Məhkəmə qərarları › İş №2(012)-1457/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1457/2023

06.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1457/2023 06.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 1.346,03 manat vəsaitin alınıb Bakı şəhər Probasiya İdarəsinə verilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-227/2021 saylı, 31 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 4 ay 6 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-115/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı ilə cəza müddəti 1 il azaldılmışdır. 04 avqust 2021-ci il tarixdə məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd enerji bankı, bir ədəd sadə elektron qolbağ, bir ədəd qolbaq üçün yükləmə qurğusu, yaddaş kitabçası və 3 ədəd ev siqnal ötürücüsü məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqların üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi texniki rəyə görə cavabdehə təhkim olunmuş mobil qurğunun ekranı sındırılmışdır. Bunun səbəbini aydınlaşdırmaq üçün cavabdeh idarəyə dəvət olunmuş, o izahat vermiş və izahatında avtoqəzaya düşdüyündən bunun baş verdiyini bildirmişdir. Həmçinin cavabdehə bildiriş təqdim edilərək ona təhkim olunmuş 01 ədəd mobil qurğunun dəyəri olan 1.346,03 manat pulu təqdim olunmuş müvafiq hesaba ödəmək təklif olunsa da, bu günə kimi həmin məbləğ müvafiq bank hesabına ödənilməmişdir. Belə olan halda cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnmiş və onlara maddi ziyan dəymişdir. Nazirliyin verdiyi maliyyə arayışına əsasən həmin avadanlığın dəyəri 1.346,03 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək və iddia ərizəsində göstərilənlərə əlavəsini olmadığını bildirərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 1.346,03 manat vəsaitin alınıb Bakı şəhər Probasiya İdarəsinə verilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh faktiki yaşadığı yer məlum olmadığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının keçirildiyi vaxt və yer haqqında məlumat Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyinə və Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbəsi üzrə Nümayəndəliyinə göndərilmiş, zəruri məlumatların cavabdehə çatdırılması xahiş olunmuşdur. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 1(001)-227/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı və hazırki vaxta kimi ev dustaqlığında olduğu cəmi 3 (üç) ay 27 (iyirmi yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 7 (yeddi) ay 24 (iyirmi dörd) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərinə gecə 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, hökmün icrasının Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunması, cəzaçəkmə müddətinin başlanğıcının Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən Cavabdeh narkomaniyadan məcburi müalicə təyin edilməsini, iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 0,670 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin məhv edilməsi, Binəqədi RPİ 43-cü PB-nin tədqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokolun tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut kimi 1 (bir) ədəd DVD diskin iş materiallarına əlavə edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik təqsirləndirilən Cavabdeh alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilməsi (Keçiriləcək hesab: Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı-X1, kodu 21005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********00000003944, SFİF CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN **********, hesab AZ34CTRE********************) hökm edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 7(001)-115/2022 saylı qərarının surətindən görünür ki, təqdimatın təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-227/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 04 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsi, məhkum Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin 01 (bir) il azaldılması qərara alınmışdır. İş materiallarında olan icra məmuru X4 və məhkum Cavabdeh tərəfindən tərtib edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 04 avqust 2021-ci il tarixli protokolun surətindən görünür ki, E.Məmmədova “İdrak” markalı 1 ədəd mobil telefon, 1 ədəd qolbaq (komplekti ilə birlikdə) və 3 ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydalarının pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan icra məmuru X4 və məhkum Cavabdeh tərəfindən tərtib edilmiş 20 yanvar 2021-ci il tarixli protokolun surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh tədbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirən zaman mobil qurğunun yararsız hala düşdüyü aşkar edilmiş, Cavabdeh tədbiq edilmiş qolbaq və onun komplekti təhvil alınaraq yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Bakı şəhər Probasiya İdarəsinin icra məmuru Ramil Əliyevə ünvanlanmış 20 yanvar 2022-ci il tarixli izahatın surətindən görünür ki, verilmiş suallara cavabında Cavabdeh avtoqəzaya düşdüyü üçün həmin vaxt elektron nəzarət vasitəsinin mobil qurğusunun sınaraq yararsız vəziyyətə düşdüyünü, dəymiş ziyana görə 1.346,03 manat məbləğin tam ödəməyə yox, hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir. İş materiallarında olan elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyekti olan Cavabdeh təhkim olunmuş mobil qurğunun ekranı sınıdırılmışdır. İş materiallarında olan Maliyyə və təminat idarəsinin rəisi tərəfindən Probasiya xidmətinin rəisinə ünvanlanmış məktubların surətindən görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan dəyəri 1.346,03 manat olan 1 ədəd xüsusi proqram təminatı ilə mobil nəzarət qurğusunun dəyərinin nəzarət subyektindən tutulması xahiş edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 1(001)-227/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hökmün icrası ilə əlaqədar Cavabdeh “İdrak” markalı 1 ədəd mobil telefon, 1 ədəd qolbaq (komplekti ilə birlikdə) və 3 ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Cavabdeh təhvil verilmiş mobil qurğunun ekranı sınmış, nəticədə 1.346,03 manat maddi ziyan dəymişdir. Hazırda iddiaçı təşkilat vurulmuş 1.346,03 manat maddi ziyanın Cavabdeh tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən mobil nəzarət qurğusunun bərpası mümkün olmadığından, bir ədəd 1.346,03 manat dəyərində mobil nəzarət qurğusuna Cavabdeh dəymiş maddi ziyan 1.346,03 manat qiymətləndirilməli, iddia təmin edilərək 1.346,03 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı Bakı şəhər Probasiya İdarəsinə verilməlidir. Eyni zamanda iddiaçının ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumuna görə pul da Cavabdeh dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 1.346,03 (min üç yüz qırx altı manat, üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bakı şəhər Probasiya İdarəsinə verilsin. Cavabdeh dövlət nəfinə 33,47 (otuz üç manat, qırx yeddi qəpik) manat rüsuma görə pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar