Məhkəmə qərarları › İş №2(012)-142/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-142/2023

21.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-142/2023 21.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 9 saylı evin, 30 saylı mənzilinə vurulmuş 7900 manat maddi ziyan və 100.4 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, tam mülkiyyət hüququ ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 9, 28.8 kv.m-dən ibarət 30 saylı mənzildə yaşayır. Yaşadığı mənzilə dair bütün kommunal xidmətlərdən istifadə edərək mənzili tam idarə edir. Belə ki, 2021-ci ilin əvvəlindən mənzilə 33 saylı mənzildən su basdığından bütün mənzil tam yararsız vəziyyətə düşmüşdür. Bununla əlaqədar, o, dərhal Mənzil Kommunal Təssərrüfat şöbəsinə məlumat vermiş, su axıdılan mənzil Cavabdeh məxsus olmasına baxmayaraq həmin mənzili dövrü olaraq müxtəlif şəxslərə kirayə vermişdir. O, dəfələrlə yuxarı qonşu mənzilin sakinlərinə müraciət etsə də tədbir görülməmişdir. Bununla yanaşı mənzilin sahibinə, yəni, cavabdehə məlumat vermiş və xəbərdar etmişdir. Sonra qonşu tərəfindən su axıdılması halları təkrarlanmışdır. Lakin mənzilin sahibi mənzilə dəyən ziyanı ödəyəcəyinə söz versə də vədinə əməl etməmişdir. Mənzilə dəymiş ziyan qonşuların və 3 saylı Mənzil İstismar Sahəsinin əməkdaşı tərəfindən baxış keçirilməklə akt tərtib edilmiş, fotoşəkillər və videoçəkiliş aparılmışdır. Mənzilin su basmasına səbəb yuxarıdakı qonşu cavabdeh olmuşdur. Mənzilə baxış zamanı yuxarı qonşudan su axıntısının nəticəsi olaraq dəhliz və mətbəx otaqlarında divar kağızı qopmuş, saralmış vəziyyətdə, tavan kənarları saralmış, qonaq otağının tavan və taxta döşəməsi tamamilə yararsız vəziyyətdə, divar kağızları nəmlikdən saralmış və qopmuşdur. Mənzilin bütün elektrik xətləri yararsız vəziyyətdə, mənzildə yerləşən mebel dəstləri, ev əşyaları korlanmış, otaqların taxtaları şişmişdir. Mənzilə sızan su axıntısı nəticəsində təxminən, ümumilikdə 7900 manat ziyan dəymişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 9 saylı evin, 30 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 77 saylı reyestr kitabının 8 saylı vərəqində qeydiyyata alınmışdır. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkildən görünür ki, mənzilə su sızma nəticəsində ziyan dəymişdir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 10/1707 saylı rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 9 saylı evin, 30 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 904 manat məbləğində olduğu müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan və hazırda, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 9 saylı evin, 30 saylı mənzilinə həmin yaşayış binasında yerləşən, Cavabdeh yaşadığı 33 saylı mənzildən su sızması nəticəsində mənzil yaşayış üçün yararsız hala düşmüşdür. Göstərilən halla bağlı iddiaçı aidiyyəti qurumlara müraciət etmiş və mülki xarakterli olduğundan mübahisə ilə bağlı məhkəməyə müraciət etməsi iddiaçıya izah olunmuşdur. Mənzilə dəymiş zərərin əvəzi cavabdeh tərəfindən ödənilmədiyindən iddiaçı mənzilinə dəymiş 7900 manat pul vəsaitinin cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.4.-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. İddia ərizəsindən göründüyü kimi, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 9 saylı evin, 30 saylı mənzilində, Cavabdeh isə sözügedən ünvanda yerləşən 33 saylı mənzildə yaşamaqla tərəflər arasında qonşuluq münasibətləri yaranmış və tərəflərin birgə yaşayış qaydalarına, onların hər birinin qonşuluq hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına riayət olunmasına dair öhdəlikləri yaranmışdır. Hazırda, iddiaçının cavabdeh tərəfindən həmin qaydalara riayət edilmədiyini iddia edərək həmin hərəkətlər nəticəsində ona vurulmuş maddi ziyanla bağlı tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin: 21.1. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə mənzilə dəymiş zərərin məbləğinin müəyyən edilməsinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və həmin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 10/1707 saylı rəyi əsasında, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 9 saylı evin, 30 saylı mənzilinə 33 saylı mənzildən suyun sızması müəyyən olunmuş, su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 904 manat müəyyən edilmişdir. Bu səbəbdən də, məhkəmə Ədliyyə Nazirliyi tərəfindən verilmiş ekspert rəyini əsas sübut növü kimi qəbul edir və həmin rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib iddiaçının mənzilinə dəymiş zərərin 904 manat məbləğində olması qənaətinə gəlir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini ümumiləşdirib, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirərək qeyd edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh tərəfindən onun Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 9 saylı evin, 33 saylı mənzilindən İddiaçı məxsus 30 saylı mənzilə vurulmuş zərərin əvəzi olaraq 904 manat pul vəsaiti alınaraq iddiaçının xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat pul vəsaiti isə cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən onun Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 9 saylı evin, 33 saylı mənzilindən İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 9 saylı evin, 30 saylı mənzilinə vurulmuş zərərin əvəzi olaraq 904 (doqquz yüz dörd) manat pul vəsaiti və 100.4 (yüz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar