Məhkəmə qərarları › İş №2(012)-1435/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1435/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1435/2021 10.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının, Cavabdehlər Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09R000012482 saylı kredit razılaşması üzrə 1000,17 manat məbləğində kredit borcu, 519,01 manat məbləğində faiz borcu və 100,01 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1619,19 manat məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 09L000002057 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 10000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh2 kreditor ilə bağladığı xx.xx.2014-cü il tarixli, 09R000012482 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmq şərti ilə 3500 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 09R000012482S saylı və xx.xx.2016-cı il tarixli, 09R000012482SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Borclu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Borclu kredit razılaşması üzrə götürdüyü kredit borcundan 2499,83 manat ödəmiş və 1000,17 manat məbləğində əsas kredit borcu vardır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə hesablanmış faiz borcu 519,01 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 20 gün üçün hesablanmış cərimə 100,01 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər.Qeyd olunanlara əsasən nümayəndə, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, o,1000 manat məbləğində borcu qəbul edir. Gözətçi olaraq işləyir və aylıq əmək haqqı 235 manat təşkil edir. Bu səbəbdən o, hər ay 20 manat ödəniş edə bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Heybətov Elnur Qalib oğlu və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarından olan xx.xx.2010-cu il tarixli, 09L000002057 saylı kredit xətti müqaviləsindən görünür ki, "İddiaçı" QSC-nin Azadlıq filialı (bank) ilə Cavabdeh2 (kredit alan) arasında olan bu müqaviləyə əsasən bank kredit alana 120 ay müddətinə 10000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açmışdır. İş materiallarından olan xx.xx.2014-cü il tarixli, 09R000012482 saylı kredit razılaşmasından görünür ki, "İddiaçı" QSC-nin Azadlıq filialı (bank) ilə Cavabdeh2 (kredit alan) arasında kredit razılaşması bağlanmış və bu razılaşmaya əsasən bank məbləği 3500 manat olan krediti aylıq faiz dərəcəsi 2.4167 % olmaqla, 18 ay müddətinə kredit alana vermişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 09S000003106 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC-nin Azadlıq filialı, bundan sonra zamin adlandırılacaq Cavabdeh1 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış 09L000002057 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 09S000011038 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC-nin Azadlıq filialı, bundan sonra zamin adlandırılacaq Cavabdeh3 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış 09L000002057 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 09R000012482 saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixə olan borcu 1000,17 manat məbləğində kredit borcu, 0 manat məbləğində faiz borcu, 0 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1000,17 manat məbləğində təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixli, 09L000002057 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli, 09R000012482 saylı kredit razılaşması imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. İddiaçı ASC iddia tələbində və nümayəndəsi məhkəmə iclasında Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 09R000012482 saylı kredit razılaşması üzrə 1000,17 manat məbləğində kredit borcu, 519,01 manat məbləğində faiz borcu və 100,01 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1619,19 manat borc pulu tələb etsədə, lakin iddiaçı təşkilat tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 09R000012482 saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixinə olan kredit borcu 1000,17 manat, faiz borcu 0 manat, cərimə borcu 0 manat olmaqla, cəmi 1000,17 manat təşkil edir. İddiaçı təşkilatın özü tərəfindən məhkəməyə rəsmi qaydada təqdim olunmuş xx.xx.2014-cü il tarixli, 09R000012482 saylı kredit razılaşması üzrə Cavabdeh2 borcunun miqdarını müəyyən edən xx.xx.2021-ci il tarixli arayışının həqiqiliyin təkzib edən sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki,həmin arayışda göstərilən cədvəl üzrə əsas məbləğ, faiz və cərimə üzrə iddia tələbi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 09R000012482 saylı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit razılaşması və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 09R000012482 saylı kredit razılaşmasından irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı QSC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər olan Cavabdeh1 və Cavabdeh3 öz öhdəliklərinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 09R000012482 saylı kredit razılaşması üzrə 1000.17(min manat on yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar