Məhkəmə qərarları › İş №2(012)-1438/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1438/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1438/2024 01.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, hazırki iş üzrə Cavabdeh 4200 manat məbləğində pulun və ödənilmiş 62 manat məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə eyni kənddə böyüyüb başa çatdıqlarından neçə illərdi bir birlərini tanımışlar. Hər zaman bir birlərinə qarşı xoş münasibətləri olmuşdur. 2018-ci ildə Cavabdeh onunla əlaqə saxlayaraq ona təcili 5000 manat pul lazım olduğunu bildirmiş və ona kömək etməyini xahiş etmişdir. Həmin vaxt o özü Tovuz rayonunda olduğundan ona həmin günü kömək edə bilməcəyini və bir iki günə Bakı şəhərinə gələcəyini bildirmişdi. Həmin söhbətdən bir iki gün sonra o Bakı şəhərinə gələrək Cavabdeh yaşadığı Yasamal rayonu ərazisində sonuncuya 5000 manat pul verdi. Görüş vaxtı aralarında olan danışığa əsasən 3-4 aya qaytaracağını bildirmişdir. Lakin, Yasamal rayonunda hansı küçəsində görüşməklərini tam xatırlamır. Bundan sonra o oradan uzaqlaşmış və bir iki gün şəhərdə qaldıqdan sonra yenidən Tovuz rayonu Qovlar kəndinə qayıtmışdı. Pulu verdiyi gündən 4 ay keçdikdən sonra o Maislə əlaqə saxladı və pulunu nə vaxt qaytaracağını soruşduqda başladı müxtəlif bəhanələr gətirməyə. O pulu düzəltmədiyini bildikdə Maisa bir neçə ay vaxt vermişdi. Çünki, Cavabdehla eyni kənddən olduğuna görə sonuncunu tələsdirmək istəmədi. Bir neçə ay vaxt verdikdən sonra Cavabdehla əlaqə saxladı və pulunu tələb etdikdə yenidən ona müxtəlif bəhanələr gətirməyə başladı və guya pulu başqa bir adama verib, ondan ala bilmir. O, Maisdən pulumun qaytarmasını tələb etmiş və bır müddət sonra ona 800 manat qaytarmışdır. Halhazırda Cavabdeh ona 4200 manat verməlidir. Lakin Mais müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan boyun qaçırmış və verməmişdir. Buna görə də tərəfindən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət edərək onu aldatması ilə bağlı cinayət işinin qaldırılmasını xahiş etmişdir. Cavabdeh polis idarəsində izahat verərək ondan borc aldığını bildirmiş və buna görə də polis idarəsində cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı cavabdehə 2018-ci ildə 5000 manata borca pul vermişdir. İdiiaçı həmin məbləğin qaytarılmasını tələb etdikdən bir müddət sonra 800 manat qaytarmışdır. Qalan 4200 manat məbləği iddiaçı cavabdehdən dəfələrlə tələb etsə də, geri qaytarmamışdır. Bununla bağlı iddiaçı Yasamal rayon Polis İdarəsinə də müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, əvvəllər iddiaçıdan bir neçə dəfə sələmə pul götürərək, faizi ilə birlikdə həmin pulları geri qaytarmışdır. Belə ki, dostuna lazım olduğu üçün Turaldan 5000 min manat onun tərəfindən götürülmüş, həmin puldan ilkin olaraq 800 manat Turala qaytarmış, sonra isə faiz borcunu ödəməklə qalan pulun hamısınını qaytarmışdı. Pulun qaytarılması barədə hazırda sübutunun olmadığını bildirmişdir. Məhkəmə tərəflərin iddia tələbi ilə bağlı münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Qərardan görünür ki, araşdırma zamanı Cavabdeh İddiaçı qarşı dələduzluq etməsi faktı sübuta yetirilmədiyindən, toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Cavabdeh vət. X1 5000 manat borca pul alaraq həmin puldan 800 manatını qaytarsa da 4200 manatını qaytarmadığından sonuncuya 4200 manat borcun mülki tələbi ilə əlaqədar olaraq aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Qərardan daha sonra görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh vermiş olduğu izahatında göstərmişdir ki, 5 ildən çoxdur ki. İddiaçı ayrı-ayrı vaxtlarda 5000 və 2000 manat sələmə pul götürmüşdür, həmin pulu o, dostu X2 vermişdir. Belə ki, Anarın uşağı əməliyyat olunacaqdı deyə pul lazım idi. O, da özündə olmadığı üçün Turaldan sələmə götürüb Anara vermişdir. Həmin pulun qarşılığında Turala 8600 manat sələmin faiz, pulu ödənilib, 600 manat isə əsas borcdan silibdir. Əlavə izahat zamanı bildirmişdir ki Tural əsas borcdan 800 manat silmişdir və o, hesab edir ki, faiz pulu ödədiyi üçün onun Turala borcu qalmamışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi ev 27, mənzil 135A, Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar ilə Cavabdeh etirafı əsasında iddiaçıya 4200 manat borcunun qalması öz təsdiqini tapmışdır. Cavabdeh borcun qaytarılmasını təmin etməmiş, bununla da, iddiaçının həmin borcu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Məhkəmə Cavabdeh məhkəmə iclasında verdiyi izahatda, Yasamal rayon Polis İdarəsində xx.xx.2023-cü il yazılı izahatında iddiaçıdan dostuna lazım olduğu üçün 5000 manatın onun tərəfindən götürülməsini, həmin puldan ilkin olaraq 800 manat qaytarılmasını etiraf kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1. maddəsinə əsasən, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.

326. maddəsinə əsasən, birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Mülki iş materiallarından göründüyü kimi, 4200 manat borcunun olmasına dair cavabdehin izahatı işin həqiqi hallarına uyğundur. Lakin cavabdeh bununla belə iddia tələbini qəbul etməmiş, pulu iddiaçıdan götürməsinə baxmayaraq, faiz borcunu ödəməklə qalan pulun hamısınının iddiaçıya qaytardığını məhkəməyə bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan 5000 manat aldığını və bundan ilk olaraq 800 manat qaytardığını sonra isə faiz borcunu ödəməklə qalan pulun hamısınının qaytardığını bildirsə də, pulun qalan hissəsinin iddiaçıya qaytarılmasına dair hər hansı sübutları məhkməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə Məhkəmə hesab edir ki, cavabdeh pulun qaytarılması barədə sübutlar təqdim etmədiyin iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 62 manat pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 4200 (dörd min iki yüz) manat borc məbləği və ödənilmiş dövlət rüsumuna görə 62 (altmış iki) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar