Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1504/2023 17.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3300 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 53 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh ondan xx.xx.2022-ci ildə 3300 manat pul götürmüşdür. Aralarındakı razılaşmaya görə cavabdeh ona xx.xx.2023-cü il tarixədək hər ay 300 manat verməlidir. Cavabdeh öhdəliyini yerinə yetirmədiyindən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O bildirdi ki, cavabdeh ondan 2 dəfəyə cəmi 3000 manat borc almışdır. Əslində həmin borcun 1500 manat hissəsi sadə qəbzlə, 1500 manat isə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ilə verilib. Kredit müqaviləsi üzrə öhdəlik tam yerinə yetirilsə də, qəbzlə verilən borc hələ tam ödənilməyib. Cavabdehin ona iddia ərizəsində göstərilən məbləğdə borcu vardır. 3300 manatdan cavabdeh sadəcə 300 manatı qaytarmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı 1200 manat hissədə qəbul etdi. O bildirdi ki, İddiaçı qəbzlə alınan 1500 manat pulun 300 manatını qaytarmışdır və hazırda onun cəmi 1200 manat borcu qalıb. İddiaçı borcu ona faiz tətbiq edərək vermişdir. Məhkəmə iclasında şahid X1 göstərdi ki, cavabdeh onun qonşusu olub və iddiaçını onun vasitəsilə tanımışdır. O da iddiaçıdan borca pul almışdır. İddiaçı borcu faiz tətbiq etməklə verir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, Cavabdeh 2022-ci ildə İddiaçı sadə yazılı qəbzlə ümumilikdə 1500 manat məbləğində borc pul götürmüş və bu günə qədər həmin borcdan 1200 manat məbləğini qaytarmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əlyazma nümunəsindən görünür ki, Cavabdeh İddiaçı aldığı 1500 manatı xx.xx.2023-cü ilədək ayda 300 manat olmaqla qaytaracağını qeyd etmişdir. Bütün bunları isə özünün yazdığını qeyd edərək, öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixədək Cavabdeh faizsiz 2280 manat borc vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə tərəflərin izahatlarını, cavabdehin iddianı qismən etirafını və işin konkret hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh aralarındakı razılığa əsasən xx.xx.2023cü il tarixədək ayda 300 manat ödəmək şərtilə İddiaçı cəmi 1500 manat məbləğində pul almış, bunun 300 manatını ödəmiş, lakin qalan 1200 manat borcu ödəməmişdir. İddiaçı cavabdehin ümumilikdə 3300 manat borclu olmasını iddia etsə də, məhkəmə iclasında bu dəlilini sübut edə bilməmişdir. Belə ki, İddiaçı tələbini xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli qəbzlə əsaslandırsa da, məhkəmə iclasında bildirmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcunu tam qaytarmış, qəbzlə verilən puldan isə sadəcə 300 manat vəsait ödəmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin hazırki mübahisəyə aidiyyəti yoxdur və hazırda tələb edilən borc xx.xx.2022-ci il tarixli qəbzə əsasən yaranmışdır. Tərəflərin izahatları ilə müəyyən olunur ki, bu qəbzlə verilən 1500 manat pulun 300 manatı qaytarılmış, 1200 manatı isə qaytarılmamışdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarını, cavabdehin iddianı qismən etirafını və işin konkret hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh 1200 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddia tələbi sübuta yetdiyi və təsdiq olunduğu üçün təmin edilməlidir. Qalan hissədə isə iddianın əsası kimi istinad edilən hallar sübut edilə bilinmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh İddiaçı xeyrinə 1200 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1200 manat və ödənilmiş dövlət rüsumuna görə 32 manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1504/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1504/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver