Məhkəmə qərarları › İş №2(012)-1509/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1509/2023

31.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1509/2023 31.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı cinayət hadisəsinin yenidən düzgün araşdırılması və dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı cinayət hadisəsinin yenidən düzgün araşdırılması və dəymiş ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Zamiq Mustafayevin baş vermiş oğurluq hadisəsini yenidən düzgün araşdırması və ona dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq adlanan yaşayış massivində daş divarla əhatələnmiş torpaq sahəsi vardır. Həmin sahədə 2 dəfəyə 1100 ədəd, 1 ci dəfə 800 ədəd , 2 ci dəfə isə 300 ədəd daş oğurlanmışdır. Bu oğurluqlarla bağlı o, Abşeron rayon Polis İdarəsinə, həm 102 polis xidmətinə 2 dəfə, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə müraciət etmişdir. Abşeron rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Zamiq Mustafayev qəsdən hər iki oğurluğu araşdırmayıb, yalnız 400 daşın oğurlanma halını araşdırmış və ona dəyən ziyanın 500 manatdan az olduğunu iddia edərək cinayət işini açmaqdan imtina etmişdir. O, verdiyi qərarda talanmış əmlakın dəyərinin yalandan 120 manat olduğunu qeyd edərək, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsini nəzərdə tutaraq hadisəni xırda talama kimi qiymətləndirmişdir. Ona 1000 manatdan artıq zərər dəyməsinə baxmayaraq cinayət işi açılmamış, baş vermiş oğurluq hadisəsi düzgün araşdırılmamışdır. Bu oğurluq hadisəsi zamanı ona dəyən ziyan 1000 manatdan artıq olmuşdur. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, Cəfərov X1 rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından narazıdır. Qanunvericilik təhqiqatçının cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq orqanlara şikayət vermək hüququnu müəyyən edir, lakin bu hüquq mülki məhkəmə icraatı vasitəsilə deyil, cinayət məhkəmə icraatı qaydasında həyata keçirilir. Belə olan halda İddiaçı Abşeron rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının qanunsuzluğuna istinad etməklə məhkəmədə hazırki iddianı qaldırması qüvvədə olan prosessual qanunvericiliyə görə yolverilməzdir və məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi məhkəmədə baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı cinayət hadisəsinin yenidən düzgün araşdırılması və dəymiş ziyanın ödənilməsi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar