Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1437/2023 25.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 manat borc, iddia ərizəsinin yazılmasına görə ödənilmiş 60 manat və 70 manat dövlət rüsumu olmaqla, cəmi 5130 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi imzalamış, sadə yazılı formada bağlanmış müqaviləyə əsasən, gündəlik icarə haqqı 13 manat ödəməklə “Dragon” markalı, LCS1BATF3M1080024 seriyalı məhsul icarəçinin istifadəsinə verilmişdir. Cavabdeh keçən müddət ərzində öhdəliyə dair heç bir ödəniş etməmiş, iddiaçıya məxsus olan mopedi isə özünə qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh müqavilə bağlandığı andan etibarən müqavilə üzrə öhdəliyini icra etməməklə pozuntuya yol vermişdir. 6 ay 20 günün icarə haqqı yəni, 2600 manat pul vəsaitindən bu günə qədər cavabdeh heç bir ödəniş etməmişdir. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı məhkəməyə elektron qaydada təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, iddiaçı xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında onun iştirakı olmadan baxılıb yekun məhkəmə aktının çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, bu müqavilə üzrə icarəyə verən “Dragon” markalı, LCS1BATF3M1080024 seriya nömrəli məhsulu icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.5-ci bəndinə əsasən, məhsulun 12 ay müddətində icarəçinin himayəsində qalması məcburi xarakter daşıyır. Bu 12 aylıq müddət ərzində icarəçi gündəlik 13 manat olmaqla icarəyə verənə ödəniş etməlidir. 12 ayın sonunda isə ödəniş tamamlanıbsa məhsul artıq tamamilə icarəçinin himayəsinə keçir və sahibkar statusu alır. Müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən, gündəlik icarə haqqı 13 manat təşkil edir. İcarə haqqı hər günə görə cari ayın 25-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. Müqavilənin 6.1.2-ci bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını icarəyə verənə ödəmək icarəçinin vəzifəsidir. -Alqı-satqı aktından görünür ki, İddiaçı “Dragon” markalı məhsulun alınmasına görə 2400 manat pul vəsaiti ödəmişdir. -xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Bakı şəhəri 34 saylı Vəkil Bürosunun hesabına xidmət haqqı olaraq 60 manat pul vəsaiti köçürmüşdür. -xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsinə görə məhkəməyə 70 manat pul vəsaiti ödəmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 31C saylı evdə, Cavabdeh isə Abşeron rayonu, Digah qəsəbə ərazi dairəsi, Digah qəsəbəsi, C.Novruz küçəsi, 21 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, hazırki iş üzrə İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən “Dragon” markalı, LCS1BATF3M1080024 seriya nömrəli məhsulu icarəçinin sahibliyinə və istifadəsinə vermiş, icarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə uyğun olaraq icarəyə verən məhsulu gündəlik icarə haqqı 13 manat olmaqla icarəçiyə verməyə dair razılığa gəlmişlər. Göründüyü kimi, icarəyəverən müqavilə üzrə öhdəliyini yerinə yetirərək məhsulu icarəyə vermiş, icarəçi isə icarə haqqının ödənilməsindən yayınaraq müqavilə üzrə öhdəliyini icra etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki iş materiallarında olan, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən göründüyü kimi, icarəyə verən müqavilə ilə nəzərdə tutulmuş məhsulu icarəçiyə təhvil verməklə, icarəçi isə həmin məhsulu təhvil almaqla tərəflər arasında icarə hüquq münasibətlərindən irəli gələn hüquq yaranmış və tərəflər həmin müqavilə üzrə qarşılıqlı hüquq və vəzifələr daşımışlar. Mülki Məcəllənin 700.1. maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İşin müəyyən edilmiş hallarından aydın olur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş məhsul gündəlik icarə haqqı 13 manatdan hesablanmaqla razılaşdırılmışdır. Hazırda, iddiaçı-icarəyə verən müqavilənin bağlandığı xx.xx.2022-ci il tarixdən məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixədək icarə haqqına görə hesablanmış 2600 manat pul vəsaitinin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçının iddia tələbini həmin hissədə əsaslı hesab edərək, icarə haqqına görə 6 ay 20 gün müddəti üçün hesablanmış 2600 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 701.2.4. maddəsinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir. İddia tələbindən eyni zamanda, göründüyü kimi, iddiaçı icarəyə verilmiş əşyanın dəyəri olaraq 2400 manat pul vəsaitinin də cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı icarəyə verilmiş əşyanı cavabdehin sahiblik və istifadəsinə verdiyindən, qanunun tələblərinə əsasən, icarəyə verənin icarəyə verdiyi əşyanı icarəçidən geri götürmək hüququ olduğundan, nəticə etibarı ilə tərəflər arasında olan münasibətlər hüquqi təbiətinə görə alqı-satqı münasibətlərini yaratmadığından iddia tələbləri həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə iddiaçıya icarəyə verilmiş əşyanın geri tələb edilməsi hüququnun olduğunu izah edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 70 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq, 36.4 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalıq qalan 33.6 manat dövlət rüsumu məbləği isə iddiaçıya aid edilməlidir. Bununla yanaşı, mülki iş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmə xərcinə görə eyni zamanda, 60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməklə 60 manat ödəniş məbləği cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına yuxarıda gəldiyi nəticələrə uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə icarə haqqına görə 2600 manat, məhkəmə xərclərinə görə isə 60 manat və 36.4 manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 2696.4 manat pul vəsaiti tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh icarə haqqına görə 2600 (iki min altı yüz) manat və məhkəmə xərclərinə görə 96.4 (doxsan altı manat qırx qəpik) manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 2696.4 (iki min altı yüz doxsan altı manat qırx qəpik) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1437/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1437/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver