Məhkəmə qərarları › İş №2(012)-1445/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1445/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1445/2021 31.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı “İddiaçı» QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı “İddiaçı» QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcun qaytarılması tələbinə dair mülki işə 31 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı» QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcun qaytarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 6200,83 (altı min iki yüz manat, 83 qəpik) manat, faiz borcu üzrə 745,91 (yeddi yüz qırx beş manat, 91 qəpik) manat olmaqla, ümumilikdə 6946,74 (altı min doqquz yüz qırx altı manat, 74 qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun “İddiaçı» QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamolaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC-i ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər S-FK-1144 saylı, 18.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC ilə Cavabdeh1 arasında 19.11.2014-cü il tarixdə 16-19.11.2014-XAT51 saylı kredit müqaviləsi bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 bank tərəfindən illik 25% olmaqla 36 ay müddətinə 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə 19.11.2014-cü il tarixdə 16-19.11.2014-XAT51 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmiş və hazırda banka əsas borc üzrə 6200,83 (altı min iki yüz manat, 83 qəpik) manat, faiz borcu üzrə 745,91 (yeddi yüz qırx beş manat, 91 qəpik) manat olmaqla, borcu ümumilikdə 6946,74 (altı min doqquz yüz qırx altı manat, 74 qəpik) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçı» QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddia tələbində əsas borcu çox göstərilmişdir. İddia tələbinin faiz borcu hissəsi ilə isə razı deyil və faiz borcunu qəbul etmir. Borcu ödəməkdən boyun qaçırmır. İmkan olan kimi borcunu qaytaracaq. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, zaminlik müqaviləsinin müddəti keçib. Ona görə də iddianın ona aid hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 19.11.2014-cü il tarixli 16-19.11.2014- XAT51 saylı kredit müqaviləsindən müəyyən edilir ki, “xxxx” ASC tərəfindən Cavabdeh1 illik 25% olmaqla 36 ay müddətinə 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 19.11.2014-cü il tarixli 16-19.11.2014-XAT51 saylı zaminlik müqaviləsinə Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin icrası barədə zamin durmuşdur. Mülki işin materiallarında olan 02.12.2020-ci il tarixli, 6209 saylı arayışdan müəyyən edilir ki, Cavabdeh1 19.11.2014-cü il tarixli 16-19.11.2014-XAT51 saylı kredit müqaviləsi üzrə 6200,83 (altı min iki yüz manat, 83 qəpik) manat əsas borcu, 745,91 (yeddi yüz qırx beş manat, 91 qəpik) manat faiz borcu, cəmi 6946,74 (altı min doqquz yüz qırx altı manat, 74 qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iddia tələbini əsas borcluya münasibətdə qanuni və əsaslı hesab edir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh1 kredit müqaviləsi ilə aldıqlarını iddiaçıya qaytarmalı, Cavabdeh1 6200,83 (altı min iki yüz manat, 83 qəpik) manat əsas borcun, 745,91 (yeddi yüz qırx beş manat, 91 qəpik) manat faiz borcun, cəmi 6946,74 (altı min doqquz yüz qırx altı manat, 74 qəpik) manat pul vəsaiti alınaraq “İddiaçı» QSC Bank Olmayan Kredit Təşkilatına verilməlidir. Məhkəmə iddia tələbini digər cavabdeh olan zamin Cavabdeh2 münasibətdə qanunsuz və əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi 19 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh zaminlə bağlanmış eyni tarixli zaminlik müqaviləsinin də müddəti 36 aydır, müqavilənin müddəti 19 noyabr 2017-ci il tarixdə bitmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə 18 yanvar 2021-ci il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir.Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çardığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, zaminə münasibətdə tələb irəli sürmə müddəti keçməsindən iddia tələbi “zaminə” aid hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 alınaraq “İddiaçı» QSC Bank Olmayan Kredit Təşkilatına verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 6200,83 (altı min iki yüz manat, 83 qəpik) manat əsas borcu, 745,91 (yeddi yüz qırx beş manat, 91 qəpik) manat faiz borcu, cəmi 6946,74 (altı min doqquz yüz qırx altı manat, 74 qəpik) manat pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq “İddiaçı» QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar