Məhkəmə qərarları › İş №2(012)-1492/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1492/2025

06.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1492/2025 06.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan aliment miqdarının artırılaraq hər ay 250 manat sabit pul məbləğində alimentin və 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların nikahı xx.xx.2010-cu il tarixdə Sabirabad rayon Qeydiyyat Şöbəsində 277 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X5 adlı uşaq doğulmuşdur. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(056)-582/2014 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən, xx.xx.2011-ci il təvəllüdlü X5 onun himayəsinə verilmiş, Cavabdeh bu uşağın saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sonra o, alimentin artırılması ilə bağlı yenidən məhkəməyə müraciət etmiş, tarixində Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(056)-123/2015 saylı qətnaməsinə əsasən aliment miqdarı artırılaraq 100 manat müəyyən edilmişdir. Uşaq artıq böyüdüyündən sağlamlığı, təhsili və şəxsi inkişafı üçün xeyli sayda xərcləri də artmışdır. O isə artıq bütün bunları qarşılamaqda çətinlik çəkir. Uşağın atası olaraq dövlətin uşaqlar üçün müəyyən etdiyi minimum aliment miqdarı cavabdehdən tutulmalıdır. 2025-ci ildən etibarən ölkə üzrə yaşayış minimumu əhalinin xərcləri çoxaldığından qalxacaqdır. Bütün bunlar nəzərə alınaraq aliment miqdarının 250 manat müəyyən edilməsini xahiş edir. Göstərilənlərə əsasən iddia təmin olumalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan doğum haqqıında AZ-İV 473508 saylı şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X5 adlı uşaq doğulmuşdur. İşdə olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(056)-582/2014 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, tərəflər arasında olan nikahın pozulması, 07 oktyabr 2011-ci ildə doğulmuş X5 adlı uşağın anası X2 yanında qalmaqla, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 iyul 2014-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 80 manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi qət edilmişdir. İşdə olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(056)-123/2015 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, həmin məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və xx.xx.2011-ci ildə anadan olmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay, Cavabdeh 100 manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı Qərarının 8.4-3-cü bəndində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Zəhra adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. İddia ərizəsindən görünür ki, bu zaman İddiaçı yalnız ölkə üzrə uşaqlara görə yaşayış minimumunun artmasına əsaslanmış (minimum əmək haqqı məbləğinin artımına deyil), cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olması barədə ərizəsinə hər hansı mötəbər sübut əlavə etməmişdir. Buna görə də məhkəmə yuxarıda qeyd edilən normalara əsaslanaraq hesab edir ki, hazırki iddia təmin olunmamalıdır. Bununla belə, məhkəmə izah edir ki, İddiaçı qət edilmiş aliment məbləğinin indeksasiya edilməsi barədə məhkəməyə ərizə təqdim edə bilər. Göstərilənlərə əsasən, İddiaçı cavabdehin maddi vəziyyətində müsbət dəyişikliklərin olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması barədə onun iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar