Məhkəmə qərarları › İş №2(012)-1479/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1479/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1479/2025 14.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 13290 manat, banka ödənilmiş faiz borcuna görə 4000 manat, dəllala verilən 2300 manat olmaqla cəmi, 19590 manat və dövlət rüsumu kimi ödənilmiş 149 manat pulun alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 07 yanvar 2021 -ci il tarixdə sifarişçi "xxxx" MMC-nin direktoru X1 ilə podrat müqaviləsi bağlamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə görə müqavilənin qüvvədə olduğu müddət ərzində podratçılar "xxxx" MMC-nin 10 mərtəbəli 1 bloklu yaşayış binasının fasad işlərinin görülməsini öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış qaydada haqqın 30%-i pul və 70% hissəsini mənzillə muzd ödəməyi öz öhdəsinə götürür. Onlar 07 yanvar 2021-ci il tarixdən işə başlamışlar. Ümumi görülən iş 4190 kv.metrdir. onlar 1 kv.metr sahə üçün görülən işin qiymətini 14 manata razılaşmışlar. İşin qiyməti cəmi 58660 manat təşkil etmişdir. Cavabdeh tərəfdən cəmi 45370 manat verilmiş, 13290 manat isə ödənilməmişdir. Həmçinin podrat müqaviləsində qeyd olunan işlərin görülməsi üçün İddiaçı2 "xxxx" ASCdən 36 ay müddətinə ödəmək şərtilə 10100 manat məbləğində illik 24,3 faiz dərəcə ilə kredit götürmüşdür. Həmin kredit müqaviləsinə görə İddiaçı2 banka əlavə 4000 manat faiz ödəmişdir. Cavabdeh tərəflə olan razılığa əsasən borcun 70 faiz hissəsinə görə mənzil verilməli idi. Mənzilləri olmadığına görə onlara binanın çardağını (mansardını) təklif etmişlər. Onlar həmin şərtlə razılaşaraq, maklerlə (dəllalla) danışıb binanın çardağını (mansardını) satışa çıxarmasını istəmişlər. Həmin binanın çardağının (mansardının) satılacağı təqdirdə dəllal 2300 manat pul alacağını bildirmişdir. Dəllal binanın çardağına (mansardına) müştəri tapıb gətirəndən sonra cavabdeh tərəf həmin binanın çardağını 25000 manata sataraq qalan borcdan ödəniş etməmişlər. Tərəflər arasında razılıq olduğuna görə məcbur olub 2300 manat pulu dəllala vermişlər. Dəfələrlə müraciət etmələrinə baxmayaraq cavabdeh tərəf müxtəlif bəhanələrdən istifadə edərək müqavilənin şərtlərinə əməl etməmişdir. Nə onlara ödəniləcək 19590 manat pul, nə də müqavilənin şərtlərinə görə mənzil verilməmişdir. Yaranmış vəziyyətlə əlaqədar polis orqanına müraciət edərək cavabdeh tərəfindən pulun qaytarılmasına dair tədbir görülməsini xahiş etmişlər. Ərizə müvafiq olaraq Abşeron rayon Polis İdarəsində araşdırılmış və "xxxx" MMC-nin direktorunun və binanın sahibinin izahatları alınmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdehin vəkili Nümayəndə məhkəmə iclasında bildirdi ki, mübahisə kommersiya xarakterli olduğundan müvafiq məhkəməyə göndərilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair 2(012)-1479/2025 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 14-cü bəndinə görə əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. AZEMİS məlumatlarından görünür ki, İddiaçı2 VÖEN-i vardır və o, fərdi sahibkardır. Cavabdeh "xxxx" MMC isə kommersiya hüquqi şəxsdir və onlar arasında mübahisə sahibkarlıq fəaliyyətinin (podrat müqaviləsi üzrə haqqın ödənilməsi) həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Digər iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması ilə bağlı məhkəmə qeyd edir ki, mübahisənin bir hissəsi kommersiya xarakterli olduğundan ona bütünlükdə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 17-ci bəndinə görə MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair 2(012)-1479/2025 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar