Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1500/2025 03.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 3000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh və iddiaçı arasında şifahi razılaşmaya görə iddiaçı xx.xx.2023-ci il tarixli etibarnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 31A ünvanda fərdi yaşayış evini, torpaq sahəsini özəlləşdirməli, cavabdeh tərəfindən öhdəlikləri yerinə yetirildikdən sonra isə iddiaçıya 3000 manat zəhmət haqqı ödənilməli idi. İddiaçı öz öhdəliklərini icra etməsinə baxmayaraq, cavabdeh şifahi razılaşmanı pozaraq 3000 manat məbləğində pulu ödəməkdən imtina etmişdir. İddiaçı tərəfindən məsələ ilə bağlı polisə müraciət də edilməsinə baxmayaraq, cavabdeh pulu ödəməmiş, lakin ödəməkdən imtina da etməmiş, sadəcə onu aldadaraq bu günə kimi ödəniş etməkdən boyun qaçırmışdır. Sözügedən şifahi razılaşma olan zamanı zamin durmuş Lətafət xanım (əlaqə nömrəsi: ***-***-**-**) və cavabdehin bacısı X4 (əlaqə nömrəsi: ***-***-**-**, ***-***-**-**) polis orqanına dəvət olunmuş və izahatlarında iddiaçının adına olan kartın nömrəsini alaraq ödəniş etməyə qısa müddətdə hazır olduqlarını bildirmiş, sonradan isə onun telefon zənglərinə cavab verməmişlər. Adıçəkilən şəxslər vətəndaşların əmlaklarını adlarına keçirdərək faizə pul verməklə məşğuldurlar. Artıq 1 ildən artıqdır ki, o, borcunun qaytarılması üçün əziyyət çəkdikdən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehlə aralarında müəyyən hərəkətləri etmək müqabilində 3000 manat zəhmət haqqı verməklə bağlı şifahi razılaşma bağlayarkən 3 şəxs - X2, cavabdeh və bacısı X4 da orada olmuşlar. Əvvəl iddiaçıya 10000 manat pul atmağı təklif etmələrinə baxmayaraq, hazırda 3000 manat pulun çox olduğunu bildirirlər. Həmçinin qeyd etmişdir ki, adıçəkilən 3 şəxs pulu ödəmək üçün ondan kart hesabı istəmiş, lakin hazırda həmin kart hesabını işlətmir deyə təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini qeyd edərək izahatında bildirmişdir ki, onunla iddiaçı arasında pul ödənilməsi ilə bağlı hər hansı şifahi razılaşma olmamışdır. Bütün danışıqlar onun bacısı Günellə iddiaçı arasında olmuşdur. Odur ki, iddia tələbi ona aid olmadığından təmin edilməməsini xahiş etmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, 1998-ci ildən maklerliklə, yəni ev alqı-satqısı ilə məşğul olaraq bunun üçün dövlətə vergi ödəyir. Uzun müddətdir ki, iddiaçı və onun ailə üzvləri ilə tanışdır. Belə ki, həm iddiaçı, həm də o maklerliklə məşğul olur. Cavabdehi isə şəxsən tanımır, cavabdehin bacısı Günel Hüseynovanı bu məsələdən sonra tanımışdır. Bir gün Hüseynova Günel ona zəng edərək bacısının adına olan evi satmaq istədiyini bildirmiş, o da öz növbəsində İddiaçı nömrəsini verərək iddiaçı və cavabdehin bacısını əlaqələndirmiş, başqa heç bir prosesdə iştirak etməmişdir. Daha sonra ona polisdən torpağı özəlləşdirib pulunu verməməsi ilə bağlı barəsində şikayət daxil olduğuna dair zəng gəlmişdir. Polis bölməsində izahat verərək məsələnin onunla heç bir aidiyyəti olmadığını bildirmişdir. Bundan sonra onu 14-cü polis bölməsinə çağırıb haqsız yerə təhdid və təhqir edərək Günel Hüseynovanın 5000 manat, onun isə 2000 manat ödənilməli borcu olduğunu bildirmişlər. İddiaçı onu daim polisə şikayət edərək ondan əl çəkmədiyi üçün sonda bezərək “Güneldən xahiş edərəm, əgər aranızda pul söhbəti olubsa, ödəyər, pulu verməyə çalışar” demişdir. Günel Hüseynovanın torpaq üçün çıxarış alarkən 500 manat ödəməsi barədə məlumatı olduğunu, 3000 manat və ya digər məsələlərə isə aidiyyəti olmadığını bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, bacısı Cavabdeh adına olan evi sataraq Orucov Bəxtiyar adlı şəxsin adına keçirmək niyyətində idi. Bununla bağlı Lətafət adlı maklerlə əlaqə saxlamış, lakin ona evin əvvəlki sənədi dövlət istifadəsində olduğundan, bu baxımdan evin sənədlərinin düzgün olmadığından satılmasının mümkün olmadığı bildirilmişdir. Daha sonra bu məsələ ilə bağlı köməklik göstərməsi üçün Lətafət Əminova onunla iddiaçını tanış etmiş, iddiaçı sənəd məsələlərində onlara köməklik göstərəcəyini vəd etmiş, lakin müqabilində 3000 manat istəyəcəyini qeyd etməmiş, aralarında pulla bağlı heç bir söhbət keçməmişdir, onlar 3000 manat ödəmək iqtidarında belə olmamışlar. Evə baxış keçirildikdən sonra çıxarış təqdim edilməsinin mümkün olduğu bildirilmiş, sadəcə 500 manat dövlət rüsumu ödəyərək çıxarışı əldə etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əlində sübut yoxdur, bacısı (cavabdeh) isə bu şəxsləri, ümumiyyətlə, tanımır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 31A ünvanda yerləşən ümumi sahəsi 73.54 ha olan bağ evi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2023-cü il tarixdə **********90-11301 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. - xx.xx.2023-cü il tarixli, ƏN-İ № 994610 nömrəli etibarnamə əsasında Cavabdeh İddiaçı onu Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin müvafiq Ərazi İdarələrində, “ASAN Xidmət” Mərkəzlərində, “DOST” Mərkəzlərində, “ASAN Kommunal” Mərkəzlərində, Daxili İşlər Nazirliyində, Xarici İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda, İcra Hakimiyyətlərində, X1, Kooperativ və İctimai təşkilatlarda, arxiv idarələrində, səfirliklərdə, konsulluqlarda bütün təhsil müəssisələrində, MİS-də, "xxxx" ASC-də, “Azəriqaz” İB-də, "xxxx" ASC-də, "xxxx" MMC-də, telefon qovşaqlarında təmsil etməyi, adından ərizə ilə müraciət etməyi, ona məxsus sənədləri təhvil verməyi və ya almağı, təkrarını (dublikatını) almağı, lazımi sənədləri təqdim etməyi, adından sənədlərdə imza etməyi, adına zəruri xətlər çəkdirməyi, istənilən əməliyyatları aparmağı, nümayəndəsi olmağı, yeni sayğacların quraşdırılması, kodları digər şəxsin adına keçirməyi, çıxarış və arayışı, yüklülüyə dair arayış (Forma 1), texniki pasport almağı, bölgü sxemlərinin təsdiq edilməsi, istənilən sistemləri çəkdirməyi, arayışların alınması, notariat ofisində onun adından ərizə verməyi, rüsum və xərcləri ödəməyi və bununla əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi 14-cü polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3/2-M-16533 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə daxil olmuş müraciətinə baxılaraq müraciətində göstərilən xüsusatların mülki xarakterli olmaqla, hər hansı cinayət hadisəsi qeydə alınmadığından icraatın dayandırıldığı bildirilmiş, aidiyyəti məhkəmə orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə işin araşdırılan hallarından müəyyən edir ki, iddiaçı cavabdehlə aralarında 3000 manat zəhmət haqqı müqabilində sənədləşmə işlərində köməklik göstərilməsinə dair şifahi razılaşma olduğunu, tərəfindən həmin şifahi razılaşma əsasında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini, lakin cavabdeh tərəfindən razılaşdırılmış məbləğin ona ödənilməməsini irəli sürərək həmin pul məbləğini məhkəmə qaydasında tələb etmişdir. Cavabdeh isə sadəcə evin onun adına olmasını, ümumiyyətlə, bu məsələlərdə bacısının iştirak etdiyini, iddiaçının bacısı ilə söhbətində onlara evin sənədləşməsinə dair köməklik göstərəcəyini bildirdiyini, pul ilə bağlı hər hansı bir söhbətin aparılmadığını, o cümlədən, iddiaçının bəhs etdiyi şifahi razılaşmadan xəbəri olmadığını qeyd etmişdir. Tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, tərəflər arasında hər hansı öhdəlik münasibətləri yaranmamışdır. Belə ki, Cavabdeh İddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, bu barədə hər hansı əqd bağlanmamışdır. İddiaçı tələb edilən pul məbləğinin tərəflər arasında bağlanmış şifahi razılaşma əsasında yarandığını iddia etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi həmin halı sübuta yetirən təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1. maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2. maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmədiyindən, bu baxımdan tərəflər arasında öhdəlik yaranmadığından, İddiaçı Cavabdeh qarşı pulun tutulması barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Həmçinin, 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mirnəsir Mirhəsənli