Məhkəmə qərarları › İş №2(012)-1513/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1513/2022

06.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1513/2022 06.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi, avtomobilə görə çəkilən xərclərin, hüquqi yardıma görə ödənilmiş vəsaitin və əldən çıxmış faydanın qaytarılması tələbinə dair mülki işə 06 aprel 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi, avtomobilə görə çəkilən xərclərin, hüquqi yardıma görə ödənilmiş vəsaitin və əldən çıxmış faydanın qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, “Mercedes C- 180” markalı, **-ZY-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin satışına görə ödənilmiş 8550 manat, avtomobilin sazlaşdırılmasına görə xərclənən 1200 manat, hüquqi yardım üçün vəkilə ödənilən 461 manat pulun, onun əldə edəcəyi 2400 manat gəlirin (əldən çıxmış faydanın), məhkəmə üçün ödənilən 130 manat və 13 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 12754 manat pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci il iyun ayının əvvəllərində avtomobil alış-satış elanları olan “Turbo.Az” saytında Cavabdeh1 tərəfindən satışa qoyulmuş “Mercedes C-180” markalı, **-ZY-*** dövlət nömrə nişanlı minik avtomobilini satan ***-***- **-** telefon nömrəsinə zəng edərək satdığı “Mercedes C-180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin son qiymətini öyrənmişdir. Avtomobili satan Cavabdeh1lə 8550 manata razılaşdıqdan sonra görüşməyi qərara almışdır. Cavabdeh1 ona bildirmişdir ki, maşını həqiqətən almaq istəyirsə, pulunu gətirdikdən sonra Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin həyətində fəaliyyət göstərən 48 saylı notariusda alqı-satqı edəcəklər. Cavabdeh1lə razılaşdıqları kimi 09 iyun 2021-ci il tarixdə 48 saylı notariat ofisinin həyətində görüşmüş, 8550 manat pulu Cavabdeh1 vermiş, o isə maşının alqısatqısı üçün ona baş etibarnamə vermişdir. İddiaçı bildirmişdir ki, maşını alqı-satqı etmək üçün pulu yoxdur, sonradan sənədləşmədə bir problem olmayacaq. Avtomobilin ilkin sahibi Elçin müəllimə maşının pulunu verərək almışdır və buna görə heç bir problem yoxdur. Ona bildirilmişdir ki, aldığı vaxtdan bir il müddətinə nə vaxt istəsə, alqı-satqı edə bilər. Taleh ona satdığı avtomobilə dair əmlakı bağışlamaq, ipoteka qoymaq, ona dair sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini verərək onu tam əmin etmişdir. Düşünmüşdür ki, taksi fəaliyyəti ilə məşğul olar, pul topladıqdan sonra bir il müddətədək avtomaşının alqı-satqısını edər. Verilən səlahiyyətlərə görə o, tam arxayın olmuşdur. Bu səlahiyyətlər avtomobilin dəyərini alaraq Talehə satan Cavabdeh2 tərəfindən Talehə verilmişdir. Avtomaşını idarə edən zaman dövlət yol polisi tərəfindən saxlanılmış, avtomobilin ilkin sahibi Cavabdeh2 tərəfindən pul vəsaiti verərək Cavabdeh1 aldığı avtomobilin idarə edilməsinə qadağa qoyulması, yəni baş etibarnamənin ləğv edilməsi barədə ona məlumat verilmişdir. Bu zaman Cavabdeh1 zəng edərək hadisə barədə danışmış və avtomobilə görə ödənilmiş pulunu geri tələb etmişdir. Taleh bildirmişdir ki, o, maşını Rəşad adlı şəxsdən Cavabdeh2 pul verilməsi və Cavabdeh2 baş etibarnamə verməsi nəticəsində almışdır, onun mobil telefon nömrəsi ***- ***-**-**-dür, inanmırsa, Rəşada zəng vuraraq bunu soruşa bilər. O, Rəşada zəng etmiş, Rəşad bildirmişdir ki, avtomaşının sahibi Cavabdeh2dur, avtomaşının satışını ona həvalə etmiş, baş etibarnamə ilə o, avtomaşını satıb pulunu Cavabdeh2 vermişdir. Hazırda Cavabdeh2la aralarında söz-söhbət var, amma avtomaşının pulunun hamısını Cavabdeh2 vermişdir. Rəşadla söhbətdən sonra anası ilə birlikdə Cavabdeh2la görüşmüş, Cavabdeh2 bildirmişdir ki, əslinə qalanda həmin avtomaşın ona lazım deyil, Rəşad ona torpaq alqısatqısı ilə əlaqədar kələk gəldiyinə görə Rəşada bu cür təzyiq etmək istəyir ki, Rəşad torpaq alqı-satqısında ona borclu olduğu pulları qaytarsın. Bütün bunlar nəticəsində o, taksi fəaliyyəti ilə məşğul ola bilməmiş, aylıq 800 manat gəlirdən artıq 3 aydır ki, məhrum olmuşdur. O, alqı-satqı müqaviləsi bağlamasa da, maşının dəyəri kimi 8550 manat pulu razılaşma əsasında tam ödəmişdir. Hazırda cavabdehlər bu cür hərəkətlər edərək ona kələk gəlirlər. Cavabdehlər təsdiq edirlər ki, avtomaşının pulu verilib, yalnız bu şəxslərin aralarında başqa işlərə görə pozuntu olub. Binəqədi rayon 6-cı Polis Bölməsində izahat verən şəxs həqiqətən qeyd edilən minik avtomaşınını ona 8550 manat müqabilində satdığı barədə izahat verib. Cavabdeh2 öz yaxını hesab etdiyi Rəşad adlı şəxsə etibarnamə verib ki, ona məxsus “Mercedes C-180” markalı, **-ZY-*** dövlət qeydiyyat nömrəli minik avtomaşınını satsın, Rəşad həmin avtomaşını sataraq pulunu avtomaşının sahibi Cavabdeh2 vermiş, avtomaşının etibarnamə üzrə sahibi, avtomaşının dəyərini razılaşma əsasında ilkin sahib Cavabdeh2 vermiş şəxs Cavabdeh1 avtomaşının üzərinə əlavə vəsait qoyaraq avtomaşını aldığı qiymətdən baha qiymətə ona satmışdır. Hadisələrin gedişindən də görünür ki, tərəflər arasında müqavilə əsasında alqı-satqı faktiki etibarnamə əsasında baş verərək sahiblər dəyişdirilmişdir. Sonda avtomaşının ilkin sahibi Cavabdeh2 öz dediklərinə əməl etməyərək pulunu aldığı avtomaşına verdiyi etibarnaməni əsassız olaraq ləğv etdirərək, hazırki mübahisənin yaranmasına səbəb olmuşdur. Avtomobili ilk etibarnamə ilə alan şəxs Cavabdeh1 Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində verdiyi izahata və avtomobili Talehə satan Rəşadın bildirmələrinə görə avtomobilin dəyərini onun ilkin sahibi Cavabdeh2 almışdır. Cavabdeh2 özü də onlarla danışığında deyilənləri etiraf etmiş və bildirmişdir ki, həmin avtomobilin pulunu almış, lakin ilkin etibarnamə verdiyi Rəşad onu torpaq alqı-satqısında aldatmış, 5000 manat pulunu mənimsəmişdir. Bu məsələnin isə iddiaçıya heç bir aidiyyəti yoxdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı, həmçinin onun vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, o, sözügedən avtomobilin müqabilində 8550 manat məbləğində pulu İddiaçı almış, Rəşad adlı şəxs vasitəsilə Cavabdeh2 vermişdir. Cavabdeh2 Rəşadın ona torpaq alqısatqısı ilə bağlı borcu olduğunu əsas gətirərək avtomobili təhvil vermir. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iclasın onun iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməməsini xahiş etmiş, iddiaya etiraz edərək bildirmişdir ki, iddia tələbi ona dair hissədə əsassızdır. Belə ki, 01.04.2021-ci il tarixində Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh1 reyestrdə 7E-3470 nömrəsi ilə qeyd olunmuş etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Cavabdeh1 “Mercedes C-180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ("Elektron notariat" X2 qeydiyyat tarixi: 09.06.2021, reyestr nömrəsi: 16482) ilə İddiaçı istifadəsinə vermişdir. 07.10.2021-ci il tarixində Bakı şəhəri 51 saylı notariat ofisinə reyestrdə 7E-3470 nömrəsi ilə qeyd olunmuş Cavabdeh1 verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə ərizə ünvanlamışdı. Ərizə informasiya sisteminə daxil edilmiş və reyestrdə 8İ-9657 nömrə ilə qeyd edilmişdir. “Mercedes C-180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətindədir və nəqliyyat vasitəsinin əvəzində heç kimdən heç bir vəsait əldə etməmişdir. Hal-hazırda mülkiyyətində olan nəqliyyat vasitəsi İddiaçı qanunsuz sahibliyində olduğundan nəqliyyat vasitəsindən istifadə edə bilmir. Bu barədə ayrıca iddia ərizəsi ilə yaxın vaxtda məhkəməyə müraciət edəcəkdir, çünki İddiaçı tərəfindən ona hər hansı vəsait ödənilməmiş və ona heç bir əmlak satmamışdır. Bu halda isə mülkiyyətindən onu qanunsuz olaraq məhrum etməklə yanaşı, ondan əlavə pul tələb edilməsi qanunsuzdur. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 göstərdi ki, iddiaçını tanıyır, Cavabdeh1 isə dostudur. Mübahisəli avtomobili Cavabdeh1 8200 manat müqabilində əldə etmiş, lakin sonradan onu iddiaçıya etibarnamə əsasında satmışdır. Bunun üçün iddiaçı Cavabdeh1 8550 manat pul vermiş, maşını etibarnamə əsasında əldə etmişdir. Lakin bundan bir neçə ay sonra maşınla bağlı onların arasında mübahisə yaranmışdır. Mübahisənin yaranmasına səbəb maşının sahibi olan Cavabdeh2 Cavabdeh1 verdiyi etibarnaməni ləğv etdirməsidir. Mülki işin materiallarından olan "Elektron notariat" X1 çıxarışdan görünür ki, 09.06.2021-ci il tarixdə Bakı şəhəri 48 saylı Notariat Ofisində mülkiyyətçi Cavabdeh2 adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 “Mercedes C-180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək barədə İddiaçı səlahiyyətlər vermişdir. İşdə olan Cavabdeh2 tərəfindən Bakı şəhəri 51 saylı Notariat Ofisinə verdiyi 07 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, o, Cavabdeh1 verdiyi reyestrdə 7E-3470 nömrə ilə qeyd olunmuş etibarnamənin ləğv edilməsini xahiş etmişdir. İşdə olan Binəqədi RYPİ 6-cı Polis Şöbəsinin 15.12.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh1 barəsində etdiyi şikayət əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərardan görünür ki, aparılmış araşdırma nəticəsində hər iki şəxs izahat vermişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, “Mercedes C-180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 olmuşdur və o, bu avtomobil barədə bəzi səlahiyyətləri Bakı şəhəri 51 saylı Notariat Ofisində reyestrdə 7E-3470 nömrə ilə qeyd olunmuş etibarnamə əsasında Cavabdeh1 vermişdir. Cavabdeh1 isə bu səlahiyyətlərdən istifadə edərək, 09.06.2021-ci il tarixdə Bakı şəhəri 48 saylı Notariat Ofisində mülkiyyətçi Cavabdeh2 adından etibarnamə əsasında çıxış edərək “Mercedes C-180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək barədə İddiaçı səlahiyyətlər vermişdir. Bu zaman İddiaçı Cavabdeh1 8550 manat pul ödəmişdir. Bu fakt onun Bakı şəhəri Binəqədi RYPİ 6-cı Polis Şöbəsində verdiyi izahatla təsdiq olunur. Belə ki, İddiaçı Cavabdeh1 barəsində etdiyi şikayət əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd olunması barədə 15.12.2021-ci il tarixli qərardan görünür ki, mübahisəli avtomobilə dair etibarnamə verilərkən Cavabdeh1 09.06.2021-ci il tarixdə ondan nağd şəkildə 8550 manat pul almışdır. İşdən görünür ki, avtomobilin mülkiyyətçisi Cavabdeh2 sonradan, yəni 07 oktyabr 2021-ci il tarixdə Cavabdeh1 verdiyi etibarnaməni ləğv etdirmiş, bundan sonra isə həmin etibarnamədən sonra verilmiş etibarnamələr də ləğv olunduğundan avtomobili İddiaçı idarə edə bilməmiş, yəni hazırda mübahisəli avtomobilin iddiaçı tərəfindən idarə olunmasına heç bir hüquqi əsas qalmamışdır. Başqa sözlə, avtomobilə görə iddiaçı tərəfindən verilmiş vəsaitlə Cavabdeh1 əsassız varlanmış, İddiaçı maddi ziyan dəymişdir. MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə görə səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Həmin Məcəllənin 366-cı maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5-ci və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, işdə olan mötəbər sənədlərlə və Cavabdeh1 iddianı etirafa dair ərizəsi ilə onun mübahisəli avtomobilə görə əsassız olaraq 8550 manat varlanması öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, həmin məbləğ Cavabdeh1 tutularaq İddiaçı qaytarılmalıdır. İddia tələbinin Cavabdeh2 dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli avtomobilin əldə edilməsi üçün iddiaçı bütün əməliyyatları Cavabdeh1lə apardığından və Cavabdeh2 iddia tələbini qəbul etmədiyindən o, iddiaçı qarşısında maddi məsuliyyət daşımır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Əldən çıxmış fayda kimi 2400 manat və avtomobilin sazlaşdırılmasına görə xərclənmiş 1200 manat pulun tutulması barədə tələbə gəldikdə isə məhkəmə hesab edir ki, İddiaçı bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir və iddia bu hissələrdə təmin edilə bilməz. İş materiallarında iddiaçının 1 ay ərzində 800 manat gəlir əldə etməsini, buna görə də 3 ay ərzində 2400 manat faydadan məhrum olmasını, həmçinin avtomobilin təmiri üçün 1200 manat pul xərclənməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. İşdən, həmçinin görünür ki, İddiaçı hazırki iddia ilə müraciət edərkən hüquqi yardıma görə vəkilin hesabına 461 manat pul ödəmişdir və həmin məbləğin cavabdehlərdən tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 300 manat hissəsi də Cavabdeh1 tutularaq iddiaçıya qaytarılmalıdır. MPM-nin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 maddi ziyana görə 8550 manat və hüquqi yardıma görə 300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 143 manat məbləğində pul vəsaitinin 100 manat məbləğində hissəsi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 maddi ziyana görə 8550 manat, hüquqi yardıma görə 300 manat və ödənilmiş dövlət rüsumu üçün 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar