Məhkəmə qərarları › İş №2(012)-1534/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1534/2022

30.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1534/2022 30.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 30 mart 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 25.07.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 90 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 15.08.2015-ci il tarixli 2(056)-1085/2015 saylı icra sənədinə əsasən, 25.07.2012-ci ildə anadan olmuş övladı Uğur Kərimlinin yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh 22.05.2015-ci il tarixindən başlayaraq, hər ay 90 manat sabit pul məbləğində alimentin tutulub, ona ödənilməsi qət edilmişdir. Hazırda övladının 10 yaşı var. Övladı üç yaşından bəri allergik rinit, asmatik bronxit və astiqmatizm xəstəliyindən əziyyət çəkir. İldə bir neçə dəfə fəsillə əlaqəli olaraq astması tutur, lakin ona lazım olan hormonal dərmanlar baha olduğu üçün ala bilmir. Müalicəni mütəmadi davam etdirmək olmur. Xəstəliyi və pandemiya ilə bağlı olaraq dərslərindən geri qaldığı üçün müəllim yanına gedir. Qət edilən 90 manat övladının maddi ehtiyaclarını ödəmir. Özü isə hazırda işləmir. Buna görə də alimentin miqdarı artırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh bildirdi ki, hazırda işləmir. İkinci dəfə nikaha girmişdir və onun bu nikahdan da 1 uşağı vardır. İddiaçının iddia tələbində göstərdiyi məbləği ödəmək imkanı xaricindədir. İddia tələbini qismən qəbul edir və alimentin iddia tələbində qeyd edilən məbləğinin azaldılaraq tutulmasına dair qətnamə qəbul edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 2(056)-1085/2015 saylı, 25 avqust 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, 25.07.2012-ci ildə anadan olmuş Uğur Kərimlinin saxlanılması üçün Cavabdeh 22.05.2015-ci il tarixindən başlayaraq, hər ay 90 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. İş materiallarında olan 6 saylı DOST Mərkəzinin 28 fevral 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh işləmir. İş materiallarında olan AZE 11131172 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Kərimli Onurun atası Cavabdeh, anası isə Eltəkin Cavadovadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşaqların valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Qeyd olunan Plenum qərarının 8.7-ci bəndində göstərilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 8.12-ci bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Məhkəmə hesab edir ki, hazırki halda müəyyən ediləcək alimentin məbləği ağlabatan, uşağın əvvəlki yaşayış səviyyəsinin maksimal saxlanması, onun təhsil xərclərinin ödənilməsi prinsipi nəzərə alınmaqla və tərəfin ödəyə biləcəyi məbləğdə müəyyən olmalıdır. Bu məbləğ müəyyən edilərkən iddiaçının və cavabdehin mənafeləri, onların ailə vəziyyətləri, maddi durumları, himayələrində köməyə ehtiyacı olan şəxslərin olub-olmaması, hər iki valideynin maddi vəziyyəti nəzərə alınmalıdır. İşdən görünür ki, tərəflərin birgə nikahından doğulmuş azyaşlı Uğurun saxlanılması üçün vaxtilə qət edilmiş alimentin məbləği onun maddi tələbatlarının ödənilməsi üçün yetərli deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı alimentin miqdarının artırılması barədə iddia əsaslıdır. Bununla belə, məhkəmə cavabdehin ikinci dəfə nikaha girməsini və bu nikahdan da 1 uşağının olmasını nəzərə alaraq alimentin hazırki mərhələdə 150 manat sabit məbləğdə müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı artırılmalı və bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 25.07.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1085/2015 saylı, 23 iyun 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə 25.07.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar