçının izahatı ilə eyni məzmulu izahat vermişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, o, 10 ilə yaxın müddətdə inqubator avadanlığı düzəldib onun satışı ilə məşğul olur. 2019cu ildə iddiaçı və bir neçə şəxs ona yaxınlaşaraq inqubator sifariş vermişlər. Beh olaraq 700 manat ödəniş etmişlər. İnqubator hazır olanda o, zəng vurmuş, lakin iddiaçı artıq inqubatora ehtiyacı olmadığını bildirmişdir. 1 il müddətdən sonra iddiaçı yenidən ona zəng edərək inqubator almaq niyyətində olduğunu bildirmişdir. O, sonradan əməliyyat olmuş, Covid-19 pandemiyası ilə əlaqədar virusa yoluxduğundan iddiaçının sifarişini 3 ay gecikdirmiş, lakin buna baxmayaraq sifarişini hazır etmişdir. Lakin iddiaçı sifariş verdiyi inqubatoru gəlib aparmamışdır. Bunun müqabilində iddiaçı ona 17200 manat pul vermiş və həmin məbləği hissə-hissə ödəmişdir. Bu səbəbdən də o, iddia tələbini qəbul edir, iddiaçının ona 17200 manat pul verdiyini etiraf edir və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Asan-Sabirabad tərəfindən verilmiş 26.09.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Əzizova X1 rayonu Sığırlı kəndində qeydiyyatdadır. -DİN-nin BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 07.01.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Novxanı kəndi İ.Abdullayev küçəsi 25 saylı evdə qeydiyyatdadır. -Abşeron RPİ-nin 24.12.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda izahatı alınmış Cavabdeh, yumurtadan cücə çıxarmaq üçün işlədilən inkubatorların təmiri və hazırlanması ilə məşğul olduğunu, Sənubəri 2018-ci ildən internetdə paylaşdığı paylaşım vasitəsi ilə tanıdığını, Sənubərin onun Novxanı qəsəbəsində yerləşən icrəyə götürdüyü yerə gələrək ona ilkin olaraq 1700 manat dəyrində inkubator sifariş verdiyini, ilkin olaraq ona 700 manat beh verdiyini, inkubator hazır olandan sonra Sənubər həmin inkubatoru qoymağa yerinin olmadığını deyib hazırlanmış inkubatoru satmasını ondan istədikdə o, razı olmaq məcburiyyətində qaldığını, bir müddət sonra Sənubər onunla əlaqə saxlayıb bu işin alınmamasına heyfsləndiyini deyərək ona quşçuluqla məşğul olmaq istədiyini bildirmiş, ondan bununla u bağlı məsləhət almışdır. Sonra Sənubər ona şərik işləməyi təklif edərək özünün investr olmasını bu işlə bağlı lazımı qədər pul xərcləyəcəyini, onun isə inkubatoru hazırlamasını, həmçinin quşçuluqla bağlı digər məsələləri həll etməsini istədiyini bildirmiş, o razılıq verdikdən sonra Sənubərə inkubatorun hazırlanması üçün 15.000 manat pul lazım olduğunu demiş, aralarında olan razılamadan sonra Sənubər inkubatorun ehtiyyat hissələrini almaq üçün ona hissə-hissə pul verməyə başlamışdır. Beləliklə ümumilikdə Sənubər ona 17.200 manat pul vermiş, o, isə inkubatoru hazırlamağa başlamış, müəyyən qədər iş gördükdən sonra xəstə yatması səbəbindən Sənubərə vəd verdiyi inkubatoru vaxtında hazırlaya bilməmiş, bu səbəbdən aralarında mübahisə yaranmış, 14.12.2020-ci il tarixdə isə Sənubər Novxanı kəndinə gələrək ondan verdiyi pulları geri istəmiş, o, Sənubərə inkubatorun hazır olduğunu desə də, Sənubər onunla razılaşmayıb ona inanmadığını bildirmiş və verdiyi pulları geri istədiyini bildirmişdir. İşin araşdırılan hallarından müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 2018-ci il tarixdə tanış olmuş, cavabdeh inqubator avadanlığının düzəldilməsi üzrə mütəxəssis olduğundan, iddiaçı cavabdehə inqubator avadanlığı düzəldilməsini sifariş etmişdir. Aralarında olan şifahi müqavilə əsasında birinci dəfə cavabdeh 3000 yumurtalıq inqibator düzəldib iddiaçıya təhvil verməli, digər tərəf isə avadanlığın 1700 manat pulunu ödəməsi barədə razılığa gəlmişlər. Sonradan isə tərəflər fikirlərini dəyişib qiyməti 15500 manat olan 20000 yumurtalıq inqubator avadanlığı düzəldilməsi, və həmin avadanlığa dair birlikdə biznes fəaliyyəti ilə məşğul olması barədə şifahi razılığa gəlmişlər. İddiaçı bununla bağlı cavabdehə hissə-hissə 15500 manat pul vermişdir. Lakin cavabdeh pulu qəbul etməsinə baxmayaraq üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməmişdir. Odur ki, iddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 17200 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında iddia tələbini etiraf edərək qəbul etdiyini bildirmiş və bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə); 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Tərəflərin izahatından və məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə Abşeron RPİ-nin qərarından görünür ki, tərəflər araşaında şifahi razılaşma olan əldi bağlanmış və həmin razılaşma əsasında onlar birbirlərinin qarşısında öhdəlik götürmüşlər. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən iddiaçı ödənişi etməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də cavabdeh avadanlığın təhvil verilməsini ləngitmiş, öhdəliyini vaxtında yerinə yetirməmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında iddianı qəbul etdiyini bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Ona görə də, məhkəmə iddiaçının iddia tələbini əsaslı sayır və hesab edir ki, cavabdeh tərəfin etirafı da nəzərə alınmalı tələb təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonara Mülki Prosessual Məcəllə) ; 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə işin yuxarıda qeyd edilən faktiki hallarını, habelə cavabdehin etirafını nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan, 17200 manat məbləğində pul Cavabdeh tutulub, İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən məhkəmə xərclərinə aid olan 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 17200 (on yeddi min iki yüz) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 17230 manat (on yeddi min iki yüz otuz manat) tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1403/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1403/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver