Məhkəmə qərarları › İş №2(012)-1465/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1465/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1465/2022 28.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Abşeron rayon 2 saylı Notariat Ofisinə qarşı pulun qaytarılması tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Abşeron rayon 2 saylı Notariat Ofisinə qarşı 10500 manat məbləğində pulun qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda ödəniləcək dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.3-cü maddəsinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, cavabdehlərdən Cavabdeh1 Ağstafa rayonunun Muğanlı kəndində qeydiyyatdadır. X1 isə harada qeydiyyatda olması barədə iş materiallarında heç bir məlumat yoxdur. İddia ərizəsində cavabdeh kimi qoyulmuş Abşeron rayon 2 saylı Notariat Ofisinə qarşı heç bir tələb irəli sürülməmişdir. Formal cavabdeh kimi qoyulmuş Abşeron rayon 2 saylı Notariat Ofisinə görə hazırki işə Abşeron Rayon Məhkəməsində baxıla bilməz, yəni iddiaçı ərazi aidiyyəti qaydalarını pozmuşdur. Göründüyü kimi, mülki iş üzrə cavabdeh Abşeron rayonu ərazisində qeydiyyatda olmadığından mülki işə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yerinin müəyyən edilməsi barədə sənəd yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən, həmçinin görünür ki, iddiaçı ərizəsini qanunla nəzərdə tutulmuş forma və məzmuna uyğun qaydada tərtib etməmişdir. Belə ki, iddia ərizəsində cavabdehlər X1 və ünvan ünvanları, iddiaçının Ofisə qarşı konkret hansı tələbinin olduğu göstərilməmişdir. Mülki-Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Abşeron rayon 2 saylı Notariat Ofisinə qarşı pulun qaytarılması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar